hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Putin "Köçəryan kartı"nı işə saldı:Paşinyana görüşdən əvvəl "gözdağı", yoxsa..?

Putin "Köçəryan kartı"nı işə saldı:Paşinyana görüşdən əvvəl "gözdağı", yoxsa..?

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla söhbətləşib. Bildirilib ki, Vladimir Putinlə Robert Köçəryan arasında görüş bir saata yaxın olub.

Koronavirusa görə danışıqlar onlayn rejimdə baş tutub. Tərəflər regionda və Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Moskvaya rəsmi səfəri başlanır.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət müzakirə ediləcək. Vladimir Putinin Paşinyanı qəbul etməzdən öncə yenə də köhnə dostu Köçəryanla görüşməsi Rusiyanın Ermənistandakı seçkilərə müşahidəçi qalmaq istəmədiyini göstərir. Yəni Rusiya iyun ayında keçiriləcək parlament seçkilərində Ermənistanda Robert Köçəryanın başçılıq etdiyi qüvvələrə dəstək verəcəyini nümayiş etdirir.

Ona görə də “Köçəryana toxunmamaq” mövzusu çox güman ki, Paşinyanla görüşün qeyri-rəsmi gündəliyinə daxil olacaq. Ermənistanın eks-prezidentinin danışıqlar zamanı Putindən Paşinyandan məhz bu məsələni xahiş etdiyi şübhə doğurmur. Ermənistan Konstitusiya Məhkəməsi Köçəryanın barəsindəki cinayət işinin ləğv edilməsi barədə qərar çıxartsa da, Baş prokuror Artur Davtyan həmin qərarın Ermənistan Cinayət Prosessual Məcəlləsinin 35-ci maddəsinə zidd olması barədə vəsatətə qaldırıb.

O, Konstitusiya Məhkəməsindən qərarını dəyişməyi xahiş edib. Bu isə o deməkdir ki, Paşinyan hökuməti R.Köçəryanı yenidən həbs etdirə bilər. Ona görə də Köçəryan Putin vasitəsi ilə Paşinyanı bu fikrindən daşındırmağa çalışır. Köçəryana münasibətlə bağlı Paşinan indiyə qədər Putinin xahişlərinə əməl etməyib və Rusiya prezidentinin dostunu həbs etdirib. Ancaq indi Ermənistanın Baş naziri müəyyən güzəştə gedə bilər. Təbii ki, bu, ilk növbədə seçkilərdə Kremlin Paşinyanın yenidən hakimiyyətdə qalmasına yanaşmasından asılı olacaq.

Əgər Rusiya Prezidenti Ermənistanda hakiimiyyət dəyişikliyi iddiasından əl çəkməsə, Baş Prokurorluq Köçəryanın barəsində cinayət işini ləğv etməyəcək. Mövcud situasiyada R.Köçəryanın azadlıqda olması Rusiyaya onun seçkilərə qatılmasını təmin etmək üçün lazımdır. Ancaq nə qədər qəribə görünsə də, Köçəryanın seçkilərə qatılması hazırda Paşinyanın da maraqlarına cavab verir.

Çünki Köçəryan müxalifətin vahid namizədi olmağa iddialıdır. Paşinyanı devirmək istəyən radikal müxalifət partiyaları isə noyabr ayından bəri Baş nazir vəzifəsinə müvəqqəti də olsa vahid namizəd kimi Vazgen Manukyanı dəstəkləmək qərarına gəlib. Lakin Köçəryanın seçkilərə qatılması müxalifət düşərgəsində parçalanma yarada bilər. Ermənistan cəmiyyətində Köçəryanın siyasi reytinqi kifayət qədər aşağıdır və hakimiyyətə gəlmək üçün yetərli deyil.

Buna baxmayaraq, onun deputatlığa namizəd kimi siyasət meydanına qayıdışı Ermənistan və "Qarabağ klan"ı arasında rəqabəti yenidən gücləndirəcək. Ermənistanda isə Köçəryanın yenidən hakimiyyətə qayıtmasını istəmirlər. Üstəlik, Paşinyan radikal qüvvələrin bir qismini öz arxasınca apara biləcək. Bu isə Paşinyana daxili icimai rəydə geniş manevr imkanları açmış olacaq. Eyni zamanda, əsas müxalifətin Putinin adamı olması Paşinyana seçkilərdə Qərbin də dəstəyini əldə etmək üçün lazımdır. Bu da öz növbəsində Rusiya ilə anlaşmaq üçün Paşinyana “kart-blanş” verir.

Ancaq Putinin Paşinyanı qəbul etməzdən əvvəl Köçəryanla danışması bütün hallarda Rusiyanın Ermənistan hökumətinin rəhbərinə təzyiq vasitəsi kimi başa düşülə bilər. Putinin bu gedişi Kremlin seçkilərə müdaxilə etmək planlarından xəbər verir. Putin Paşinyana seçkilərdə Rusiyanın maraqlarının nəzərə alınmasını və yaxın dostu Köçəryanı parlamentdə görmək istədiyini çatdırmaq istəyir. Böyük ehtimalla, Rusiya parlament seçkilərində real siyasi şəraitə uyğun hərəkət edəcək.

Yəni müxalifətin bölünməsi fonunda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun qalib gəlmək şansı yüksək olaraq qalır. Eyni zamanda, eks-prezident Serj Sarksiyan seçkilərdə Robert Köçəryanı dəstəkləməkdən imtina edib. Köçəryan seçkiyə iki partiya blokunun vahid namizədi kimi qatılacağını bildirb. Həmin təşkilatlardan biri “Daşnaksütyun”dur. Köçəryan ikinci partiya dedikdə, əslində Serj Sarkisyanın liderlik etdiyi və sosial bazasını "Qarabağ klanı" təşkil edən Ermənistan Respublika Partiyasını nəzərdə tutur. Lakin Sarkisyan parlament uğrunda siyasi mübarizədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, Vətən Partiyasının sədri Artur Vanetsyanı dəstəkləyəcəyini bəyan edib. Bu isə "Qarabağ klanı"nı parçalamaqla yanaşı, R.Köçəryanın mövqelərini xeyli zəiflədə bilər.

Ona görə də Rusiya seçkilərdə Köçəryanın hakimiyyətə gəlmək şansının demək olar ki, olmadığını anlayır. İlk növbədə, müxalifət partiyaları seçkilərə ayrılıqda getməyə üstünlük verir. İkincisi, müxalifətin üç siyasi liderin ətrafında konsolidasiyası prosesi gedir. Bunlar Vazgen Manukyan, Robert Köçəryan və Artur Vanetsyandır. Müxalifətin toplantısında Köçəryanın Vanetsyana “Nikol, sən otur”deməsi onların arasında münasibətlərin soyuq olmasından xəbər verir.

Yəni Köçəryan Vanetsyanın vaxtilə Paşinyan hökumətində çalışmasını ona bağışlamaq istəmir. Belə situasiyada Köçəryanın Baş nazir olmaq şansı sıfıra bərabər görünsə də, Rusiya onu parlamentdə ana müxalifət kimi təmsil olunmasını istəyəcək. Paşinyan Köçəryanın seçkilərə qatılmasına razılaşa bilər. Ancaq onu deputat mandatı ilə təmin edəcəyini söyləmək çətindir. Bu, yəqin ki, Paşinyanla Putin arasındakı razılaşmanın səviyyəsindən asılı olacaq. Moskvaya səfər öncəsi Paşinyanın Ermənistanın Rusiyadan “SU-30SM” qırıcıları və müasir silahlar alması barədə verdiyi açıqlama şübhəsiz ki, Putinlə söhbətin rəvan keçməsinə və Kremlin təzyiqlərinin neytrallaşdırılmasına hesablanıb.

Putin-Paşinyan görüşündə müzakirə ediləcək digər məsələ Qaradabğadakı vəziyyətlə bağlı olacaq. Tərəflər Azərbaycan, Rusiya prezidentləri və Nikol Paşinyan arsında 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanatın, həmçinin 2021-ci il yanvarın 11-də Moskvadakı görüşdə qəbul olunmuş qərarların icrası ilə bağlı məsələləri müzakirə edəcək. Bu ərəfədə Putinin Köçəryana zəng edərək telefonla danışması təbii ki, yalnız Paşinyana deyil, Azərbaycana ünvanlanmış mesaj sayıla bilər. Putinin zəngi ilə eyni vaxtda rusiyalı jurnalist Robert Köçəryandan müsahibə götürüb və eks-prezident keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri çərçivəsində itirilmiş ərazilərin qaytarılmasının vacib olduğunu deyib. Köçəryan ad çəkməsə də, söhbətin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Xocavəndin işağldan azad edilmiş ərazilərindən getdiyi aydın olur.

Bundan dərhal sonra isə Putin Köçəryana zəng edir və tərəflər arasında məzmunu açıqlanmayan bir saat söhbət aparılıb. Köçəryanın açıqlaması əslində Dağlıq Qarabağda münaqişənin yenidən başlaması deməkdir. Bu da Rusiyaya bölgədə hərbi və geosiyasi nəzarətini genişləndirmək üçün lazımdır. Kremlin Köçəryanın dili ilə belə fikirlər səsləndirməsi Rusiyanın 2020-ci il 10 noyabr bəyanatının öhdəliklərindən kənara çıxdığını, əslində Putinin 2020-ci il oktyabrın 29-də “Rusiya çağırır” investisiya forumundakı çıxışına qayıdıldığını görmək olar. Qeyd edək ki, Putin həmin açıqlamasında Dağlıq Qarabağda gedən müharibəyə münasibət bildirərəkəm yalnız ətraf yeddi rayonu Azərbaycanın tarixi torpaqları adlandırmışdı.

Rusiya Prezidentinin Dağlıq Qarabağa dair söylədiyi fikirlər isə onun status-kvonun ləğvində maraqlı olmadığını göstərir: “Biz əvvəlcə beş rayonun, “beş üstəgəl iki” rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağda xüsusi rejimin yaradılması mümkünlüyündən çıxış edirdik: “Məsələnin həlli hər iki tərəfin maraqlar balansının tapılmasındadır. Bu həll həm dəyişməz hörmətimiz olan Azərbaycan xalqının, həm də erməni xalqının və Ermənistan dövlətinin maraqlarını təmin etməlidir”.

Bununla da V.Putin dolayısı ilə ətraf rayonların qaytarılması müqabilində Dağlıq Qarabağa gələcəkdə həm orada yaşayan ermənilərin, həm də Ermənistanın maraqlarına uyğun siyasi status verilməsini təklif edir.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 2465