hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Qarabağ münaqişəsinin həlli üçün “Helsinki Yekun Aktı”- TAM MƏTN

Qarabağ münaqişəsinin həlli üçün “Helsinki Yekun Aktı”- TAM MƏTN

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünə hazırlıqla bağlı bəyanat yayıb.

“Bu, iki liderin həmsədrlər tərəfindən təşkil edilmiş, ilk, birbaşa görüşü olacaq”. Cebhe.info-nun məlumatına görə, ATƏT-in saytında yerləşdirilmiş bəyanatda belə qeyd edilib.

Həmsədrlər bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli “Helsinki Yekun Aktı”nın prinsiplərinə, xüsusilə də güc tətbiq etməmək, ərazi bütövlüyünün təmin olunması, hüquqi bərabərliyi, xalqların öz müqəddaratını təyinetmə hüququna əsaslanmalıdır.

“Bura 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentlərinin təklif etdiyi əlavə elementlər də daxil olmalıdır: Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalı, Dağlıq Qarabağda müvəqqəti özünüidarəetmə və təhlükəsizlik statusu müəyyən edilməli, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz təmin olunmalı, Dağlıq Qarabağın yekun statusu müəyyən edilməli, qaçqınların və məcburi köçkünlər hüququları təmin olunmaqla öz yaşayış yerlərinə qaytarılmalı, sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsilik tədbirləri görülməlidir”.

Həmsədrlər qeyd edib ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli, uzunmüddətli nizamlanmasının əsasları kimi qəbul olunmalıdır.

Bəyanatda açı çəkilən “Helsinki Yekun Aktı” nədirə

1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi keçirilib. Onlar “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Haqqında Zirvə Aktı”nı imzaladılar. Həmin sənəd 1960-cı illərin sonu- 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması, beynəlxalq aləmdə "soyuq müharibə" gərginliyinin zəiflədilməsi istiqamətində dönüş hesab olunur.

Sözügedən akt 1973-cü il iyulun 3-dən başlayaraq Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair üç mərhələdən ibarət danışıqların nəticəsində qəbul olunub.

1975-ci il avqustun 1-də qəbul olunmuş “Helsinki Yekun Aktı”na görə müşavirə iştirakçıları 10 fundamental prinsipi rəhbər tutmalı idilər:

1.Suveren bərabərlik prinsipi;
2. Zor işlətməmək prinsipi;
3. Sərhədlərin toxunulmazlığı prinsipi;
4. Dövlətlərin ərazi bütövlüyü prinsipi;
5. Mübahisənin dinc yolla həll olunması prinsipi;
6. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi;
7. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi;
8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi;
9. Dövlətlər arasında əməkdaşlıq prinsipi;
10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi.

Azərbaycan Respublikası 1992-ci ilin yanvarında ATƏM-in (ATƏT) üzvü olmaqla “Helsinki Yekun Aktı”nda əksini tapmış öhdəlikləri qəbul edib.

1995-ci ilə aid müvafiq ATƏT sənədində qeyd olunduğu kimi, Minsk qrupunun həmsədrlərinin mandatının əsasını BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə bərabər “Helsinki Yekun Aktı” təşkil edir.

“Helsinki Yekun Aktı” güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə, gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır. Bu məqsədlə “Helskin Yekun Aktı” BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib. Nəticə etibarilə, bunlar “Helsinki Yekun Aktı”nda ərazi bütövlüyü fundamental normasından irəli gələn ardıcıl prinsiplər kimi müəyyən olunub. “Helsinki Yekun Aktı”nın 8-ci bəndi isə öz müqqəddəratını təyinetmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.

ATƏT-in üzv dövləti olaraq Ermənistan Respublikası “Helsinki Yekun Aktı” ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. İşğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır.

Ermənistan Azərbaycana qarşı qeyri-qanuni əməllərini, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, işğal olunmuş ərazilərin ilhaqı cəhdləri və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə “Helsinki Yekun Aktı”nda təsbit olunan xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə prinsiplərini hər vəchlə təhrif edir.

Azərbaycan Ermənistandan “Helsinki Yekun Aktı” üzrə üzərinə götürdüyü prinsiplərə əməl etməyi tələb edir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3550