hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Qarabağ presedent oldu: Separatizmlə mübarizədə Azərbaycan modeli

Qarabağ presedent oldu: Separatizmlə mübarizədə Azərbaycan modeli

Dağlıq Qarabağ probleminin həlli dünyada separatizmə qarşı mübarizənin həllində yeni mərhələ aça bilər.

Bu ilk növbədə, postsovet məkanındakı dondurulmuş münaqişələrə aiddir.

Çünki separatizm və onun nəticəsi olan işğalçı münaqişələr 1988-ci ildə SSRİ-də baş qaldırıb. Bu proses sonralar Sovet İttifaqının dağılmasında mühüm rol oynayıb. Ancaq indi bu münaqişələrdən biri aradan qalxıb. Ermənistanın işğalına son qoyulması ilə yaranmış yeni siyasi reallıqlar digər ölkələr üçün də presedentə çevrilə bilər. Siyasi ekspertlər hesab edir ki, separatizmin baş qaldırmasının əsas səbəblərindən biri mərkəzi hakimiyyətin zəifləməsi olub.

Təcrübə isə göstərir ki, dövlətin siyasi strukturları gücləndikcə, separatçılığın qarşısını almaq imkanları artır. Azərbaycanın 32 il davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymasının əsas səbəblərindən biri də məhz mərkəzi hakimiyyətin güclənməsi olub.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında qeyd etdi ki, separatçılığa qarşı mübarizə ilk növbədə hər bir ölkədə daxili siyasi mühitə uyğun müəyyənləşir. Lakin ekspertlər hesab edir ki, keçmiş SSRİ məkanındakı münaqişələrdə ümumi cəhətlər daha çoxdur.

Ona görə də separatizm bu ölkələrdə asanlıqla yayılmağa başladı. Hər ölkə üçün özünəməxsus cəhətlər olsa da proseslər Sovet İttifaqının daxilində baş qaldırdığına görə oxşar cəhətlər çox olub:

“Yəni mərkəzlə respublikalar arasında ziddiyyətlər və separatçı qüvvələrin bu fikir ayrılığından istifadə etmək istəyi münaqişələrin əsasını təşkil edib. Amma indi bütün keçmiş Sovet respublikaları müstəqildir və separatçılıq da inkişaf edib. Azərbaycanda erməni separatçılığı inkişaf edib. Buna erməni diasporası da dəstək verib. Ukraynada bu münaqişə bir qədər fərqli şəkildə olub. Belə ki, Ukraynada separatçılıq meylləri son on ildə daha çox artıb. Bu da Ukraynanın xarici siyasət vektorunu dəyişməsi ilə bağlıdır. Həmin separatçı qüvvələrə Rusiya birbaşa dəstək verib. Amma Azərbaycanda Qarabağ ermənilərinə Rusiya açıq dəstək verməyib. Dağlıq Qarabağdakı separatçıları Rusiya birbaşa tanımayıb. Bu da fərqli bir amildir. Bütün hallarda təcrübə göstərir ki, əgər yerli hakimiyyət güclüdürsə, onu beynəlxalq hüquq dəstəkləyirsə və hərbi güc tətbiq etmək imkanı varsa, o halda separatçı qüvvələr aciz vəziyyətə düşə bilər. Bəzi ölkələr separatçılığa qarşı mübarizə aparmaq istəsələr də onlarda güc amili yetərincə yoxdur”.

Politoloq onu da bildridi ki, separatçılığın mahiyyəti dəyişmir. Etnomədəni ərazilərdə separatçılığın mənbəyi və təbiəti dəyişməz olaraq qalır. Amma güc amili bu problemin həllində aparıcı rol oynayır:

“Şri-Lankada “Tamil pələngləri” adlanan separatçı və terrorçu qruplaşma 20 il idi mərkəzi hakimiyyətlə silahlı mübarizə aparırdı. Müxtəlif siyasi qüvvələr məsələyə müdaxilə edirdilər. Hətta Avropa İttifaqı da münaqişəni dinc yolla həll etməyə çalışırdı. Hindistanın bu prosesdə öz maraqları var idi. Hindistan “Tamil pələngləri”nə dəstək verirdi. Amma 8 il öncə hakimiyyətə bir general gəldi və separatçılara silahlı mübarizəni dayandırmaq və təslim olmaq üçün iki həftə vaxt verdi. İki həftə sonra hərbi əməliyyat keçirildi və Şri-Lankada separatçılığa son qoyuldu. Avropa İttifaqının, Hindistanın təzyiqlərinə baxmayaraq, mərkəzi hakimiyyət axıra qədər mübarizəni davam etdirib. Çünki proseslər Şri-Lankanın daxilində gedirdi. Nəticədə, hakimiyyət separatçıları məhv etdi. Amma proses beynəlxalq hüquqa uyğun olduğuna görə, heç bir təşkilat Şri-Lanka rəhbərliyinə sanksiya tətbiq etmədi. Yəni separatçılığa qarşı mübarizədə güc nisbəti mərkəzi hakimiyyətin xeyrinə olmalıdır. Çünki separatçılıq cərrahi müdaxilə tələb edən xəstəlik kimidir”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 7052

Bizim Telegram səhifəmizi izləyin