hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Professor AMEA rəhbərliyinin “bağ təkzibi”ni DARMADAĞIN ETDİ: “O məktubu şəxsən görmüşəm” - QALMAQAL

Professor AMEA rəhbərliyinin “bağ təkzibi”ni DARMADAĞIN ETDİ: “O məktubu şəxsən görmüşəm” - QALMAQAL

“Ölkə başçısı İlham Əliyevin korrupsiyaya qurşandığı üçün işdən çıxardığı məmurların hamısını Ramiz Mehdiyev indi AMEA-da vəzifələrə təyin edib”.

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun 500-dən çox əməkdaşına verilmiş “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan Xızı rayonu, Yarımca kəndi yaxınlığında yerləşən bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib.

Məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi bağ sahələrinin ləğv edilməsi və müqavilələrin qanunsuz olması ilə bağlı institutlara məktub göndərib. Qeyd olunur ki, bağ sahələrinin əməkdaşların əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdır.

Məsələ ilə bağlı AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini Gülnar Hacıyeva isə mətbuata açıqlamasında yayılan məlumatın “əsassız olduğunu və bu iddianı təsdiq edən heç bir rəsmi sənəd olmadığını” qeyd edib. Bununla belə, AMEA əməkdaşları bu məsələyə dair qurumdan verilən təkzib açıqlamasını yalanlayıblar.

Bağ evi əlindən alınan əməkdaşlardan biri, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev Yenicag.az-a açıqlamasında yayılan məlumata ətraflı münasibət bildirib.

Professor verilmiş bağ evlərinin geri alınması xəbərinin reallığı tamamilə əks etdirdiyini vurğulayaraq, bu barədə göndərilən məktubun fotosunu da təqdim edib:

“Sözügedən bağ sahəsi bizə 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Akif Əlizadə tərəfindən verilib. Torpaq sahəsi veriləndən sonra şəxsən AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları həmin ərazini dəmir çərçivə ilə hasarlayıb, 2019-cu ilin noyabr ayında orada ağaclar əkilib.
Sonuncu dəfə oraya 2020-ci ilin yanvar ayında getmişik.

Sonradan pandemiya dövrü olduğuna görə Xızı rayonuna gedə bilməmişik. Yəni bizə ayrılan torpaq sahəsində müvafiq işlər görülüb. Hazırda həmin torpaqların geri alınması isə böyük çaşqınlıq yaradıb. Əgər o torpaq sahələri bizə qanunsuz şəkildə verilmişdisə, vaxtında qanunsuz olduğu bilinmirdi?

Verilən bağ evlərinin geri alınması ilə bağlı AMEA-nın Azad Həmkarlar İttifaqına göndərilən məktubu şəxsən görmüşəm. Məktubu oxuyanda, məni gülmək tutub. İnsanda bir az məntiq olmalıdır ki, göndərilən məktubun nəyə əsaslandığını qeyd etsin. Yəni verilən bağ evinin geri alınmasının konkret səbəbi izah olunmalıdır.

Ancaq məktubda cəmi üç cümlə var və orada yazılıb ki, bağçılıq-bostançılıq məqsədilə ayrılan 10 sot torpaq sahəsi AMEA-nın daxili Nizamnaməsi ilə ziddiyyət təşkil edir. Nəyə görə ziddiyyət təşkil etdiyi isə açıqlanmayıb. Açığı, biz AMEA-nın daxilindəki qaydaları Ramiz Mehdiyevdən daha yaxşı bilirik. Bizim burada ən azı 25 illik təcrübə və iş stajımız var.

Digər tərəfdən, AMEA hər hansı siyasi təşkilat deyil ki, burada siyasi strukturlardan söhbət getsin. AMEA-da əməkdaşlar sırf elmlə məşğul olmalıdırlar. Bu nöqteyi-nəzərdən Ramiz Mehdiyev AMEA-ya gələndən sonra praktik elmlə məşğul olan 4-5 akademiki Akademiyadan didərgin salmaqla məşğuldurlar. Başqa işləri-gücləri yoxdur.

Çox qəribədir ki, ölkə başçısı İlham Əliyevin korrupsiyaya qurşandığı üçün işdən çıxardığı böyük məmurların hamısını Ramiz Mehdiyev indi AMEA-da vəzifələrə təyin edib. Onların bu qoca yaşlarında AMEA-da bu cür hərəkətlər etməsi bizim üçün qəbuledilməzdir.

Bir elm adamı kimi bu vəziyyətə etiraz edirəm. Mən öz ölkəmizi nəinki Azərbaycanda, hətta xaricdə də təmsil edirəm. Eyni zamanda, Rusiya Xalqlar Dostluğu Universitetinin baş elmi işçisiyəm. Ramiz Mehdiyev gərək bundan sonra bir ömür də yaşasın ki, bizim elmdə əldə etdiyimiz uğurları qazansın”.

Ramiz Mehdiyevin Akademiyanın professorlarına qarşı yönəlmiş qanunsuz əməllərini davam etdirdiyini bildirən professor Rövşən Bəndəliyev qeyd edib ki, AMEA prezidentinin bu mövqeyi əsla anlaşılmır:

“AMEA-nın sabiq prezident Akif Əlizadə 2017-ci ildə “AMEA-nın professoru” elmi adını təsis etmişdi. Bu ad yalnız AMEA-nın daxilində hesablanmış əksər insanlara müəyyən statusun verilməsi ilə əlaqəli idi. Mən də həmin elmi adı alan əməkdaşlardan biri idim.

Zamanla iş elə gətirdi ki, həm də AMEA-nın professorlarının Koordinasiya Şurasının sədri oldum. Şuranın tərkibinə millət vəkili, tanınmış həkim, Beynəlxalq Avropa Cərrahlar Assosiasiyasının sabiq prezidenti də daxil idi. 2019-ci ildə ikinci seçki keçirildi və bizim sayımız Azərbaycan üzrə 25 nəfərə çatdı.

Ramiz Mehdiyev AMEA-nın prezidenti olandan sonra Koordinasiya Şurasının üzvlərinə təzyiq göstərməyə başladı və bizim iştirakımız olmadan, hörmətsiz şəkildə Şura ləğv olundu.

Sonradan əldə etdiyim məlumata görə, Şuranın ləğv olunmasının əsas səbəbi siyasi baxışlarla bağlıdır. Halbuki əməkdaşlarımızın hansısa siyasi baxışı olmayıb. Ramiz Mehdiyevin yaşının bu çağında etmək istədiyini başa düşmürük. Əgər məqsədi elmlə məşğul olmaqdırsa, artıq gecdir, “qatar gedib”. 80 yaşından sonra fəlsəfə elmi ilə məşğul olmaq çox çətindir.

Digər tərəfdən, elmə aid olmayan insanların hətta AMEA-nın Rəyasət Heyətində olması da bizim üçün çox ağrılıdır. Ümid edirik ki, yaxın gələcəkdə AMEA-nın doğrudan da, elmlə məşğul olan nümayəndələrinə qarşı göstərilən təzyiqin qarşısı alınacaq.

Əgər ölkəyə elm adamları lazım deyilsə, bunu açıq şəkildə desinlər. Dağılıb-gedən Ermənistanda belə Akademiya nümayəndələrinə hörmətlə yanaşılır, Azərbaycanda isə Ramiz Mehdiyevin AMEA əməkdaşlarına yanaşması anlaşılmazdır”.

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin yayılan məlumatı təkzib etməsinə də toxunan professorun sözlərinə görə, yayılan informasiya təkzib edilsə də, idarələrə müvafiq məktubun göndərilməsi faktdır:

“AMEA-nin uyğun institutlarına göndərilən sözügedən məktub Elton Məmmədov tərəfindən göndərilib. Elton Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Onların vəzifədən hansı şəraitdə getdiyi, həmçinin elmi dərəcəni necə aldıqları hər kəsə məlumdur.

Ramiz Mehdiyev prezident olandan sonra texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub. Onların formalaşdırdığı mətbuat xidməti istənilən informasiyanı təkzib etməklə məşğuldur.

Onu da qeyd edim ki, Elton Məmmədov bu yaxınlarda AMEA-nın Radiasiya Problemləri İnstitutunun baş direktoru vəzifəsinə təyin edilmişdi. Cəmi 3 saat sonra Radiasiya Problemləri İnstitutunda onun vəzifədən uzaqlaşdırılması üçün çox ciddi etiraz yaranmışdı.

Ona görə də, AMEA birdən-birə açıqlama yayaraq, yeni təyinatla bağlı söhbətin olmadığını bildirmişdi. Yəni Elton Məmmədov oraya direktor təyin olunmayıb. Anlamırıq ki, bu oyundur, yoxsa nədir?”.

Mövzu ilə bağlı AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədovla əlaqə saxlasaq da, o açıqlama verməkdən yayındı:

“Bu məsələ ilə bağlı təxminən 2-3 saatdan sonra məlumat yayılacaq. Müsahibə vermişəm, zəhmət olmasa, oradan götürərsiniz. Aidiyyatı üzrə bir şeyə bir dəfə baxılır, 50 dəfə baxılmır ki…”.

Cebhe.info


Oxunma sayı: 2047