hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Qarabağ" niyə uduzdu? - “Onları çirkli pulun yuyulması maraqlandırır" – Tanınmış yazar

"Qarabağ" niyə uduzdu? - “Onları çirkli pulun yuyulması maraqlandırır" – Tanınmış yazar

Xəbər verdiyimiz kimi, ötən gecə "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç klubu "Molde"yə penaltilər seriyasında 4:5 hesabı ilə məğlub olaraq, mübarizəni yarımçıq dayandırıb.

Böyük ümidlər bəslənilən komandanın məğlubiyyəti bütün futbol ictimaiyyətinin narazılığına səbəb olub.

Maraqlıdır ki, Ağdam təmsilçisinin növbəti mərhələyə keçidi üçün nələr çatmadı? Rəqib "Qarabağ"ı keçəcək gücdə idimi?

Cebhe.info-ya açıqlamasında tanınmış idman yazarı Natiq Muxtarlı dünənki oyunla bağlı öz fikirlərini bildirib. Onun sözlərinə görə, müşahidə olunanlar təkcə "Qarabağ"ın yox, ümumi futbolumuzun problemidir:

“Molde” adlı-sanlı Avropa komandası və “Qarabağ”dan nəzərəçarpacaq dərəcədə üstün komanda deyildi. Oyun da göstərdi ki, norveçlilər, əslində “Qarabağ”dan çəkinirlər. Elə çəkindikləri üçün də müdafiə taktikası seçmişdilər. Amma “Qarabağ” qalib gələ biləcəyi komandanı məğlub edə bilmədi. Bunun bir-sıra səbəbləri var. “Qarabağ”ın problemlərini, ümumilikdə Azərbaycan futbolunun problemlərindən ayırmaq olmaz. Çünki “Qarabağ”ın problemləri Azərbaycan futbolunun problemlərinə zəncirvari bağlıdır. Amma təəssüf ki, biz Azərbaycan futbolunun problemlərini, ümumilikdə “Qarabağ”ın üzərinə yükləyirik. İstəyirik ki, bütün problemləri məhz “Qarabağ” həll etsin. Amma unuduruq ki, belə idarəetmə sistemində “Qarabağ” kimi komandanın olmasının özü də möcüzədir. Cəmisi 8 komandanın çıxış etdiyi zəif çempionatın təmsilçisi hansı məntiqlə Çempionlar Liqasının qrup mərhələsində oynamalıdır? Bu ölkənin komandası heç Avropa Liqasının qrupunda da çıxış etməməlidir. Amma “Qarabağ” bunu bacarır. Azərbaycan futboluna rəhbərlik edənləri uşaq futbolu yox, çirkli vəsaitin yuyulması maraqlandırır. Belə futbol idarəçilərinin olduğu ölkənin komandası niyə hər il Avropa Liqasının qrup mərhələsində çıxış etməlidir? Etməməlidir, amma edir. Deməli, “Qarabağ” “günahkardır”. Futbolçu yetişdirilməsini əngəlləyən idarəçilər legioner limiti tətbiq etməklə klubların inkişafının qarşısını alırlar. Ölkədə futbolçu yoxdur, üstəlik, legioner limiti tətbiq edirlər ki, xaricdən də oyunçu gətirmək mümkün olmasın. Legioner limiti, xüsusən də avrokuboklarda çıxış edən komanda üçün böyük əngəldir. Elə buna görə də, “Qarabağ”ın “Molde” ilə oyunda ehtiyat qüvvəsi, oyunun yönünü dəyişə biləcək futbolçuları, demək olar ki, yox idi. Azərbaycan çempionatı zəif, komandaların sayı az olduğu üçün orta səviyyəli legioneri də ölkəyə gətirmək mümkün deyil. Çempionatda komandaların saytının az olması, rəqabəti, demək olar ki, öldürüb. Bunun da günahı “Qarabağ”dadır. Niyə? Ona görə ki, belə zəif çempionatın təmsilçisi Avropada uğurlu çıxış etməməlidir. Amma “Qarabağ” məntiqin əksinə olaraq, bunu bacarır. Və bu uğura görə də Azərbaycan futbolunu bərbad idarəçiliklə inkişafdan saxlayanlar özlərinə alibi qazanmış olurlar. “Qarabağ”ın uğuru onların əməllərini gizlədir. Hamı hər şeyi “Qarabağ”dan tələb edir. Amma heç kim Rövnəq Abdullayevin, Elxan Məmmədovun futbola vurduğu zərərdən danışmır. “Qarabağ”ın məğlubiyyəti futbol təsərrüfatına rəhbərlik edənlərin qeyri-peşəkarlığının bədəlidir. Hələ şükür edək ki, bu “Qarabağ” var. O idarəçilər durduqca, sabah bu “Qarabağ” da olmayacaq".

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 1101