hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Qarabağ separatçılarının liderlərindən Paşinyana müraciət: Köçəryanla bağlı 

Qarabağ separatçılarının liderlərindən Paşinyana müraciət: Köçəryanla bağlı 

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyunun verdiyi məlumata görə, “Dağlıq Qarabağın indiki və keçmiş prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Qarabağ separatçı rejiminin ilk başçısı, Ermənistanın isə ikinci prezidenti Robert Köçəryan barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ricası ilə Ermənistanın baş prokuroru Artur Davtyana məktubla müraciət ediblər: “Məlum olduğu kimi, hər il mayın 9-da Qarabağda Qələbə günü, Qarabağ Ordusu günü və Şuşanın azad edilməsi günü qeyd edilir. Ənənəyə görə, Stepanakert (Xankəndi – red.) və Şuşada keçirilən şənliklərdə digər hörmətli qonaqlarla yanaşı, Qarabağın bütün keçmiş rəhbərləri, Qarabağ müharibəsi illərində böyük töhfə vermiş, dövlətimizin və ordumuzun yaradılmasının əsasını qoymuş və Şuşanın azad olunmasında, Qələbəmizin yaradılmasında iştirak etmiş şəxslər də olur. Qarabağın birinci prezidenti Robert Köçəryanın hazırda həbsdə olması faktını nəzərə alaraq, 9 may ərəfəsində sizdən onun barəsində verilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edirik”.

Saakyan və Qukasyan daha sonra yazırlar ki, onlar bütün məhkəmə dövründə Köçəryanın azadlıqda qalması üçün istənilən zəmanəti verməyə hazırdırlar.

Onlar ümid etdiklərini bildirirlər ki, belə bir addım “təkcə bütün dünyaya yox, həm də düşmənə bizim həmrəylik və birlik siqnalımız olardı”.

2008-ci il 1 mart hadisələri zamanı Ermənistanda Konstitusiya quruluşunu devirməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunan Robert Köçəryan 2018-ci ilin 7 dekabrından həbsxanadadır.

Köçəryan və daha üç keçmiş yüksək vəzifəli məmur barədə iş məhkəməyə verilib.

Dağlıq Qarabağdakı separatçı rejiminin sözçüsü David Babayan “Azatutyun”a deyib ki, o, bu məktubun Bako Saakyan və baş nazir Nikol Paşinyan arasında gərginlik yaradacağına inanmır.

Ermənistanın Baş Prokurorluğu bu məktuba cavab olaraq yazıb ki, iş məhkəmədə olduğuna görə, artıq prokurorluq orqanının səlahiyyətində deyil.

“Azatutyun” yazır ki, Köçəryanın bu “üçqat bayramda” iştirakı ağlabatan görünmür, üstəlik, o, hələ azadlıqda və vəzifədə olduğu vaxtlarda da Qarabağda keçirilən tədbirlərdə iştiraka həvəs göstərmirdi.

Bununla belə, “Azatutyun” yazır ki, Nikol Paçinyanın özü Qarabağda mayın 9-da keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırlatma

Mayın 8-də Şuşa şəhərinin işğalından 27 il ötür.

Şuşa şəhərinin işğalı ilə Ermənistan silahlı birlikləri Dağlıq Qarabağa nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndinin dağıdıldığı bildirilir. Verilən məlumata görə, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığı açıqlanıb.

Azərbaycanın rəsmi orqanları həmçinin bildirir ki, Şuşa rayonunun 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb.

Bura habelə, 2 sanatoriya, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi daxildir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Cebhe.info


Oxunma sayı: 2894