hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Putini qəzəbləndirən səfər: Ağ Ev iddiasını açıq ortaya qoydu - BİZİM TƏHLİL

Putini qəzəbləndirən səfər: Ağ Ev iddiasını açıq ortaya qoydu - BİZİM TƏHLİL

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Ukraynaya başa çatan səfəri Şərqi Avropadakı proseslərə, o cümlədən Rusiya ilə münasibətlərə ciddi təsir göstərəcək.

İlk növbədə, diqqəti cəlb edən məqamlardan biri Blinkenlə yanaşı, Dövlət katibinin müavini Viktoriya Nulandın da Kiyevə səfər etməsi oldu. Həm Blinken, həm də Nuland Rusiyaya qarşı kəskin münasibəti ilə seçilən diplomatlar olduğundan onların bu səfəri Moskvada narahatlıqla qarşılandı. Hətta Rusiyada V.Nulandı 2014-cü il “Maydan inqilabı”nın müəllifi hesab edirlər.

Ona görə də ABŞ-ın xarici siyasət idarəsinə rəhbərlik edən və Kremldə rusafob kimi qəbul edilən diplomatların Kiyevə səfəri Bayden administrasiyasının Trampın prezidentliyi dövründə nəzarətdən çıxmış Ukraynanı yenidən öz təsir dairəsinə qaytarması kimi şərh edilir. ABŞ Dövlət katibinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı danışıqların məzmununu iki istiqamətdə qruplaşdırmaq olar.

Birincisi, Blinken və Nuland Ukrayna-Rusiya münasibətlərində son zamanlara artmaqda olan gərginliklə bağlı ABŞ-ın Kiyevə rəsmi dəstəyini nümayiş etdirdi. Bu, Prezident Zelenski üçün çox vacib idi. Əlbəttə, Ağ Ev Rusiya ilə müharibə başlayacağı təqdirdə, Ukraynaya qarşı bütün siyasi və hərbi dəstəyini verəcəyini bəyan etmişdi. Ancaq Dövlət katibi Blinkenin bu bəyanatı Kiyevdə səsləndirməsi ABŞ-ın Ukrayna məsələsində Rusiyaya qarşı daha ciddi mesajı sayıla bilər.

O, Vaşinqtonun Rusiyanın “düşüncəsiz və aqessiv” hərəkətlərinə cavab olaraq Ukraynaya təhlükəsizlik sahəsində yardımları artıra biləcəyini vurğulayıb.

Blinken qeyd edib ki, Rusiya bəzi texnikaları geri çəkib, amma əhəmiyyətli ölçülərdə hərbi qüvvə hələ də Ukrayna sərhədlərində qalı:“Nəticədə əgər Rusiya istəsə, kifayət qədər qısa zaman ərzində aqressiv hərəkətlərə başlaya bilər”.

Bununla da Dövlət Departamentinin rəhbəri ABŞ-ın bölgədə hərbi fəallığının artırması üçün kifayət qədər əsasların olduğunu göstərməyə çalışıb. Blinkenin səfəri zamanı ABŞ-ın Ukraynanın NATO üzvlüyünə dəstək verməsi də əslində, Rusiyaya ünvanlanmış xəbərdarlıqdır.

Qarşıda ABŞ və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyi gözlənilir. Baydenlə Putinin müzakirə edəcəyi məsələlər arasında Ukrayna mövzusu gündəlikdə aparıcı yer tutacaq. Üstəlik, ABŞ-ın son zamanlar Qara dəniz hövzəsini özünün geosiyasi maraq zonası elan etməsi bu geosiyasi rəqabəti daha da dərinləşdirir.

Blinken Kiyevə səfər etməklə Vaşinqtonun yalnız Ukraynaya deyil, həm də Qara dəniz regionuna iddiasını təsdiq etmiş oldu. Ona görə də Donbas ətrafında gərginliyin artacağını ehtimal etmək olar.

NATO-nun iyunun 14-də keçiriləcək sammitində Ukraynanın alyansa qəbul ediləcəyinə və ya ən azı fəaliyyət planının tədiq olunacağına dair qərarın qəbul olunacağı inandırıcı görünmür. Ona görə də Vaşinqtonun bəyanatı daha çox Bayden-Putin və Putin-Zelenski görüşləri öncəsi Rusiyaya təzyiq mexanizmi hesab edilə bilər.

Blinkenin səfərinin nəticələrini təhlil edən ukraynalı analitiklərin fikrincə, bu, Rusiya Federasiyası ilə münaqişədə qeyd-şərtsiz dəstək, Kremlə güclü siqnal idi. Vaşinqtonun Rusiyadan gələn hərbi təhlükəni real dəyərləndirməsi bir sıra Avropa ölkələrinin “sərbəst nəfəs almaq” imkanlarını əlindən alacaq.

Blinkenin gəlişi göstərdi ki, eskalasiya təhlükəsi aradan qalxmayıb, heç bir azalma yoxdur və yeni dalğalara hazırlaşmaq lazımdır. Ukraynanın müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsi perspektivləri var. Bunlar əsasən hava hücumundan müdafiə və Donbassda snayper əleyhinə texnologiyaları əhatə edir.

Tərəflərin vahid mövqedən çıxış edəcəyi digər məsələ isə Rusiyanın “Şimal axını-2” qaz kəməri layihəsi təhlükəsinə qarşı eyni münasibaəti sərgiləməkdir. Vladimir Zelenski sözügedən kəmər layihəsinə tətbiq edilmiş güclü sanksiyalara görə ABŞ-a təşəkkürünü bildirib.

ABŞ Dövlət katibinin Ukrayna səfərinin nəticələri ilə bağlı ikinci istiqamət Prezident Zelenski ilə danışıqlarda oliqarxlara qarşı mübarizə məsələsinin gündəmdə olmasıdır. Blinkenin və Nulandın rəsmi Kiyevdən Rusiya təhlükəsinə qarşı mübarizə fonunda Zelenskidən islahatlar, korrupsiya ilə və oliqarxlarla mübarizə tələb etdiyi bildirilir. Blinken, ölkənin iki təhlükə ilə üzləşdiyini deyib:

“Bunlardan biri xarici-Rusiyadır. İkinci təhlükə korrupsiya, oliqarxlar və mənafelərini Ukrayna xalqının maraqlarından üstün tutan insanlardır”.

Onun sözlərinə görə, ikinci təhdid Rusiya ilə də bağlıdır. Ona görə də Amerika rəsmisinin fikrincə, Ukraynada korrupsiyaya qarşı mübarizəni davam etdirmək
lazımdır.

“Məhkəmə sistemindəki islahatlardan və hakimlərin necə seçilməsindən danışdıq. Qanunlar çox vacibdir, lakin onların tətbiqi eyni dərəcədə vacibdir. Ukrayna xalqı yalnız yeni qanunları deyil, onların tətbiqini də görmək istəyir” - Dövlət katibi belə deyib.

Bununla da Blinken Zelenski hakimiyyəti qarşısında mühüm bir şərt qoyduğunu görmək olar. ABŞ Ukrayna prezidentinin yalnız Rusiyaya bağlı oliqarxiya sisteminin və ya “5-ci kalonu” təsirindən xilas olmasını istəyir. Zelenski yalnız bu şərtləri yerinə yetirdikdə Bayden administrasiyasının tan dəstəyini qazana bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5204