hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Qaçqınlar Ərdoğan üçün başağrısına çevrilir

Qaçqınlar Ərdoğan üçün başağrısına çevrilir

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Ata Uslu Türkiyədə yaşayan suriyalıların sayını açıqlayıb.

Uslu bildirib ki, hazırda Türkiyədə müvəqqəti yaşamaq hüququ ilə 3 milyon 657 min suriyalı məskunlaşıb. Onlardan 1 milyonu uşaqdır. Uslu ölkədə əksər cinayətlərin suriyalılar tərəfindən törədildiyinə dair iddiaları təkzib edib. Onun sözlərinə görə, cinayətlərin yalnız 3 faizi suriyalılar tərəfindən törədilib.

Qeyd edək ki, son zamanlar suriyalı qaçqınlarla bağlı narazılıq Türkiyədəki siyasi proseslərə də təsir göstərməyə başlayıb. Türkiyədə martın 31-də yerli özünü idaerəetmə orqanlarına keçirilən seçkilərdə AK Partiyanın böyük şəhərlərdə məğlub olmasının başlıca səbəblərindən biri kimi Suriya vətəndaşlarına türklərdən daha yüksək sosial imtiyazların tanınması göstərilir. Seçkilərdən öncə keçirilən videosorğularda da türk respondentlər özləri işsizlikdən əziyyət çəkdikləri halda, hökumətin suriyalıları işlə təmin etməsindən narazılığını bildirib. Məhz bu amilin yerli seçkilərdə, o cümlədən İstanbul Böyük Şəhər Bələdiyyəsinə iyunun 23-də keçirilmiş səsvermə zamanı müxalifətin qələbəsində mühüm rol oynadığı ehtimal edilir. 

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Suriya qaçqınları Türkiyə üçün ciddi problemə çevrilib və bunun mənfi təsirlərinin artması müşahidə olunur. Ancaq hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, rəsmi Ankara 3 milyon 657 min qaçqını deport etmək məcburiyyətindədir. Ölkədəki siyasi partiyalar da bu problemdən özünün siyasi maraqları üçün istifadə etməyə çalışır: “Müxtəlif məişət zorakılığı, əxlaqsız davranışlarda suriyalı qaçqınların adı hallanır. Eləcə də Hatay bölgəsində suriyalı və əfqan qaçqınlar arasında atışma düşüb. 3 milyon 650 mindən artıq qaçqının Türkiyənin sosial mühitinə daxil olması ölkədə tarazlığı pozub. Çünki mədəniyyət, dil, yaşayış tərzi xeyli fərqlidir. Müxalifət qüvvələri də Türkiyə hakimiyyətinin suriyalı qaçqınlarla bağlı siyasətinə etiraz edir. Müxalifət bildirir ki, milyonlarla qaçqını qəbul etməyə ehtiyac yox idi. Həmin qaçqınların hamısı demək olar ki, Türkiyənin büdcəsindən maliyyələşir. Avropa Birliyi həmin qaçqınlara yardım məqsədilə Türkiyəyə vəd etdiyi 3 milyard dollar yardımı hələ tam ödəməyib və vaxtı uzatmağa çalışır. Bütün hallarda qaçqın amili Türkiyənin həm xarici, həm də daxili siyasətinə təsir göstərir. Türkiyə tərəfi Avropa İttifaqı ilə danışıqlarda suriyalı qaçqınlar məsələsini dəfələrlə qaldırıb. Hətta rəsmi Ankara bəyan edib ki, sərhədləri açıb qaçqınları Avropaya buraxa bilər.

Üç milyon qaçqının Avropaya daxil olması Qərb ölkələri üçün ciddi problem yarada bilər. Əgər son zamanlara qədər Ərdoğan iqtidarı qaçqın məsələsindən Avropa İttifaqına təsir edirdisə, indi bu problem AKP hakimiyyəti üçün bumeranq effekti verib. Avropa qaçqın məsələsini Türkiyənin daxilində müxtəlif şəkildə hallandırmağa çalışır. Qaçqınlarla bağlı Ərdoğan hakimiyyətini ən çox müxalif Cümhuriyyət Xalq Partiyası tənqid edir. Qərbdə və Avropadakı müttəfiqləri də CXP-ni dəstəkləyir. Yəni suriyalı qaçqınlardan bir-birinə qarşı istifadə etmək təbliğat kampaniyasına çevrilib. Lakin həmin qaçqınların hamısını mənfi cəhətdən xarakterizə etmək olmaz. Əslində, qaçqın problemi humanitar məsələdir. Azərbaycan özü də bu problemdən əziyyət çəkən ölkədir. Ermənistan, Gürcüstan, Özbəkistandan qaçqınlar qəbul etmişik, eyni zamanda 800 min nəfərə yaxın Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb. Suriyalıların hamısı sona qədər Türkiyədə yaşamayacaq. Amma onlara münasibət unudulmayacaq. Nəzərə almaq lazımdır ki, qaçqınlar Suriyada daha fəal olan nə İrana, nə də Rusiyaya getmədilər. Onlar əsasən, Türkiyəyə, İordaniyaya və Avropaya üz tutdular.

Onların arasında müsəlman və xristian ərəblər də var, ermənilər də, assurlar da. Bu Türkiyənin tolerantlığının göstəricisidir. Ermənistan da Suriyadan olan erməni qaçqınlardan özünün çirkin məqsədi üçün istifadə etməyə çalışır və onları Dağlıq Qarabağa yerləşdirir. Türkiyə Avropaya təzyiq vasitəsi kimi istifadə edir. Ali təhsilli türk gəncləri suriyalılarla əvəz edilməsi real görünmür. Çünki suriyalılar yerli şəraitə adaptasiya olunmalıdır. Dövlət dilini öyrənməli, vətəndaşlığı olmalıdır. İstisna hallar ola bilər. Amma burada müəyyən qərəzlilik var. Hətta yaxın gələcəkdə CXP hakimiyyətə gəlsə belə, suriyalı qaçqınlar məsələsində AKP hakimiyyətindən fərqli mövqe tutmayacaq. Həmin insanlara yardım edilməlidir. Bütün hallarda 3 milyon yarımdan artıq qaçqının məsələsi Türkiyənin humanitar problemidir. Türkiyə hakimiyyəti və müxaliləti vəziyyətdən çıxış yolu axtarmalıdır. Onları kütləvi şəkildə ölkədən çıxartmaq mümkün deyil. Türkiyə dövlətinin qaçqın probleminin həlli ilə bağlı proqramı olmalıdr. Həm iqtidar, həm müxalifət öz proqramını təqdim etməlidir. Türkiyədə hüquqi boşluq olduğundan vəziyyətə belə çətin həddə çatıb. Türkiyənin 82 milyon əhalisi var və onlara 3 milyon 657 min nəfər qaçqın əlavə olunub. Bu isə Türkiyə əhalisinin hər 17 nəfərindən birinin qaçqın olması deməkdir”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1805