hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qafqazda yeni düzən: Pompeo niyə gəlmişdi?

Qafqazda yeni düzən: Pompeo niyə gəlmişdi?

ABŞ dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri başa çatıb.

Tramp administrasiyasının dönəmini başa vurmağa hazırlaşdığına görə Pompeonun yeddi ölkəyə səfərə çıxması vida turnesi kimi şərh olunub. Lakin analitiklər hesab edir ki, Dövlət Departamentinin rəhbəri getdiyi ölkələrdə ciddi siyasi mesajlar verib. Bu baxımdan, onun Gürcüstana səfəri də səbəbsiz deyil. Mayk Pompeonu hamıdan öncə qarşılamağa çalışan Gürcüstan müxalifəti diqqəti daha çox oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə cəlb etməyə çalışıb. Qeyd edək ki, parlamentə deputat yeri qazanmış doqquz müxalifət partiyası seçkilərin saxtalaşdırıldığını iddia edərək mandatdan imtina edib. Müxalifət fəalları səhər saat 11-dən etibarən Rustaveli və Melikişvili prospektlərində canlı sədd quraraq Mayk Pompeo ilə saxta seçkilər problemini müzakirə etməyə çalışıb.

Aksiya iştirakçıları əllərində Gürcüstanın və ABŞ-ın bayraqlarını və üzərində “Saxtalaşdırıldı!” sözü yazılmış plakat qaldırıblar. Lakin seçki məsələsi Pompeonun səfərinin gündəliyində olmayıb. O, Baş nazir Georgi Qaxariya, Prezident Salome Zurabişvili və Patriarx II İlya ilə görüşüb.

Bundan başqa, o, məhkəmə sisteminin vəziyyəti ilə bağlı vətəndaş cəmiyyətinin nümayəndələrinin fikirlərini öyrənib. Eyni zamanda hökumət rəsmiləri bu səfərin Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində planlaşdırıldığını, keçirilən görüşlər zamanı daxili siyasi məsələlərə toxunulmadığını, müdafiə məsələləri və ticarət-iqtisadi əlaqələrin müzakirə olunduğunu bildirib. Ancaq Mayk Pompeonun səfəri ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kellinin tənqidinə səbəb olub.

“Pompeo seçki nəticələrinin mübahisələndiyi Gürcüstandadır. O, yalnız hökumətlə görüşür. Bu səhvdir”-deyə Kelli özünün “Twitter” hesabında yazıb. Ekspertlər isə hesab edir ki, ABŞ dövlət katibinin Gürcüstana səfəri daha çox regional məsələlər, dolayısı ilə Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlardan sonra yaranmış vəziyyətlə bağlıdır.

Gürcüstan-Amerika Universitetinin professoru Levan Bodzaşvili Rusiyanın öz hərbi qüvvələrini Dağlıq Qarabağda yerləşdirdiyini nəzərə alaraq, Amerika hərbçilərinin Gürcüstanda daimi qalma ehtimalını nəzərdən keçirmək istəyi ilə dövlət katibinə açıq məktub yazıb. Gürcü müşahidəçilərinin əksəriyyəti Pompeonun səfərinin əsas məqsədinin İrəvan, Bakı və Moskva arasındakı razılaşmadan sonra yaranan geosiyasi vəziyyətlə bağlı olduğunu güman edir.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 11936

Bizim Telegram səhifəmizi izləyin