hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Putinə qarşı inqilab senarisi

Putinə qarşı inqilab senarisi

Müasir dünyada kütləvi etiraz aksiyaları öz mahiyyətini itirərək daha çox siyasi qüvvələrin təzyiq vasitəsinə çevrilib.

Xüsusilə ərəb ölkələrindəki ardıcıl aksiyalar və onların nəticəsində reallaşan hakimiyyət çevrilişləri Qərbin bu strategiyadan istifadə təcrübəsini ortaya qoydu. Hazırda hansısa ölkədə ardıcıl aksiyalar baş verdikdə, aksiyanın özü yox, daha çox arxasında duran güc müzakirə olunur. Bu baxımdan, Moskva-Vaşinqton münasibətlərinin gərginləşdiyi bir vaxtda Rusiyada baş qaldıran etirazların müzakirə mövzusuna çevirilməsi anlaşılandır.

Qeyd edək ki, ölkədə azad və ədalətli seçkilər uğrunda kampaniya başladılıb. Bir neçə gün əvvəl Moskva Şəhər Məclisi seçkilərində müstəqil namizədlərin qeydiyyata alınmaması etiraz aksiyaların baş qaldırmasına səbəb olub. İcazəsiz mitinqlər təşkil edilib. Aksiyanın təşkilatçıları “asayişi pozmaqda” təqsirləndirilərək həbs edilib. Saxlanılanların sayı, təxminən 700 nəfərə çatıb.

Məlumatlara görə, “Puşkinskaya” və “Trubnaya” meydanlarında təşkil edilən icazəsiz nümayişlərə, təxminən 1500 adam qatılıb. Hüquq-mühafizə orqanları 700 deyil, 600 nəfərin nəzarətə alındığı bildirilib. Nəzarətə götürülənlər arasında müxalifət lideri Aleksey Navalnının qurduğu Rüşvətlə Mübarizə Fondunun vəkili Lyubov Sobol da var.

Qeyd edək ki, ötən həftə keçirilən icazəsiz nümayişlərdə təqribən 60 nəfər həbs edilmişdi. Müxalifət təmsilçiləri Dmitri Qudkov 30, İvan Jdanov 15, İlya Yaşin 10, Yuliya Qalyamina 10, Aleksandr Solovyov 8 gün həbs cəzasına məhkum edilmişdi. Navalnının özünə isə qaydaları yenidən pozduğu” üçün 30 günlük həbs cəzası kəsilmişdi.

Rusiyada baş qaldıran aksiyalar həqiqətən azad və ədalətli seçkilər uğrundadır və Moskva Şəhər Məclisinə keçiriləcək seçkilərə qeydiyyata alınmayan namizədlərin hüquqlarının müdadfiəsinə yönəlib, yoxsa bu digər qüvvənin növbəti siyasi təzyiq vasitəsidirə

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, azad və ədalətli seçki şüarları ilə Putin iqtidarına qarşı başlanan kampaniyanın arxasında Qərbin müəyyən dairələrinin maraqları və maliyyə dəstəyi var:

“Rusiyada qeyri- sistem müxalifətinin lideri sayılan Aleksey Navalnının Qərblə təmasları bəllidir. Hərçənd Navalnı haqlı olaraq Putin iqtidarını korrupsiya və insan haqlarının pozulmasında ittiham edir. Amma onun da Qərblə münasibətlərini təsdiq edən bir sıra faktlar aşkar edilib. Hazırda Navalnı həbsdə olsa da, kampaniya davam edir. Bu Rusiyanı daxildən çökdürmək üçün düşünülmüş kampaniyanın tərkib hissədir. Bundan əvvəl də bu səpkili kampaniyalar olub. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın Avropa ilə münasibətləri ABŞ-ı məmnun etmir. Birləşmiş Ştatların mövqeyinə baxmayaraq, Avropada ayrı-ayrı ölkələr - ilk növbədə İtaliya Rusiyaya qarşı təsdiq edilən sanksiyalarla razılaşmır. Ümumiyyətlə, Avropa Birliyi ölkələrinin bu sanksiyaların yumşaldılması ilə bağlı mövqeyi də ortaya çıxa bilər. Digər tərəfdən Rusiyanın Türkiyə ilə münasibətləri də ABŞ və NATO-nu məmnun etmədi və bu münasibətlər əslində NATO daxilində çatın yaranmasına səbəb oldu. Ona görə də Rusiya ilə qarşıdurmada iqtisadi sanksiyalarla yanaşı, onu daxildən çökdürmək məqsədilə narazılıqları qabartmaq üçün bu səpgili kampaniyalara Qərbin dəstək verməsi birmənalıdır”.

Politoloqun sözlərinə görə, Qərb Rusiyada fəaliyyət göstərən bloggerlərin vasitəsilə Putin iqtidarına qarşı narazılığı gücləndirmək istəyir:

“Bu Rusiya ilə qarşıdurmada Qərbin zaman-zaman müraciət etdiyi vasitələrdən biridir. Amma indiki halda, Putin iqtidarı kifayət qədər güclüdür. Dünyanın, ilk növbədə Avropanın “enerji bazarında hökmran” mövqe ona aiddir, təbii sərvətlərə dayanan iqtisadi potensialı var, eləcə də elm xadimləri, xalqın mütləq əksəriyyəti Putini dəstəkləyir. Amma Krımın ilhaqından sonra Putin iqtidarı bir “eyforiya” dövrü yaşayır. Ona görə də hazırda Ukraynada yaşanan hadisələr də Qərbin təzyiq vasitələrindən biri kimi qəbul olunmalıdır”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 3367