hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Qanunda qadağa, cəzası şallaq: PKK İran bazarını içki ilə elə təmin edir ki... - Dünyada 9-cu yerdə

Qanunda qadağa, cəzası şallaq: PKK İran bazarını içki ilə elə təmin edir ki... - Dünyada 9-cu yerdə

Müsəlman ölkələrində spirtli içkilərin istehlak həcminin artması qanunsuz ticarət dövriyyəsi məsələsini gündəmə gətirir. 

Məsələn, bir neçə gün əvvəl spirtli içkilərin dövriyyəsi qanunla qadağan olunan İran İslam Respublikasında alkoqol istehlakının ötən dövrlərə nisbətən artması haqqında hesabat yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, İran davamlı içki içən ölkələr arasında bir nəfərə düşən alkoqol istehlakına görə 189 ölkə arasında 9-cu yeri tutub. Tunis isə içki içmək sahəsində indeksə görə digər ölkələr arasında “məğlubedilməzdir”. 2016-cı ildə bu ölkədə 36.6 litr alkoqol istehlak edilib. Tunisdən sonra sıra ilə Svazilend, Maldiv adaları, Əfqanıstan, Namibiya, Cənubi Afrika, Əlcəzair və Türkiyə İrandan yüksək yer tutur. 

Alkoqol istehlakı Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə və Livanda digər müsəlman ölkələrinə görə daha yüksəkdir. 

Maraqlıdır, İran və digər müsəlman ölkələrində spirtli içkilərin dövriyyəsi necə tənzimlənir? İranda spirtli içkilərin dövriyyəsinin qadağan olunduğunu nəzərə alsaq, bu “qara bazar”ın yaranmasına necə imkan yaradılır? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən İran üzrə ekspert Sədrəddin Soltan bildirib ki, İranda ixrac həyata keçirmək üçün nəzərdə tutulan konyak zavodları mövcuddur:

“İranda kustar üsulla spirtli içkilər hazırlanır. Hətta İranda ermənilərə spirtli içki hazırlamaq və ondan istifadəyə icazə var. Yəni bir erməni küçədə ictimai asayişi pozmadan içkili vəziyyətdə gəzə bilər. Amma türk və fars belə hallarda şallaqla cəzalandırılır, həbs edilir. Çünki müsəlmanlara içki qanunla qadağandır. İranın alkoqolu haradan əldə etməsinə gəldikdə, İranda çox böyük konyak, şərab zavodları var. Məsələn, Güney Azərbaycanın Urmiya şəhərində belə zavodlar işləyir. Bununla yanaşı, Xorasan və Qəzvində də belə zavodlar var. Konyak xaricə ixrac üçün nəzərdə tutulur, orada üzüm şirələri də istehsal olunur. İran spirt istehsalına görə də dünyanın aparıcı ölkələrindəndir. Tibbi spirt də hazırlanır ki, onlar apteklərdə reseptlə satılır”. 

Politoloq vurğulayıb ki, İranın içki istehlakında qaçaqmalçılıq yolu ilə əldə olunan spirtli içkilər xüsusi yer tutur. Həmçinin, alkoqol istehlakının çox olması cəmiyyətdə qadağaya olan maraqla bağlıdır: 

“Bundan başqa İrana qonşu ölkələrdən spirtli içkilər qaçaq yolla da gətirilir. Əgər xarici ölkə diplomatlarına spirtli içki təklif edən şirkətlər varsa və bu şirkətlər öz fəaliyyətlərini açıq şəkildə həyata keçirirlərsə, həmin şirkətlər ölkəyə idxal etdikləri məhsulları “qara bazar”a da çıxara bilərlər. Məsələn, İran bazarlarında gizli şəkildə viski, hətta Avropada istifadə olunan ən bahalı içkiləri belə almaq mümkündür. Ölkənin spirt istehlakına görə 9-cu sırada olması təsadüfi deyil. İranda bir şüar vardı. Məhəmməd Rza şahın dövründə deyirdilər ki, çöldə araq içib, evdə namaz qılırlar. İndiki rejimdə isə onlar çöldə namaz qılıb, evdə araq içirlər. Yəni bu qadağalar əksinə spirtli içki, eləcə də narkotik maddələrdən istifadənin artmasına səbəb olur. Çünki müvəqqəti olaraq mövcud problemlərdən uzaqlaşmaq istəyən ictimaiyyət bəzən çıxış yolunu alkoqollu içkilərin, narkotik maddələrin istifadəsində görürlər. İstifadənin çox olmasının ən başlıca səbəbi qadağadır. İnsanlar qadağa olunmuş məsələlərə daha çox meyil edirlər. Məsələn, İran Orta Şərqdə kosmetik məhsulların ən çox istifadə olunduğu ölkədir. İranda qadınların hicabsız gəzməsi, dəblə makiyaj olunması qərb mədəniyyətindən sayılmasına baxmayaraq, qadınlar kosmetik vasitələrdən çox istifadə edir. Rejim nəyi qadağan edirsə, cəmiyyət ondan daha çox istifadə edir. Burada hakimiyyətə qarşı bir etiraz var, amma xarici qüvvələrin də rolu istisna edilmir”. 

Sədrəddin Soltan qeyd edib ki, İrana alkoqolu qaçaq yolla gətirənlər İraqdakı terror təşkilatlarının nümayəndələridir: 

“Əvvəllər İraqdakı kürdlərin vasitəsilə İrana spirtli içkilər gətirilirdi. İran inqilabından sonra bu daşıma davam edib. Bu içkiləri heç şübhəsiz daha çox terror təşkilatları ilə əlaqəsi olanlar gətirir. Onlar spirtli içkiləri sataraq əldə etdikləri pulla silahlanırdılar. İrana spirtli içkiləri gətirənlər PKK-çılar olub. Onlar bu gün də dayanmır. Düzdür, onlar özlərini rəsmi şəkildə PKK-çı saymasalar da, həmin o təşkilatların nəzarəti olmadan heç bir kürd etnosunun təmsilçisi İrana qaçaq yolla spirtli içki gətirə bilməz. Çünki həmin silahlı dəstələr İrana qaçaqmalın gətirilməsinə nəzarət edirlər. Digər tərəfdən, Əfqanıstandan da narkotik maddə, spirtli içki, Pakistan tərəfdən spirtli içkilər gətirilə bilər. Yəni qaçaq yolla İran bazarının spirtli içki ilə təminatı mümkündür. İranda spirtli içki içmək istəyən insan heç vaxt “korluq” çəkmir. Hətta İranda bahalı içkiləri qonşu ölkələrdən də ucuz qiymətə tapmaq mümkündür”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2245