t Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar hadisələri anıldı

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə 1990-cı ilin 20 Yanvar hadisələrinin törədilməsinin “Böyük Ermənistan” xülyası ilə yaşayanların Mixail Qorbaçovu siyasi oyuncağa çevirməsinin nəticəsi olduğunu deyib.

Şeyxülislam 20 Yanvar hadisələrində xalqın yanında olduğunu, QMİ-nin insanların ümid yerinə çevrildiyini xatırladıb:

"20 Yanvar hadisələrini anmaq on illiklər ərzində ürəyimizdə gəzdirdiyimiz qan yaddaşımızın təzahürüdür. 20 Yanvar bir tərəfdən xalqın sinəsinə çəkilən müsibət olsa da, digər tərəfdən azadlıq istəyi idi, bu hadisə minlərlə insanın qəlbinə azadlıq toxumu səpdi. 20 Yanvar hadisəsi insanlığa qarşı törədilmiş ən qanlı hadisə kimi yadda qalacaq".

Hacı Allahşükür Paşazadə deyib ki, 1990-cı il 20 Yanvar günü Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub: "20 Yanvar faciəsindən 30 il keçsə də tarixin o çətin dövrü unudulmur və daima xalqın yaddaşında qalacaq. 20 Yanvar hadisələri ilə bağlı yeni istintaq komissiyasının yaradılmasının, Qorbaçov başda olmaqla bütün cinayətkarların Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik".

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının yaddaşına həkk edilən mübarizə rəmzidir:

"20 yanvar faciəsi ərəfəsində Azərbaycanda tam hakimiyyətsizlik idi. Dövlət qurumları iflic vəziyyətdə idi. Qafqazın Şeyxi həmin vaxt şəhidlərin dəfn mərasimində idarəçilik məsuliyyətini üzərinə götürməsəydi, şəhidlərin dəfn mərasimi də parakəndə olardı. Həmin vaxt 20 Yanvar şəhidlərinin hərəsini bir yerdə dəfn etmək istəyirdilər. Allahşükür Paşazadə bu işi üzərinə götürdü və şəhidlərimizin dəfn mərasimi təşkil olundu.

20 Yanvar faciəsindən sonra da Azərbaycan xalqı mübarizcəsinə torpaqlarımızın azad olunması üçün şəhidlər verib, qorxmadan döyüşlərə atılıb. Bu gün Azərbaycan xalqı dövlət müstəqilliyini qorumağa qadirdir".

Komitə sədri qeyd edib ki, hər il 20 Yanvar şəhidlərlərini yüzlərlə insan ziyarət edir, şəhidlik zirvəsinin məkanı olan bu yer - Şəhidlər Xiyabanı xalq üçün and, örnək yerinə çevrilib.

Tədbirdə dini konfessiyaların rəhbərləri də 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan bəyənatı səsləndirilib.

Cebhe.info


Oxunma sayı: 584