hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Qan çanağına dönən yollar: Yol polisi ölümün qarşısını bu yolla almağı düşünür

Qan çanağına dönən yollar: Yol polisi ölümün qarşısını bu yolla almağı düşünür

Son 40 gündə 93 nəfər yol qəzalarında dünyasını dəyişib. 

Bu rəqəm təxminən, günə 2 nəfərdən artıq insan deməkdir. Bu açıqlama ilə yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı çıxış edib. Qeyd olunan statistika ictimaiyyətdə ciddi narahatlıq doğurub. 

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sözügedən statistikanın ölkə üzrə olduğunu istisna etməyib:

“Ola bilər ekspertin təqdim etdiyi bu statistika ölkə üzrə olan nəticələrdir. Amma Bakı şəhəri üzrə 3 ayda 116 yol qəza hadisəsi baş verib. Onlardan 33 nəfəri dünyasını dəyişib, 107 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisə edəndə 19 yol qəza hadisənin sayı azalıb. Xəsarət alanlardan bir nəfərin, ölənlərdən isə 19 nəfərin sayında azalma var. Yəni Bakı şəhəri üzrə 14, 1 faiz yol-nəqliyyat hadisələrinin, 36, 5 faiz ölənlərin, 0,9 faiz isə xəsarət alanlarda azalma olub”. 

Vaqif Əsədov yol-nəqliyyat qəzalarının əsas səbəblərindən danışıb. O, deyib ki, sürücü səhlənkarlığı və piyada diqqətsizliyi baş verən bütün qəzaların əsas prioritetlərindəndir: 

“Bununla yanaşı ümumi hadisələrin təxminən 60 faizi təyin olunmayan yerllərdən keçən piyadaların vurulması, 37 faizi sürət həddinin aşması, 30 faizi qarşıdan gələn nəqliyyatın yoluna çıxmaq, 19 faizi yol ayrıcının keçmə qaydalarının pozulması ilə bağlıdır. Bu gün piyadaların avtomobillə vurulmasının qarşısının alınması üçün 80-nə yaxın yeraltı, yerüstü piyada keçidləri tikilib istifadəyə verilib. Hələ yenə də bu keçidlərin tikintisi davam etdirilir. Bütün bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə hesablanıb”. 

Qurum rəsmisi deyib ki, ölkədə yol-nəqliyyat hadisələrinin sayının azalmasında təkcə yol polisləri deyil, evlərdə valideynlərin, məktəblərdə isə müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür: 

“Bu baxımdan hesab edirəm ki, təbliğatı yüksək səviyyədə etməliyik. Geniş auditoriya qarşısında olub, yol hərəkəti qaydalarını şüur səviyyəsinə təsir edəcək formada təbliğatını aparmaq lazımdır ki, bu cür hadisələr baş verməsin. Hər il avtomobillərin, küçə və yol birləşmələrinin, işıqforla tənzimlənən yol ayrıcılarının sayı artır, küçə və yolların uzunluğu müasir tələblərə gətirilir, eləcə də sürət həddi artırılır. Amma yol polislərinin sayı olduğu kimidir. Son 20 ili müqayisə etsək, istər ölkədə, istərsə də Bakı şəhəri üzrə 500 hadisə azalıb”, - deyə Vaqif Əsədov əlavə edib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1519