hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Qafqazda yeni gərginlik ocağı

Qafqazda yeni gərginlik ocağı

Gürcüstan prezidenti Salome Zurabişvili Pankisi vadisində çeçenlərlə hüquq-mühafizə orqanları arasında baş vermiş qarşıdurmaya münasibət bildirib. 

Xanım Zurabişvili polislərə qarşı zorakılığın yolverilməz olduğunu deyib. Prezident bildirib ki, ərazisi işğal olunmuş, sabitliyin və sərhədlərinin mühafizəsi həyatı əhəmiyyət daşıyan dövlət üçün bu, yolverilməzdir. O, vadidə yaranmış vəziyyətin zəruri şəkildə həllinə nail olduqlarına görə ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib. 

Xatırladaq ki, Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq Pankisi dərəsində etiraz aksiyası keçirilib. Əsasən çeçenlərdən ibarət aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Alazan çayı üzərində 5,4 meqavat gücündə “Xadori 3” SES-in tikintisi planlaşdırılır. Tikinti işlərinə 2018-ci ildə başlanmalı idi. Lakin o zaman yerli əhali SES-in bölgə üçün ciddi ekoloji təhlükə mənbəyi olacağını iddia edərək tikintinin qarşısını almışdı.

Hökumət həmin ərazidə ekspertiza apardıqdan sonra SES-in tikintisinin ətraf mühit və Birkiani kəndinin əhalisi üçün təhlükə yaratmayacağını bildirib. “Alazeni Enerji” və “Peri” şirkətləri aprelin 21-də tikintiyə başlamaq üçün əraziyə texnika gətirib. Lakin yerli əhali yolu bağlayaraq tikintiyə imkan vermir. Polislə aksiya iştirakçları arasında baş vermiş toqquşmalarda onlarla avtomobil zədələnib, 50 nəfərdən artıq şəxs xəsarət alıb. Etirazçılar polisləri daşa basıb. Yaralananların əksəriyyətinin polis əməkdaşı olduğu bildirilir. Aksiya iştirakçıları geri çəkilmək niyyətində olmadıqlarını bəyan edib.

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya SES-in inşasına etiraz edən yerli sakinlərlə danışıqlara başlayıb. Etirazçılar əhalinin 9 faizinin bu tikintinin əleyhinə olduğunu deyib. 
Lakin ərazidə gərginlik səngiməyib. Georgi Qaxariya polisə müqavimət göstərərək xəsarət yetirənlərin cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Sakinlər isə bir nəfərin saxlanılacağı təqdirdə bunu Gürcüstan hakimiyyətinə bağışlamayacaqlarını bəyan ediblər. 

Gürcüstan politoloqları Pankisi dərəsində baş verən hadisələrdə Rusiyanın əlinin olduğu qənaətini irəli sürür. Belə ki, çeçenlərlə gürcülər arasında milli münaqişənin yaranması indiki halda yalnız Rusiyanın xeyrinə işləyə bilər. Məlum olduğu kimi, Rusiya çeçenlərin münaqişə tərəfi olduğu ərazilərrə terrorçuluğa qarşı mübarizə adı altında hərbi müdaxilə edib. Bu baxımdan, Pankisi dərəsində baş verənlər Rusiya üçün Gürcüstana növbəti təcavüz üçün potensial təhlükəyə çevrilə bilər. 

Politoloq Natiq Miri hesab edir ki, Pankisi dərəsində milli münaqişənin yaranması Rusiyaya Qara dəniz regionu və Cənubi Qafqazda geosiyasi maraqlarını qorumaq üçün lazımdır: 

“Pankisi dərəsi Gürcüstan üçün problemli bölgədir. Orada digər etnik azlıqlar çoxluq təşkil etdiyi üçün Rusiya həmin ərazidə müxtəlif zamanlarda hərbi-siyasi təxribatlara əl atır. Bu da Gürcüstan dövlətinə siyasi təzyiq məqsədi daşıyır. Çünki son zamanlar Gürcüstanla NATO-nun əlaqələri xeyli güclənib ki, bu da Rusiyanı ciddi şəkildə narahat edir. Rusiya Ukraynanın Krım və Sevastopol əyalətlərini ilhaq edəndən sonra Qara dənizdə mövqelərini xeyli möhkəmlədib. Rusiya beləliklə, həm dənizdə, həm də havada öz nəzarətini təmin edib. Rusiyaya əngəl ola bilən regional amillərdən biri Gürcüstandır. Çünki Gürcüstan vasitəsilə NATO öz hərbi müdaxilələrini genişləndirir. Gələcəkdə Gürcüstanı üzvlüyə qəbul etməklə Cənubi Qafqaz NATO-nun sərhədləri sayılacaq. Bu da Rusiyanı narahat edən amildir. Ona görə də Pankisi dərəsində baş verənlərə sıradan bir hadisə kimi baxmaq doğru deyil. İstilik Elektrik Stansiyasının inşası gələcəkdə bölgədə enerji təminatını artırmaq baxımından Gürcüstan dövlətinin maraqlarına cavab verir. Bu həm də həmin bölgədə yaşayan əhalinin enerjiyə olan ehtiyacını təmin etmiş olar. Amma qeyd edilənlərin tam əksinin müşahidə olunması müəyyən suallar yaradır. Bunun da arxasında Rusiya amili dayanır. Rusiya NATO-ya bərabərhüquqlu üzv olmaması üçün Gürcüstana bütün istiqamətlərdə təzyiq göstərir. Əgər Gürcüstan NATO-ya daxil olarsa, alyansın şərq sərhədləri Cənubi Qafqazda olacaq. Kreml onu da anlayır ki, bu proses Gürcüstanla məhdudlaşmayacaq. Bunun gələcəkdə Azərbaycana, hətta Ermənistana da təsiri və sirayət etmək imkanları çox böyükdür. Bütün bunlar strateji baxımdan, NATO-nun planlarına daxildir. Ona görə də Pankisi dərəsində baş vermiş aksiyanın arxasında siyasi məqsədlərin dayandığını, daha konkret desək, Rusiya izlərinin olduğunu düşünürəm”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2926