t Putin də Nazarbayev yolunu getdi: EHTİYAT “HAVA LİMANI”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Putin də Nazarbayev yolunu getdi: EHTİYAT “HAVA LİMANI”

Putin də Nazarbayev yolunu getdi: EHTİYAT “HAVA LİMANI”

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin parlamentə müraciət ünvanlayıb. 

Bir saat yarımlıq çıxışı zamanı prezident demoqrafiiya, sosial və səhiyyə proqramları üçün trilyon rubldan çox büdcə ayrılması, həmçinin konstitusiyaya bəzi düzəlişlər edilməsini təklif edib. O, parlamentin səlahiyyətlərinin genişləndirilməsini, qubernatorların dövlət idarəçiliyində rolunun artırılmasını və Rusiyada 25 ildən az yaşayan, başqa ölkə vətəndaşı olan, ya da başqa ölkədə yaşamaq hüququ alanların prezident olmasının qadağan edilməsini təklif edib. Putin konstitusiyaya ediləcək bütün düzəlişlərlə bağlı referendumun keçirilməsini vəd etsə də, hələ ki tarixlər müəyyən olunmayıb. 

Cebhe.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya Prezidentinin bu addımı prezidentlik müddəti bitəndən sonra tutacağı növbəti yüksək vəzifədə öz səlahiyyətlərini indidən genişləndirmək istəyi ilə əlaqələndirib:

“Rusiya Prezidenti Vladimir Putinin Baş naziri istefaya göndərəcəyini mən yanvarın əvvəlində proqnozlaşdırmışdım. Çünki Rusiya Prezidentinin mətbuat katibi Peskov yanvarın əvvəlində demişdi ki, iqtisadi inkişaf ləng gedir. Bundan sonra mən son rəqəmlərə baxdım və gördüm ki, Rusiya İqtisadiyyat Nazirliyinin 2019-cu il üçün iqtisadi inkişafla bağlı ortaya qoyduğu rəqəm cəmi 1.3%-dir. Məndə təəssürat yarandı ki, Rusiya Prezidenti öz mətbuat katibi vasitəsi ilə Dimitri Medvedyevə mesaj göndərir və Nazirlər Kabinetinin fəaliyyətindən narazı olduğunu bildirir. Nəticə olaraq da onu istefaya göndərdi. Amma istefaya göndərsə də, Putin yenə də onu özündən uzaqlaşdırmadı. Yanında saxlamaq üçün Medvedyevi Təhlükəsizlik Şurasının sədr müavini təyin etdi. Putinin prezidentlik müddəti 2024-cü ildə bitir. Ona görə də Putin bir neçə məsələni həll etməlidir. İlk olaraq varis ətrafında fikirlərini toparlamalıdır. Yəni özündən sonra Prezidentin kim olacağı barədə düşünəcək. Bundan başqa Putin konstitusiyaya ediləcək bütün düzəlişlərlə bağlı referendumun keçirilməsini istəyib. Eyni zamanda Putin parlamentin funksiyalarını da artırmağı düşünür. Görünür ki, Putinin fikri prezidentlikdən gedəndən sonra ya Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalmaq, ya da funksiyası artan parlamentdə daha da uzun müddət Rusiyanı idarə etməkdir. Yəqin ki, Konstitusiyaya ediləcək bütün düzəlişlərlə bağlı referendum keçiriləcək və Rusiya vətəndaşları Putinin irəli sürdüyü dəyişiklikləri dəstəkləyəcəklər”. 

Ekspertin sözlərinə görə, Rusiya Prezidenti indidən özünə ehtiyat “hava limanı” düşünür: 

“Düşünürəm ki, Putin gələcəkdə özü üçün ehtiyat “hava limanı” düşünür və həmin “hava limanı”nı güçləndirməyə çalışır. Yəni Putin düşünür ki, gələcəkdə elə səlahiyyətli bir vəzifəyə sahib olsun ki, onun səlahiyyətləri 2024-cü ildə seçiləcək yeni prezidentin səlahiyyətlərindən aşağı olmasın. Ona görə də fikrimcə, Konstitusiyaya ediləcək dəyişikliklərin mahiyyəti məhz budur”. 

E.Şahinoğlunun sözlərinə görə, yaxın gələcəkdə V.Putin Qazaxıstan modelinə keçməyi planlayır: 

“Rusiyanın Qazaxıstan modelinə keçəcəyi barədə də danışılır. Qazaxıstan modeli konkret bir modeldir. Yəni lider vəzivəsi icad edildi və prezident ölkənin lideri - Elbaşı oldu. Onun funksiyaları bəllidir və konstitusiyada da təsbit olunub. Putin hələ ki, belə bir funksiya icad etməyib. Amma konstitusiyada dəyişikliklər etməklə və parlamentin səlahiyyətlərini artırmaqla gələcəkdə Qazaxıstan modelinə keçəcəyi gözlənilir”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 11012