hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Putin bu gün Paşinyanı nəyə vadar edəcək? - Sabiq nazir və sabiq dövlət müşaviri ehtimalları dəyərləndirib

Putin bu gün Paşinyanı nəyə vadar edəcək? - Sabiq nazir və sabiq dövlət müşaviri ehtimalları dəyərləndirib

Bu gün Rusiya Prezidenti Vladimir Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşün əsas mövzusunun kommunikasiya xətlərinin açılması ilə bağlı olduğu bildirilsə də, digər məsələlərin də müzakirəsi istisna edilmir. Ekspertlər hesab edirlər ki, bu görüşdə xüsusən Ermənistanda keçiriləcək seçkilər müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Paşinyandan öncə Robert Köçəryanı onlayn formatda qəbul edib. Bu da siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Paşinyandan öncə Köçəryanın qəbul edilməsi erməni baş nazirin gəlişinə “göstəri törəni” kimi dəyərləndirilir.

Maraqlıdır, tərəflər arasında baş tutacaq bugünki görüşdə daha hansı məsələlər müzakirə ediləcək?

Cebhe.info-ya açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, görüşün əsas müzakirə mövzusu Ermənistanda keçiriləcək seçkilər olacaq:

“Paşinyan taleyüklü seçimlər etməli ola, onun taleyinə təsir edə biləcək razılaşmalar əldə edilə bilər. Yəni seçki prosesinə Rusiyanın müdaxilə edib- etməyəcəyi məsələsi. Bu müdaxilə ilə kimə üstünlük verəcəyi, yəqin ki, ikitərəfli şəkildə bir- birlərinə verdikləri sözlə sıx bağlı olacaq. Həm də Rusiya kommunikasiya xətlərinin açılmasında maraqlıdır. Çünki kommunikasiya xətlərinin açılışı ilə Rusiyanın da əli-qolu açılır və nəticədə o, dünyanın müxtəlif ölkələrinə, xüsusən də, Ermənistana lazım olan yükləri çox ucuz sərfiyyatla sərbəst çatdıra biləcək. Görüşlə bağlı məlumatda kommunikasiya xətlərinin açılması məsələsinin müzakirə olunacağı deyilir. Amma müzakirənin əsas mövzusu Ermənistanda keçiriləcək seçkilər və bu seçkilərdə Rusiyanın kimə dəstək verməsi olacaq. Bu saat Rusiya bunu açıq şəkildə bəyan etməyəcək, hərəyə bir “göy muncuq” paylayacaq. Yəni hər kəsə eyni vədi verəcək. Amma Paşinyan da seçki sistemini tamamiylə dəyişdirir və burada saxtakarlıqların baş vermə ehtimalının qarşısını maksimum səviyyədə alacaq. Rusiya ola bilər ki, Ermənistanda yalnız orduya təsir edə bilsin. Qalan məsələlərə təsiretmə imkanı olmayacaq”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da sözügedən görüşlə bağlı öz ehtimallarını Cebhe.info ilə bölüşüb:

“Gündəmdə olan məsələ Ermənistanda keçiriləcək seçkilərdir. Əsas diqqət Ermənistanın daxili və xarici siyasətdə hansı istiqaməti seçəcəyidir. Yəni Qərbyönlü siyasətmi olacaq, yoxsa bundan əvvəl olduğu kimi Rusiyanın orbitində qalmaq seçimi ediləcək? Əsas sual budur. Hamı başa düşür ki, Ermənistan cəmiyyəti seçim qarşısındadır. Ermənistanda ruspərəst qüvvələrin fəallığı nümayiş olunur. İkinci bir məsələ ondan ibarətdir ki, Rusiyapərəst qüvvələrə Rusiya və onun televiziya kanalları tərəfindən geniş meydan verilir. Təbii ki, bu məsələdə Paşinyanın da mövqeyi, hansısa açıqlamaları Rusiya üçün vacibdir. Bu baxımdan, əsas mövzu seçki məsələləri olacaq. Bundan başqa, cari məsələlər də müzakirə olunacaq. Cari məsələlər deyərkən də ilk növbədə müharibənin Ermənistanın daxilində yaratdığı fəsadlar, kommunikasiya xətlərinin açılması, xüsusən Zəngəzur dəhlizinin açılışı müzakirə olunacaq məsələlər sırasına daxildir. Zəngəzur dəhlizinin bərpası barədə müxtəlif fikirlər səslənir. Bizdə də bənzər fikirlər var. Amma buna da zaman lazımdır. Ən azından iki il lazımdır ki, Zəngəzur dəhlizində dağıdılmış dəmir yolu xətləri bərpa olunsun. Bu mövzuların da hamısı seçkilərlə bağlı şəkildə müzakirə ediləcək”.

Sabiq nazir hesab edir ki, bu görüşdə Kreml üçün əsas məsələ Paşinyanı bütün hallarda Rusiyanın maraqlarını da nəzərə almağa məcbur etmək olacaq:

“Rusiya “Köçəryan kartı”nı oyuna daxil etmiş kimi görünsə də, bu, birmənalı deyil və siyasi gedişdir. Köçəryanın Rusiya kanallarına müsahibəsi Paşinyanın gəlişinə həsr olunmuş siyasi mesajlardan biridir. Yəni bir növ Paşinyana təzyiq mexanizmi kimi başa düşülməlidir. Bununla Paşinyana demək istəyirlər ki, ya bizi dinlə, ya da sənin yerinə namizədimiz var. Ona görə də bunu sıradan siyasi gediş kimi qəbul etmək lazımdır. Bütün hallarda Köçəryan mövzusu əsas məsələ deyil. Əsas məsələ Paşinyanı bu və ya digər şəkildə Rusiyanın maraqlarını nəzərə almağa məcbur etməkdir. Hətta Ermənistan Qərbi seçsə də, hansısa məsələlərdə Rusiyanın maraqları nəzərə alınmalıdır. Baş tutacaq görüşdən təxminən belə bir nəticələr gözlənilir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 2729