t Putinin Qafqaz narahatlığı: Yuri Çayka Dağıstana niyə göndərildi?
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Putinin Qafqaz narahatlığı: Yuri Çayka Dağıstana niyə göndərildi?

Putinin Qafqaz narahatlığı: Yuri Çayka Dağıstana niyə göndərildi?

Rusiyanın Baş prokuroru vəzifəsindən istefa verən Yuri Çaykaya yeni vəzifəyə təsdiqlənib. 

Prezident Vladimir Putin keçmiş Baş prokurora Prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndə postunu təklif edib və Yuri  Çaykanın artıq yeni vəzifəsinə təqsdiqlənib. İqor Çaykanı qəbul edən Rusiya Prezidenti ona əsasən terrorçuluqla mübarizə ilə məşğul olmağı tapşırıb. Rusiya mediasının yazdığına görə, Y.Çaykanın  Şimali Qafqazda əsas vəzifəsinin terrorçuluqla mübarizə olacağını yazıb. 

Sözügedən təyinatın Şimali Qafqazda yeni bir anti-terror əməliyyatının başlanmasına hazırlıq məqsədi daşıdığı, yoxsa Kremlin sadəcə olaraq, bu bölgədə nəzarət tədbirlərini artırmağa xidmət etdiyi dəqiq məlum deyil. Hər halda, Çeçenistanın sabiq rəhbəri Ramzan Kadırovun  istefaya göndərilməsi fonunda sabiq baş prokurorun Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndə təyin edilməsi Rusiya Prezidentinin adıçəkilən regiondakı vəziyyətdən heç də razı qalmadığını göstərir. Doğrudur, R.Kadırov Çeçenistana nəzarət məsələsində və terrorçuluqla mübarizədə Vladimir Putinə kifayət qədər sədaqət nümayiş etdirib.

Hətta V.Putinin siyasi rəqibi, Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlinin R.Kadırov tərəfindən təşkil  edildiyinə dair iddialar var. Mühafizəkar baxışlarına görə  Putinə yaxın şəxs kimi R.Kadırov ABŞ-ın sanksiyalarına da məruz qalıb. Lakin görünür, Putinə Şimali Qafqazın müsəlman icması arasında nüfuza, eyni zamanda, güclü maliyyə, siyasi və hərbi resurslara malik olan R.Kadırovdan daha çox Rusiya elitasını təmsil edən, eləcə də milliyyətcə də özünə yaxın icraçı məmur lazımdır. 

Politoloq Tofiq Abbasov Cebhe.info-ya bildirib ki, gərginlik yalnız Şimali Qafqazda deyil, Rusiyanın başqa bölgələrində də var. Lakin Prezident Putin Yuri Çaykanı Şimali Qafqaz federal dairəsinə göndərməklə diqqəti digər ərazilərdən yayındırmaq istəyir.

“Biz Ramzan Kadırovun istefasının görünən tərəfini müşahidə edirik. Ancaq onun sonra hansı təyinat alacağı barədə müfəssəl məlumat yoxdur. Digər tərəfdən, Şimali Qafqaz rəsmi Moskva üçün həmişə “başağrısı” olub. Çünki oranın əhalisi passionar, işgüzar qabiliyyətə malik, mübariz insanlardır. Federal hökumətin dəfələrlə “Şimali Qafqaz respublikalarına subsidiya, dotasiya ayırırıq” deməyinə baxmayaraq, ölkədə baş verən bütün “qaranlıq” işlər, korrupsiya, rüşvətxorluq  Rusiya üzrə baş alıb gedir. Kremlin bu qanunsuzluqları yalnız Şimali Qafqazın üzərinə yıxması qondarma yanaşmadır. Rusiyanın istər Moskva ətrafında, istər Uzaq Şərqdə, yaxud Volqaboyunda - hər yerdə korrupsiya mövcuddur. Hökumət bunu nə qədər ört-basdır etsə də, bu hallar üzə çıxır. Hətta bir sıra qubernatorlar korrupsiya faktına görə ittiham olunub. Amma daha çox Şimali Qafqazın adını hallandırırlar. Bu da ola bilsin ki, Şimali Qafqaz respublikalarına ayrılan subsidiya və dotasiyaların təyinatı üzrə şəffaf xərclənməsi barədə ətraflı məlumatın olmaması ilə bağlıdır. Amma mərkəzi orqanda təmsil olunan vəzifəli şəxslərin maliyyə cinayətlərində iştirakı yerli əhalidə narazılıq yaradır. Belə olan halda alternativ hakimiyyət orqanlarının yaradılması çağırışları səslənir. Hələ birinci Çeçenistan müharibəsi dövründən məlumdur ki, Şimali Qafqaz xalqları ilə islam dövlətləri arasında əlaqələr var. Vəhhabiliyi təbliğ edən qüvvələr Çeçenistana, İnquşetiyaya, Dağıstana yol tapmışdılar. Təsadüfi deyil ki, həmin proseslərdə Rusiyanın hüquq-mühafizə orqanlarında çalışan şəxslərin terrorçu təşkilatlarla əməkdaşlığı üzə çıxmışdı. Bu gün Şimali Qafqazda terrorçuluğa son qoyulduğunu söyləmək olmaz. Çünki radikal islamçı qüvvələr çivə kimi hər yana dağılıb. Qərbin planlarından biri də Şimali Qafqazda və digər sərhəd bölgələri  boyunca qaynar nöqtələr yaratmaqla  Rusiyanı parçalamaqdan ibarətdir. Yuri Çayka da hüquq-mühafizə orqanlarını təmsil edir və Putinin kadrıdır. Onu işdən uzaqlaşdırıblar və təcrübəli hüquqşünas kimi münasib bir iş  təklif ediblər. Ondan əvvəl Dağıstana rəhbərlik etmiş Vasilyev də güc strukturlarının nümayəndəsi idi. Yəni Moskvadan Şimali Qafqaza rəhbər vəzifələrə  təyin edilənlər hamısı güc strukturlarının nümayəndələridir. Bu da həmin bölgədə vəziyyətin sabit olmadığından, dağıdıcı potensialın qalmasından  xəbər verir. Ona görə də Moskva bu təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir və tanınmış kadrları Şimali Qafqaza göndərir. Yəqin ki,  Yuri Çaykanın diqqətində ola biləcək məsələlər ilk növbədə, Çeçenistanda və Dağıstandakı vəziyyət olacaq. Vəhhabi təriqətinə and içmiş şəxslər daha çox Çeçenistanla, qismən İnquşetiya və daha çox Dağıstanla yolları birləşdirirdilər ki, onların manevr imkanları geniş olsun, Rusiyanın nizami ordusu ilə qarşıdurma baş verərsə, özlərini müdafiə edə bilsinlər. Bundan başqa, Kabardin-Balkar Respublikası, Çərkəz respublikalarında da xeyli sayda problemlər var. Orada çirkli pulların yuyulması ilə məşğul olan məmurlar saxlanıldı. Belə bir gediş rəsmi Moskvaya həm də diqqəti  mərkəzdə olan problemlərdən yayındırmaq üçün lazım ola bilər. Məsələn, işsizlik problemi yalnız Qafqazda deyil, Rusiyanın digər regionlarında da var. Rusiyanın siyasi elitasında, hökumətdə, Dövlət Dumasında bir həyəcan təbili çalınır ki, Şimali Qafqazda böyük təhlükələr var və bunun qarşısını almaq üçün tədbirlər görülməli və bu prosesi həyata keçirmək üçün külli miqdarda vəsait ayrılmalıdır”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11012