hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Prezidentin tapşırığından sonra: Nazirlik hansı işləri görəcək?

Prezidentin tapşırığından sonra: Nazirlik hansı işləri görəcək?

“İndi 2020-ci il başlayıb, uğurla başlayıb. Deyə bilərəm ki, bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə imzalanıb, icra müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin”. 

Bunu 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezideneti İlham Əliyev bildirib. 

Maraqlıdır, Energetika Nazirliyi bu istiqamətdə hansı tədbirləri həyata keçirməyi planlanlaşdırır? 

Cebhe.info-ya açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bərpa olunan enerji mənbələrindən istifadə edilməsi haqqında yeni qanun layihəsinin qəbul olunacağını və hərraclar keçiriləcəyini deyib:

“Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl investisiyanın cəlb edilməsilə əlaqədar olaraq bir il ərzində 9 beynəlxalq şirkətlə sənədlər, anlaşma memorandumları imzalanıb. Bunlar çox böyük beynəlxalq enerji şirkətləridir. Bunların içində “BP”, “ACWA Power”, “Masdar”, “Total Eren” və başqa şirkətlər var. Bu şirkətlərlə müzakirələr aparılıb və onlara bərpa olunan enerji mənbələri üzrə layihələrin həyata keçirilməsilə əlaqədar təkliflərini təqdim etmək üçün müraciət olunub. Həmin şirkətlərin təqdim etdiyi təkliflər 3 mərhələdə dəyərləndirilib. Ən uyğun təklifləri təqdim edən şirkətlər kimi Səudiyyə Ərəbistan Krallığının “Acwa Power” şirkəti və BƏƏ-nin “Masdar” şirkəti seçildi və onlarla əməkdaşlığın davam etdirilməsinə qərar verilib. Yanvarın 9-da 240 meqavat gücündə külək enerjisi üzrə “Acwa Power” şirkətilə, 200 meqavat gücündə isə “Masdar” şirkətilə icra müqaviləsi imzalanıb. İcra müqaviləsi o deməkdir ki, artıq biz bu şirkətlərlə işə başlayırıq. Prezidentin də pilot layihələrlə əlaqədar məlum sərəncamına əsasən, enerjinin satın alınması, torpaqların icarə müqaviləsi, zəmanətlərin verilməsi ilə bağlı müqavilələr hazırlanıb imzalandıqdan sonra layihələr üzrə işlərə başlanılacaq. Yəni söhbət tikinti işlərinin başlanmasından gedir. Burada əsas məqsəd odur ki, elektrik enerjisinin istehsalında şaxələnmə bərpa olunan enerji mənbələri hesabına həyata keçirilsin. İndiyədək bərpa olunan enerji sahəsi dövlət investisiyası hesabına inkişaf etdirilirdisə, indi artıq xarici investorlar iştirak edir. Bu Azərbaycan üçün ilk təcrübədir. Ona görə də biz 440 meqavat gücündəki layihələri pilot layihələr adlandırırıq. Bu pilot layihələr digər şirkətlər üçün də yol açır. Bu Azərbaycanda investisiya mühitinin yaradılmasını və yatırılan investisiyalara təminat verilməsini göstərən bir nümunədir”. 

Zəminə Əliyeva deyib ki, hazırda bərpa olunan enerji mənbələrindən istifadə edilməsi haqqında yeni qanun layihəsi üzərində ciddi iş aparılır:

“Qanun qəbul edildikdən sonra biz hərracların keçirilməsini planlaşdırırıq. Bütün şirkətlərə də hərracların keçiriləcəyi barədə məlumat verilib. Həmin şirkətlər də hərraca qatılıb Azərbaycanda bərpa olunan enerji layihələrinin həyata keçirilməsində yaxından iştirak edəcəklər. Artıq bəzi şirkətlər bu məsələdə öz maraqlarını da ifadə ediblər”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 1882