hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Qarabağ danışıqları dalana dirəndi? - Tofiq Zülfüqarov şərh edir

Qarabağ danışıqları dalana dirəndi? - Tofiq Zülfüqarov şərh edir

Fevralın 16-dan 18-dək Almaniyanın Münhen şəhərində keçiriləcək.

Təhlükəsizlik Konfransında Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.“Təəssüf ki, illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar nəticə vermir”.Xarici işlər naziri Elmar Məmmədyarov “The Korea Times”-a müsahibəsində belə deyib.

“Ancaq Ermənistanda baş verən son hadisələr, Azərbaycan prezidenti ilə Ermənistanın Baş naziri arasındakı söhbətlər, eləcə də erməni həmkarı ilə görüşlər danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradır. 2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında intensiv nəticələrə yönəldilmiş danışıqlara imkan verən bir mühitin saxlanması üçün davamlı səylərinə görə tərəflərə minnətdarlıq ifadə olunub. Sənəddə əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi zərurəti ilə bağlı hər iki tərəfin razılığa gəldiyi bəyan edilib.Bəyanatda qeyd olunub ki, danışıqların dinamikasına güclü təkan vermək üçün tərəflər Azərbaycan və Ermənistan liderləri arasında mümkün zirvə görüşünə dair növbəti addımları nəzərdən keçirir”-Məmmədyarov belə deyib.

Nazir, həmçinin bildirib ki, Azərbaycan danışıqları əhəmiyyətli nəticələr əldə etmək üçün aparır.Bu isə, Azərbaycanın prinsipial mövqeyidir.

"Ümumiyyətlə, qeyd etmək istərdim ki, Ermənistanın mövcud rəhbərliyi yaxşı qonşuluq fəlsəfəsinə uyğun olaraq regionda sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq üçün münaqişənin həlli üçün siyasi iradəni nümayiş etdirməlidir. Ümid edirik ki, bu il erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması baxımından bəzi tərəqqiyə nail olunacaq. Münaqişənin həllində irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şərait yaratmaq, ilk növbədə Ermənistanın iqtisadi inkişafı üçün imkanlar açır".

Ekspertlər isə hesab edir ki, artıq Azərbaycan və Ermənistan arasındakı danışıqlar və ya hər hansı razılaşmanın baş tutması ATƏT-in Minsk Qrupunun vasitəçiliyi olmadan da baş tuta bilər.Məsələn, rusiyalı politoloq Stanislav Tarasov bu baxımdan, diqqəti Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə və Davosda keçirilən qeyri-rəsmi görüşlərinə çəkir.Tarasovun sözlərinə görə, hər iki görüş həmsədrlərin səyləri olmadan, yəni dövlət və hökumət başçılarının şəxsi təşəbbüsü ilə baş tutub.

Bu isə danışıqlar prosesində tamamilə yeni mərhələ kimi qiymətləndirilir.Yəni Azərbaycan və Ermənistan arasında danışıqların birbaşa təmaslarla qurulması vasitəçi format kimi Minsk Qrupuna ehtiyac olmadığını təsdiq edir.Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun öz funksiyasını itirdiyinə dair rəylər dəfələrlə səslənib.Artıq Minsk Qrupunun missiyası olmadan da həm prezident İlham Əliyevlə Nikol Paşinyanın, həm də xarici işlər nazirləri birbaşa görüşmək və danışıqlar prosesini razılaşdırmaq imkanına malikdir.Lakin bu, tərəflərin Minsk Qrupundan imtina etməsi anlamına gəlmir.Sadəcə olaraq, vasitəçilərin fəaliyyətsizliyi fonunda Azərbaycan və Ermənistanın birbaşa təmas qurması daha səmərəli nəticə verə bilər.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, danışıqlar prosesində vasitəçilərin iştirak edib-etməməsi aktuallıq kəsb etmir: 

“Biz danışıqlara nəzərə salsaq görərik ki, əsas məsələ həmsədrlərin iştirakı məsələsi deyil. Əsas problem ondan ibarətdir ki, Paşinyan münaqişənin həllinə münasibətdə Ermənistanın daha radikal mövqeyini təqdim edir.Belə mövqe çərçivəsində aparılan danışıqların perspektivi yoxdur.İndi xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir.Nazirlər də dövlət başçılarına tabe olan şəxslərdir.Paşinyanın müəyyən etdiyi formatın çərçivəsində hansısa irəliləyiş mümkündür.Paşinyan isə bəyan edir ki, sülh müqabilində ərazilər qaytarılmayacaq.Bu da göstərir ki, Ermənistan birmənalı şəkildə torpaqları qaytarmaq fikrində deyil.Əgər məsələ belə qoyulursa, o zaman Azərbaycanın danışıqları aparmaq üçün heç bir əsas qalmır.Ona görə də həmin danışıqlarda Minsk qrupu həmsədrlərinin iştirak etməsi heç bir əhəmiyyət kəsb etmir.Ermənistanın bəyan etdiyi mövqedən sonra Azərbaycanın danışıqları aparması üçün mövzu qalmır.Həmsədrlərin mövqeyi isə çox məhdud mandata əsaslanır.Onlar 1992-ci ildə qəbul olunmuş mandata görə Dağlıq Qarabağ probleminin həllinə dair danışıqları təşkil etməlidir.Onların vəzifəsi işğala son qoyulması, BMT- Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, torpaqların azad olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün konfransı təşkil etməkdən ibarətdir.Amma Ermənistanın bütün ərazilərə iddia etməsi məsələsi ilə məşğul olmaq həmsədrlərin mandatına uyğun deyil.Azərbaycan Dağlıq Qarabağda separatçı rejimin olduğunu bəyan edir.Halbuki, orada separatçı rejim yoxdur, Ermənistanın ilhaq siyasəti var. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var. Bu iddialar heç də Dağlıq Qarabağla yekunlaşmır.İndi isə Ermənistan açıq şəkildə bütün işğal edilmiş ərazilərə iddia edir.Bu baxımdan, biz reallığı görməliyik.Həmsədrlərin görüşlərdə iştirak edib-etməməsi xırda məsələdir.Dərk etmək lazımdır ki, Ermənistanın mövqeyi nədən ibarətdir.Azərbaycanın siyasəti də buna uyğun olmalıdır”.

Diplomat bildirdi ki, əvvəllər Robert Koçaryan və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz niyyətlərini dilə gətirmirdisə, indi Paşinyan açıq şəkildə ifadə edir. Ona görə də Münhen danışıqlarında ciddi irəliləyişin əldə olunacağı gözlənilmir: 

“Paşinyanın bu bəyanatından sonra Mnasakanyan fərqli heç nə deməyəcək. Yaxud, Azərbaycanın xarici işlər naziri işğal olunmuş ərazilərin azad olunmasını tələb edəcək?Bu, mümkün olan şey deyil.Mənim fikrimcə, Azərbaycanda Dağlıq Qarabağ problemi ilə bağlı geniş ictimai müzakirələr yoxdur.Hesab edirəm ki, bu məsələnin Milli Məclisdə geniş şəkildə müzakirəyə çıxarılmasının vaxtı çatıb.Bununla bağlı konkret fikir formalaşmalıdır.Çünki Paşinyanın bəyanatından sonra danışıqlar üçün heç bir mövzu qalmayıb.Biz bunu dərk edib Ermənistanın mövqeyinə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq.Münhendə və ya başqa yerdə görüşmək xırda məsələlərdir.Ona vaxt ayırmağa dəyməz”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1090