hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Putin SSRİ-nin hərbi sərhədlərini qaytarır?

Putin SSRİ-nin hərbi sərhədlərini qaytarır?

Rusiya Liviyaya hərbi müdaxiləyə hazırlaşır. 

Bu barədə ABŞ-ın “The Times” qəzeti məlumat yayıb. Əslində, Rusiyanın Liviyaya silahlı qüvvə yerləşdirmək planları barədə iki ildən çox idi danışılırdı. Suriya müharibəsindəki qələbəsindən sonra Rusiyanın ərəb coğrafiyasındakı keçmiş mövqelərini bərpa etmək niyyətinə düşən Kremlin planlarında Liviya əsas yerlərdən birini tutur. Liviyada 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsi və ölkənin parçalanmış duruma düşməsi Rusiyaya əlverişli imkan yaradır. 

Bu yaxınlarda rusiyalı muzdlular Liviyaya göndərilib. Bu, Moskvanın şimali Afrika və Yaxın Şərq regionlarında təsirini möhkəmlətməklə bağlı həyata keçirdiyi planın bir hissəsidir. “The Times” qəzeti bu məsələdə Qərbin Rusiyaya mane olmadığı qeyd edir.

Dronlar, hücum aviasiyası və yüksək dəqiqliyə malik döyüş sursatı ilə təchiz edilən artilleriyanın dəstəyi ilə fəaliyyət göstərən 200-dən çox muzdlu beş ildən çoxdur davam edən Liviya vətəndaş müharibəsində gözləntiləri artırıb. Moskva bu müharibədə feldmarşal Xəlifə Həftəri dəstəkləyir. Generalın qoşunları Liviyanın şərqinə nəzarət edir. Rusiyalı muzdluların “Vaqner” özəl hərbi şirkətin üzvləri olduğu ehtimal edilir. Onlar Suriya, Mozambik və Mərkəzi Afrika Respublikasında da xidmət göstərirlər.

Marşal Həftər ölkənin qərbində Tripoli hökumətinin dəstəklədiyi koalisiya qüvvələri ilə döyüşür. Qeyd edək ki, Tripoli hökuməti ABŞ və başqa qərb ölkələri tərəfindən tanınır. Rusiya Suriya vətəndaş müharibəsində prezident Əsədi dəstəkləyib. Amerikalıların regionu tərk etdiyini görən Putin Fars körfəzi ölkələri ilə münasibətlərini inkişaf etdirməyə çalışır. “Bütün məsələ neft, pul və təsirdədir. Moskva cəzasız qalır. Çünki Qərb baş verənləri sanki görmür”, - britaniyalı hərbi analitik Pol Biver belə deyib. Xarici siyasət üzrə rusiyalı ekspert Vladimir Frolovun sözlərinə görə, Kremlin Liviyadakı məqsədləri kəşfiyyat məlumatları toplamaq, Hərbi Dəniz Donanmasının gəmilərinin maddi-texniki təchizatı üçün Aralıq dənizində məhdud hərbi iştirak, ölkələrin bərpasında əlverişli kommersiya sazişləri qazanmaqdır. Lakin orada müxtəlif tərəflər müxtəlif qruplaşmaları dəstəkləyir. Suriyadan fərqli olaraq, aşkar lider yoxdur. Ona görə Moskva tərəflərin hamısı ilə danışıqlar aparmağa üstünlük verir, böyük riskə getməməyə çalışır”. Pentaqonun keçmiş əməkdaşı Endryu Krepineviç Rusiyanın daha vacib məqsədinin olduğunu bildirib: “Rusiya qlobal iştirakını bərpa etmək və fövqəldövlət statusunu geri qaytarmaq istəyir. Putin əvvəlki kimi zəif kartlardan ustalıqla istifadə edir. O, minimal xərclə ölkəsini Yaxın Şərqin ən vacib oyunçusuna çevirib. 2011-ci ildə polkovnik Qəddafi devrildikdən sonra NATO və ABŞ hakimiyyət boşluğu buraxdığı üçün Putin növbəti dəfə zəif oyunçuların rəqabətində öz təsirini möhkəmlətmək imkanı qazanıb” - ekspert belə deyib.

“The New York Times” qəzeti isə Rusiyanın öz hərbi maraqlarını təmin etmək üçün Liviyaya muzdlu snayperlər göndərdiyini yazıb. “Bir müddət əvvəl xəsarət alanlar yanıq yaraları və parçalanmış əzələ diaqnozu ilə Tripolinin cənubunda Əziziyə xəstəxanasına yerləşdirilib. İndi həkimlər yaralıların başında və bədənində qurbanı dərhal öldürən, ancaq orqanizmi tərk etməyən güllə izlərinə rast gəliblər. Liviya döyüşçülərinin sözlərinə görə, bu, aralarında təcrübəli snayperlərin də olduğu rusiyalı muzdluların işidir. Çıxış dəliyinin olmaması rusiyalı muzdluların başqa yerlərdə də istifadə etdiyi döyüş sursatının özəlliklərindən biridir. Snayperlər təxminən 200 rus döyüşçüdən ibarət heyətə daxildir. Son 6 həftədə Liviyaya gələn muzdlular Kremlin Yaxın Şərq və Afrikada təsirini genişlətmək kampaniyasının bir hissəsidir”, - məqalədə belə qeyd edilir. 

Qəzet yazır ki, ruslar üsyançıların lideri Xəlifə Həftəri dəstəkləyir. Liviyanın şərqində möhkəmlənən Həftər eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və zaman-zaman Fransadan dəstək alır. “Hərbi əməliyyatları diqqətlə izləyən yüksək vəzifəli liviyalı məmurların və qərb diplomatlarının məlumatına əsasən, rusiyalı snayperlər Kremlin Suriyadakı əməliyyatına başçılıq edən özəl “Vaqner” qrupunun üzvləridir”- “The New York Times” belə yazır. Tripolidə hökumət nümayəndələri deyir ki, Rusiya hər həftə yeni muzdlular gətirir. “Rusiyanın bu münaqişədə riskə getdiyi göz qabağındadır”, - Tripoli hökuməti ilə əlaqəli qüvvələrin baş komandanı, general Usama əl-Cüvaili iddia edir. General şikayət edib ki, Qərb Tripoli hökumətini Həftərə hakimiyyəti ələ keçirməyə kömək edən xarici qüvvələrdən müdafiə etmək üçün heç nə etmir. Diplomatlar Moskvanın Həftəri dəstəkləməsini Liviyanın gələcəyi ilə bağlı danışıqlarda özünə səs hüququ tələb etmək cəhdi ilə izah edir.

Qeyd edək ki, Rusiyanın Liviyaya müdaxiləsi daha çox SSRİ-nin vaxtilə Yaxın Şərqdə və Şimali Afrikada mövcud olmuş mövqelərini geri qaytarmaqdır. SSRİ-nin dağılmasından sonra həmin bölgələri tədricən itirməyə başlayan Rusiya 2011-ci ildə başlanan “Ərəb baharı” inqilablarından sonra ərəb dünyasında geosiyasi rəqabəti ABŞ-a tam uduzmağa başladı. 

Lakin Suriyada başlanan vətəndaş müharibəsinə Rusiyanın xilaskar qismində müdaxiləsi Kremli sonradan Liviyaya da daxil olmağa həvəsləndirib. Hələlik Xəlifə Həftərin paytaxt Tripolini ələ keçirə bilməməsi Rusiyaya Liviyada ABŞ-ın dəstəklədiyi müvəqqəti keçid Şurasına qalib gəlməkdə mane olur. Əgər Həftərin qoşunları Tripolini işğal edərsə, Rusiya Aralıq dənizinə çıxışa nəzarəti ələ keçirə bilər. Rusiya vaxtilə SSRİ-nin Tripolidə və Benqazidə mövcud olmuş hərbi hava bazalarını yenidən istifadəyə götürmək istəyir. Bundan başqa, Kremlin Liviyanın Aralıq dənizi sahilindəki Tobuk limanında da hərbi baza yaratmaq istədiyi barədə məlumatalar var. Liviyanın Misirlə sərhəddinə yaxın yerləşən Sidi-Barrani hərbi hava bazasının da Rusiya tərəfindən təmir olunaraq istifadə edilməsinə dair Qahirə və Moskva arasında 2017-ci ildə razılaşma əldə olunub. Yəni Rusiya Liviyanın şimal-şərq sərhədlərindən Misirə qədər Aralıq dənizinə bütün çıxış yollarına nəzarəti ələ keçirmək istəyir. 

Bununla da Moskvaya Liviya neftinin dünya enerji bazarına çıxışına və qiymətlərin müəyənləşməsinə təsir əldə etməyə çalışır. Sözügedən ərazilərdə möhkəmlənmək Rusiyaya həm ərəb coğrafiyasında, Şimali Afrikada və Yaxın Şərqdə SSRİ-nin vaxtilə malik olduğu geosiyasi mövqeləri yenidən geri qaytarmaq imkanı yarada bilər. Bu həm də NATO-nun ş genişlənməsi nəticəsində Şərqi Avropadan sıxışdırılan Rusiyaya Aralıq dənizi sahilində Afrika istiqamətindən hərbi mövqelərini bərpa etməyə kömək edə bilər. Rusiyanın Liviyada bərqərar olması vətəndaş müharibəsinin getdiyi bu ölkədən Avropaya qaçqın axınına nəzarət prosesini ələ keçirməyə şərait yaradır. Yəni Rusiya istənilən vaxt Avropanı miqrant problemi ilə təhdid etməklə siyasi güzəştlərə vadar etməyi planlaşdırır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2839