hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Prezidentlərin görüşü: Ukraynaya sülh gətirəcək?

Prezidentlərin görüşü: Ukraynaya sülh gətirəcək?

Rusiya ilə Ukrayna arasında münasibətlər hələ də gərgindir. 

Kremlin Krımı ilhaq etməsi, Donbasda separatçılığa dəstək verməsi münasibətləri daha da pisləşib. Gərginliyin azaldılması, münasibətlərin normal məcraya qaytarılması üçün edilən cəhdlər isə uğursuz nəticələnir. Ukraynanın keçmiş prezident Petro Poroşenkonun zamanında daha da gərginləşən münasibətlərin Vladimir Zelenskinin dövründə düzələcəyinə ümid vardı. 

Amma hələlik münasibətlərdə müsbətə doğru irəliləyiş yoxdur. Ekspertlər Rusiyanın işğal siyasətini Ukraynanın onun orbitindən çıxıb Qərbə yaxınlaşmanın cəzası kimi dəyərləndirirdi. Son məlumatlara görə isə Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında keçiriləcək ilk görüşün vaxtı məlum olub. Prezidentlərin görüşü oktyabr ayına planlaşdırılır.

Məlumata görə, iki ölkə rəhbərinin görüşü sentyabrın 17-də Belarusun paytaxtı Minskdə əlaqə qrupunun görüşünün nəticələrindən asılı olacaq. Belə ki, həmin iclas zamanı Donbas regionunda münaqişə tərəflərinin hərbi güclərinin geri çəkilməsinin razılaşdırılması, həmçinin "Ştaynmayer formulu"nun təsdiqi və imzalanması gözlənilir. Qeyd olunan məsələlər baş tutarsa, Rusiya və Ukrayna liderlərinin oktyabrda "Normand dördlüyü" sammiti çərçivəsində görüş ehtimalı real olacaq.

Maraqlıdır, bu görüş Rusiya-Ukrayna münasibətlərinə nə verəcək?

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində deyib ki, prezidentlərin görüşü münaqişəni həll etməyəcək:

“Rusiya və Ukrayna arasında dərin uçurum var. Zelenski prezident seçildikdən sonra ikitərəfli əlaqələrin normallaşdırılması istiqamətində addımlar atır. Bu əsasən münaqişənin həllinə hesablanıb. Hesab edirəm ki, Ukraynanın hazırkı kursuna görə Rusiya-Ukrayna əlaqələrinin normallaşdırlmasından söhbət gedə bilməz. Sadəcə, bu görüş atəşkəsin qorunmasına və əsirlərin mübadiləsinə gətirib çıxaracaq. Rusiya Krımı geri qaytarmayacaq və Donbas münaqişəsinin həllinə töhfə verməyəcək. Bu münaqişə vasitəsi ilə Ukraynaya və Qərbə təzyiq etməyə çalışacaq. Sadəcə bu münaqişə Rusiyanın hər an əlində Qərblə bazarlıq predmetidir. İki dövlət başçısının görüşü tanışlıq xarakterli olacaq. Zelenski Rusiya ilə düşmənçilik yox, dialoq yolu ilə problemin həllinə çalışacaq. Hesab edirəm ki, Rusiya buna getməyəcək. Bu görüş sadəcə ikitərəli etimadın bərpa olunmasına gətirib çıxaracaq. Bu geosiyasi qarşıdurmadır və tərəflərin görüşü sadəcə itkidən yayınmağa hesablanıb. Həll variantı onda mümkün olacaq ki, Ukrayna Rusiyanın orbitinə qayıtsın”.

Politoloq Əhəd Məmmədli də görüşün iki ölkənin münasibətlərinə təsir etməyəcəyi qənaətindədir. Ə.Məmmədli hesab edir ki, bu, sadəcə tərəflərin daha az itki verməsinə hesablanmış addımdır: 

“Prezidentlərin görüş üçün vaxt təyin olunub. Zelenski onsuz da prezident seçkiləri zamanı rusiyalı həmkarı ilə bağlı görüşün mümkünlüyündən danışırdı. Zelenski ilə Putinin görüşü isə siyasi peşəkarla siyasətə yeni gəlmiş siyasətçinin görüşü təsəvvürü yaradır. Görüşün nəticəsi isə münaqişədə heç nəyi dəyişməyəcək. Çünki Rusiya nə Krımdan, nə də Donbasdan çıxacaq. Bir müddət əvvəl separatçılar Ukrayna hərbçilərinə hücum etdi və Zelenski Putinə müraciət edərək separatçıların hücumlarının qarşısını almaq üçün tapşırıq verməsini xahiş etdi. Bununla da Zelenski əslində göstərdi ki, Ukrayna Rusiya ilə deyil, separatçılarla savaşır. Əslində bir ölkənin prezidenti işğalçı ölkə rəhbərinə “mənim əsgərimi öldürmə” deyə xahiş etməsini doğru saymıram. Zelenskinin prezident edənlər, səs verən Ukrayna xalqı bunu vaxtında düşünməli idi. Görüşün ciddi nəticə verəcəyinə də inanmıram. İndidən məlumdur ki, həmin görüşün bir nömrəsi Putin olacaq. Görüşdə Putin ümumi ifadələrlə başlayıb bitirəcək. Zelenski də, Putin də öz mövqeyində qalacaq. Hesab etmirəm ki, bu görüş Ukrayna-Rusiya münasibətlərində müsbət iqtiqamətə doğru dəyişikliyə səbəb olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1629