hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qafqazda geosiyasi savaş: Rusiya Qarabağda hədəfə çevrilir

Qafqazda geosiyasi savaş: Rusiya Qarabağda hədəfə çevrilir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi düzəliş siyasi əhəmiyyətinə görə mühüm sənəd hesab edilir.

Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş, sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması 296 saylı düzəliş Dağlıq Qarabağ probleminin həllində obyektiv mövqe tutmaq üçün hüquqi əsas yaradır.

Konqres üzvləri Stiv Şarlot və Stiv Koenin hazırladığı həmin sənəddə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir.

Qeyd edək ki, bir qayda olaraq, rəsmi Vaşinqtonun verdiyi bəyanatlarda Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə tam dəstək verilib. Hər üç ölkədə baş verən siyasi münaqişələrə görə Rusiya birmənalı olaraq qınanıb. Lakin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ABŞ demək olar ki, fərqli münasibət sərgiləyib. Rəsmi Vaşinqton Ermənistanı işğalçı tərəf kimi tanımayıb.

Üstəlik, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ Azərbaycan əraqzilərini geri qaytarmaq üçün Ermənistana qarşı heç bir təzyiq və tələb irəli sürməyib. Siyasi analitiklər isə Amerikanın mövqeyindəki bu fərqli yanaşmanı Rusiya faktoru ilə izah edib. Yəni ABŞ Rusiya ilə açıq geosiyasi rəqib olduğuna görə Ukraynada, Gürcüstanda və Moldovada Kremlin yaratdığı münaqişələri, eləcə də işğal faktını birbaşa tanıyır. Dağlıq Qarabağın və ətraf rayonların işğalı Ermənistan tərəfindən həyata keçirilsə də Rusiyanın dəstəyi ilə mümkün olub. Ona görə də ekspertlər təklif edir ki, Azərbaycan ABŞ-ın və Avropa ölkələrinin bu məsələdə dəstəyini qazanmaq üçün Rusiyanın işğal prosesində rolu məsələsini açıq bəyan etməlidir.

Bu növbəti beynəlxalq sanksiyalarla üzləşmək istəməyən Rusiyanın Ermənistana dəstəyini geri çəkməçi üçün mühüm diplomatik addım olar.

Bu baxımdan, iyulun 21-də ABŞ Konqresində qəbul edilmiş düzəliş Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının tanınması deməkdir. Lakin bu məsələdə diqqəti çəkən iki məqam var. 296 saylı düzəlişə yanaşı, Frenk Pallone başda olmaqla erməni lobbisi ABŞ Müdafiə Nazirliyinin “Tərəfdaşların imkanlarının gücləndirilməsi” proqramına dəyişiklik edilməsi və Azərbaycana maliyyə yardımlarının dayandırılmasına dair qətnamə layihəsi irəli sürüb. Nümayəndələr Palatası erməni tərəfinin təklifini qəbul etməyib. Konqresin aşağı palatasında ermənipərəst konqresmenlərin sayca çox olduğunu nəzərə alsaq, Azərbaycanı dəstəkləyən düzəlişin səs çoxluğu qazanması diqqəti cəlb edir. Çox güman ki, bu Rusiya amili ilə bağlıdır. Çünki işğal faktının, o cümlədən Ermənistanın son günlər Azərbaycana qarşı başlatdığı hücum əməliyyatların arxasında Rusiyanın dayandığını bilən Vaşinqton bunu ABŞ-ın regiondakı maraqları üçün təhlükə hesab edirş.

Yəni konqresmenlər burada erməni diasporasının və lobbi qruplarının deyil, ABŞ-ın strateji maraqlarını nəzərə alıb. İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində gedən döyüşlərdə əslində, Qərbin maraqları üçün təhlükə yaradırdı. Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP və TAP qaz kəmərinin birinci hissəsi olan Bakı-Tiflis-Ərzurum boru xəttləri, Bakı-Tiflis Qars dəmir yolu xətti də daxil olmaqla Qərbin Mərkəzi Asiyaya çıxışını təmin edən Şərq-Qərb nəqliyyat dəhlizi məhz Tovuzdan keçir. Bu ərazilərin işğalı Azərbaycanın enerji və nəqliyyat marşrutlarının Qərbə çıxışının Rusiya tərəfindən bağlanması deməkdir. ABŞ və Avropa ölkələri ilk günlər müəyyən qədər sakit görünsə də Nümayəndələr Palatasında qəbul olunan düzəliş Qərbin bu məsələdə Rusiyaya ciddi xəbərdarlığı kimi qiymətləndirilir.

Politoloq Natiq Mirinin sözlərinə görə, 296 saylı düzəliş konqresmenlərin Azərbaycana olan rəğbətindən daha çox ABŞ-ın geosiyasi maraqları ilə bağlıdır. Çünki ABŞ son zamanlar Rusiyanın hərbi-siyasi fəallığının artdığını müşahidə edir. Həmin aktivliyin olduğu ərazilər isə ABŞ-ın və Avroatlantik məkandakı müttəfiqlərinin maraqlarına toxunur: “Ona görə də ABŞ bu sənədin qəbulu zamanı Azərbaycan, Gücüstan, Ukrayna və Moldovanı önə verməklə Rusiyanı hədəfə gətirdi. Bu Rusiya üçün yaxşı nəticələrə gətirib çıxartmayacaq. Çünki burada barmaq birbaşa Rusiyaya tuşlanıb. Söhbət Azərbaycanın qələbəsindən, yaxud lokal lobbi qruplarının fəaliyyətindən getmir. ABŞ-ın geosiyasi maraqları və prioritetləri var. Rusiya isə ona təhlükə yaradır. Bu səbəbdən ABŞ Rusiyaya yerini göstərdi. ABŞ bütün dünyaya bəyan etdi ki, postsovet məkanında süni olaraq yaradılan münaqişələrin ünvanı Rusiyadır. Ona görə də Rusiya cəzalanmalıdır. Doğrudur, orada Rusiyanın cəzalanması ifadəsi qeyd edilməyib. Ancaq sənədə nəzər salanda görmək olar ki, nəticə etibarı ilə Rusiya cəzalanacaq. Yəni Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq. Beləliklə, yeni sanksiyaların önü açıldı. Hesab edirəm ki, Konqresdə düzəliş ABŞ-ın maraqları ilə bağlı olduğu üçün qəbul olundu. ABŞ-ın maraqları olan yerdə hansısa qrupların, o cümlədən erməni lobbisinin fəaliyyəti arxa plana keçir. Azərbaycana münasibətdə də həmişə ikili yanaşma mövcud olub. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkə indiyə qədər BMT Təhlükəsilik Şurasının onlara verdiyi mandata uyğun fəaliyyət göstərməyib. Təəssüflər olsun ki, Azərbaycan bununla bağlı sorğu verməyib. Azərbaycan fəaliyyətizliyinə görə, Minsk Qrupunun həmsədrliyinin dəyişdirilməsini tələb etməli idi. Xarici işlər nazirinin dəyişməsi üçün 27 il gözləmək lazım deyildi”.

Natiq Miri bildirdi ki, ABŞ Konqresində qəbul olunan düzəliş bilvasitə Tovuzdakı döyüşlərlə bağlıdır. “Tovuzdakı əməliyyatlardan sonra Rusiya “Qafqaz-2020” hərbi təlimlərinə start verdi.

Bu həm Cənubi Qafqaza, hə də Ukraynaya qarşı hərbi təhdid idi. Rusiya Xəzər dənizində də hərbi təlimlər keçirəcəyini elan etdi. ABŞ isə hadisələri və prosesləri dəqiq qiymətləndirəndən sonra reaksiya verir. Bu, nadir hallarda qanunvericilik şəklində təsbit olunur. Deməli, ABŞ Tovuz hadisəsindən doğan nəticəni dəqiq qiymətləndirdi və bu döyüşlərin arxasında Rusiyanın dayandığı barədə dəqiq nəticə çıxartdı. Rusiya Qərbin və Türkiyənin enerji təminatında iştirak edən Azərbaycana və Türkiyəyə təzyiq etməyə çalışır. Çünki Qara qaya yüksəkliyinin alınması həm Azərbaycana, həm də dolayısı ilə Türkiyəyə qarşı Rusioyanın mövqelərini gücləndirə bilərdi. Bu məsələ yalnız Tovuzdakı hadisələrlə məhdudlaşmır. Hazırda Rusiyanın Liviyadakı vəziyyətlə bağlı Türkiyə ilə fikir ayrılığı var və tərəflər danışıqlar masasında ortaq mövqeyə gələ bilmir. Çünki Rusiyanın mövqeləri hələ zəifdir. Tovuzdakı strateji yüksəkliyi ələ aldıqdan sonra masaya arxayın oturmaq istəyən Rusiya Azərbaycan ordusunun Ermənistana ağır zərbə vurması sayəsində uğursuzluğa nail oldu. Rusiya anladı ki, Ermənistanın sınıq-salxaq ordusuna güvənmək olmaz”.

“Düzəlişin bir zərbəsi də Ermənistana dəyəcək”

Politoloq hesab edir ki, Nümayəndələr Palatasında qəbul edilən düzəlişin bir zərbəsi də Ermənistana dəyəcək. Çünki qanunverici orqan tərəfindən Ermənistanın işğalçı olduğu təsbit edildi. Bu işğal nəticəsində Azərbaycanda zərə çəkən insanlara qədər aydınlıq gətirildi. “Bundan sonra ABŞ Ermənistanda Azərbaycandan olan qaçqınlara maliyyə yardımının dayandırılmasına və ya azaldılmasına rəvac verə bilər. İşğaldan zərə çəkmiş Azərbaycan vətəndaşlarına isə yardımların həcmi artırıla bilər.

Həmçinin Ermənistanın bu məsələdə dayanıqsız bir ölkə olduğu üzə çıxdı və Nikol Paşinyanın “inqilabçı demokrat” imicinə zərbə dəydi. Əslində Corc Sorosun pulları hesabına inqilab edib hakimiyyətə gələn Paşinyan Rusiyanın təşkil etdiyi hərbi təxribatda iştirak etdi. Bu təxribat əvvəlcədən planlaşdırılıb vəhərbi təxribatın miqyası dəqiqləşdirildikdən sonra Ermənistana yüksək səviyyəli silahların göndərilməsi təşkil olunub. Bu prosesi Rusiya və Ermənistan Serbiya, Gürcüstan üzərindən həyata keçiriblər. ABŞ həmin informasiyaları əldə etdikdən sonra Vaşinqtonun nəzərində Ermənistan amili çox ciddi zərbə aldı”.

Qeyd edək ki, ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Co Baydenin qələbə şansı çox yüksək görünür. O, qalib gələcəyi təqdirdə xarici siyasətdə Rusiyaya qarşı mübarizəni əsas prioritetlərdən birnə çevirəcəyini bəyan edib. Bayden prezident seçilərsə, Rusiyaya qarşı təzyiq siyasətin Ermənistan-Azərbaycan münaqişəsinə də təsir göstərə bilər. Natiq Mirinin fikrincə, 296-cı düzəliş münaqişənin arxasında Rusiyanın dayandığını üzə çıxarır. Digər tərəfdən, Azərbaycan işğal altındakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, Rusiyanın müdaxilə imkanları məhdudlaşacaq. Əks təqdirdə, Rusiya postsovet məkanında baş verən işğalçılıq siyasətinin arxasında dayanığını sübut etmiş olar.

“Bayden hakimiyyətə gələrsə, Rusiyaya münasibətdə fərqli yanaşmanın şagidi olacağıq. Əslində, Bayden sabiq prezident Obamadan fərqli olaraqq, Rusiyaya qarşı daha sərt mövqeyə malikdir. Barak Obama Suriya siyasətində böyük səhv etdi. BMT Baş Assambleyasının sessiyasında Rusiyanın Suriyaya hərbi müdaxiləsinə razllıq verdi. Baydenin Trampdan və Obamadan fərqli siyasət yürüdəcəyini düşünürəm. Ancaq Azərbaycan özü proses yaratmalıdır. Tovuz döyüşlərindən sonra Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır. Bütün dünya ölkələrinin, o cümlədən Rusiyanın başının pandemiyaya qarışdığı bir vaxtda Azərbaycan öz ətrazilərini azad etməlidir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə Türkiyənin də geniş dəstəyindən istifadə etməlidir. Azərbaycan Türkiyə ilə hərbi sazişi yeniləməlidir. Biz bunun müsbət nümunəsini Liviyada gördük. Tükiyə artıq müstəqil siyasət yürüdür və istər Suriyada, istər Liviyada baş verən əməliyyatlar göstərdi ki, belə məsələlərdə rəsmi Ankara əvvəlkindən fərqli olaraq, NATO-nun icazəsi ilə hərəkət etmək fikrində deyil. Azərbaycan da bu imkandan öz ərazilərini azad etmək üçün faydalanmalı, Türkiyəni ehtiyac yaranarsa, dəvət etməlidir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 20329