hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair tələblər müəyyənləşib

Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair tələblər müəyyənləşib

Nazirlər kabineti “Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər”i təsdiq edib.

Qərara əsasən, Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair tələblər müəyyənləşib.

Bu Tələblər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında psixoloji yardım göstərmək hüququ olan şəxslərə (psixoloq və ya klinik (tibbi) psixoloq) dair tələbləri müəyyən edir.

Tələblərin müddəaları Qanununda nəzərdə tutulmuş fövqəladə hadisə zamanı hadisə yerində olan və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunan şəxslərə şamil edilmir.

Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair tələblərə aşağıdakılar daxildir:

- Psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs psixologiya ixtisası üzrə ali təhsilə və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasına malik olmalıdır.

Klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək istəyən şəxs aşağıdakı tələblərə cavab verməlidir:

- klinik (tibbi) psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan təhsilə malik olmalı;

- psixologiya ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi olmalı;

- Qanununda nəzərdə tutulmuş ixtisas attestatını əldə etməlidir.

Yeni tələblərə əsasən, Klinik (tibbi) psixoloq psixopatologiya, inkişaf psixologiyası, neyro-psixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya sahələrində biliklərə malik olmalı və aşağıdakıları bacarmalıdır:

-psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

-psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələrin (məsləhətlərin) verilməsi;

-psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımlarının göstərilməsi.

Eyni zamanda Bu Tələblərdə klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblər Qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərmiş şəxslərə şamil edilmir.

Psixoloq və klinik (tibbi) psixoloq stressə dözümlü, səbirli, ünsiyyətə açıq olmalı və müşahidə qabiliyyətinə malik olmalıdır.

Bu Tələblərin 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər psixoloji yardım alan şəxsə peşəkar, keyfiyyətli və psixoloji yardım şərtlərinə uyğun psixoloji yardım göstərmək məqsədilə aşağıdakı tələblərə riayət etməlidirlər:

- psixoloji yardım şərtlərinə və qaydalarına, psixoloqun peşə etikasına riayət etməli;

- peşəkarlıq səviyyəsinin artırılması məqsədilə psixologiya sahəsi ilə bağlı yeni biliklər əldə etməli, vərdişlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsullarını mənimsəməli və təcrübədə tətbiq etməli;

- mürəkkəb psixoloji vəziyyətlə bağlı psixoloji yardım almaq üçün müraciət edən şəxsə psixoloji yardım göstərə bilmədikdə, digər mütəxəssis tərəfindən peşəkar psixoloji yardım göstərilməsini təklif etməli, habelə psixoloji müayinənin nəticələrinə uyğun olaraq digər yüksəkixtisaslı mütəxəssislərlə (fizioloq, sosioloq və s.) psixoloji konsilium təşkil etməli;

- psixoloji yardımdan psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin dünyagörüşünün, cinsi oriyentasiyasının, dini, siyasi və əxlaqi inanclarının dəyişdirilməsi vasitəsi kimi istifadə etməməli;

- şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatların konfidensiallığını Qanunun 10.3-cü maddəsi nəzərə alınmaqla təmin etməli;

- psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin video və foto çəkilişini, səs yazısını yalnız onun razılığı ilə qeydə almalı;

- psixoloji müayinənin nəticəsini psixoloji yardım alan şəxsə aydın və düzgün çatdırmalı, psixoloji yardımın növündə və ya formasında dəyişiklik edildikdə, bunu psixoloji yardım alan şəxslə və (və ya) onun qanuni nümayəndəsi ilə razılaşdırmalı;

-psixoloji yardım alan şəxslərə öz təhsili, peşəkar fəaliyyəti barədə təhrif edilmiş və həqiqətə uyğun olmayan məlumatlar verməməli;

-psixoloji yardım göstərdiyi və ya psixoloji təsir altında qala biləcək şəxslərdən onun barəsində reklam xarakterli açıqlamalar edilməsini istəməməli;

-psixoloji yardımın göstərilməsi formasından asılı olmayaraq, psixoloji yardım alan şəxsi psixoloji yardımın müddəti, faydaları və mümkün riskləri, risklərə münasibətdə profilaktik tədbirlər və psixoloji yardımlar və onlardan irəli gələn digər məsələlər barədə məlumatlandırmalıdır.

Cebhe.info


Oxunma sayı: 892

Bizim Telegram səhifəmizi izləyin