hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Qarabağ üçün kritik dönəm: “Plana mane olmalıyıq”

Qarabağ üçün kritik dönəm: “Plana mane olmalıyıq”

Qardaş Türkiyə 44 günlük Vətən savaşında sona qədər yanımızda oldu.

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsində Türkiyənin rolu xüsusi vurğulanmalıdır. Müharibənin hər günü Türkiyə Azərbaycana mümkün olan dəstəyi verdi və hər cür dəstəyə hazır olduğunu açıq ifadə etdi.

Qarabağ məsələsində Azərbaycanla yanaşı məhz Türkiyənin qətiyyətli mövqeyini görən dövlətlər haqq davamıza müdaxilə etməkdən çəkindilər. Pakistan, Ukrayna və digər dövlətlər də bizim haqqlı mövqeyimizi müdafiə etdilər. Amma bizi dəstəkləyənlər arasında Türkiyə xüsusi yer tutur və öndə gəlir.

Lakin bir məqamı da qeyd etmək lazımdır ki, 10 noyabr müqaviləsindən sonra Türkiyənin meydanda öncəki kimi aktiv fəaliyyətini müşahidə etmirik. Ağdamda fəaliyyətə başlayan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində türk əsgərləri təmsil olunsalar da, qardaş ölkənin proseslərdən müəyyən qədər kənarda qaldığı düşüncəsi var.

“Türkiyə tamamən proseslərdən kənarda qalmayıb”

“Cümhuriyət” qəzetinə açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi, “Elçibəy İnstitutu” İctimai Birliyinin rəhbəri, politoloq Oqtay Qasımov deyib ki, Türkiyə zərurət olan zaman yenidən meydanda öz aktivliyini nümayiş etdirəcək:

“Son 10 ildə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə davam edir. 2020-ci ilin iyul və noyabr aylarında Türkiyə aktiv şəkildə Azərbaycanı dəstəklədi və proseslərdə daha fəal mövqe nümayiş etdirdi. 10 noyabr anlaşmasından sonra görünən odur ki, Türkiyə aktiv hərbi əməliyyatlar zamanı proseslərdə iştirakı qədər fəal görünmür. Amma Türkiyənin proseslərdən tamamən kənarda qaldığını söyləmək doğru olmaz. 10 noyabr anlaşmasından sonra Türkiyə rəsmiləri böyük bir heyətlə Azərbaycana ziyarətə gəldilər, bu anlaşmanı dəstəklədilər. Bakıda keçirilən qələbə paradında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı bir daha bu birliyi nümayiş etdirdi.

Türkiyə hərbçilərinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində iştirakı qardaş ölkənin bölgədə təmsilçiliyinə legitim status vermiş oldu. Yeri gəlmişkən 18 fevralda Türkiyə- Rusiya prezidentləri arasında baş tutan telefon danışıqlarında Ağdamda yerləşən Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və tərəflər mərkəzin fəaliyyətindən məmnunluq idafə ediblər. Eyni zamanda 18 fevralda Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışıqları baş tutub. Onlar da Qarabağdakı vəziyyət və Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Bu baxımdan Türkiyənin proseslərdən tamamən kənarlaşdırıldığını demək olmaz.

Sadəcə olaraq, savaş dövründə proseslərə münasibət fərqli tempdədir, atəşkəs dövründə isə fərqli. İndi əsasən, 10 noyabr bəyanatında irəli gələn öhdəliklərin yerinə yetirilməsi və kommunikasiya xətlərinin işə salınması istiqamətində proseslər gedir. Təbii ki, Rusiya heç zaman Türkiyənin Qafqazlarda varlığını istəməz və qəbul etməzdi. Lakin Rusiyanın bütün dövlət strukturlarının rəhbərlərinin ortaq fikirləri budur ki, Türkiyə artıq bögədədir və onunla hesablaşmaq şərtdir. Bu baxımdan hesab edirəm ki, Türkiyə bundan sonra da bölgədə Azərbaycanla birgə aktiv şəkildə fəaliyyət göstərəcək. 1- 12 fevral tarixində Azərbaycanla Türkiyə hərbçilərinin Qars şəhərində birgə hərbi təlim keçirmələri də bundan xəbər verir”.

“Ankara ilə hesablaşırlar”

Politoloq qeyd edib ki, Türkiyə hazırda qarşılaşdığı geopolitik vəziyyətlərlə bağlı daha tədbirli addımlar atır:

“Türkiyə Azərbaycan cəmiyyətinin istədiyi səviyyədə olmasa da, bölgədədir və onunla hesablaşılır. Azərbaycan cəmiyyəti israrla istəyir ki, Türkiyənin burada hərbi bazaları olsun, qardaş dövlət burada legitim şəkildə təmsil olunsun və Azərbaycanın təhlükəsizliyini müdafiə qabiliyyətinin artmasına öz dəstəyini versin. Amma müəyyən reallıqlar var və Türkiyə hazırda qarşılaşdığı geopolitik vəziyyətlərlə bağlı daha tədbirli addımlar atır. O baxımdan, düşünmürəm ki, yaxın gələcəkdə Türkiyə ilə Rusiya arasında münasibətlər hansısa şəkildə pozulsun. Rusiya da buna razı olmaz.

Çünki Rusiya özü bu gün Qərbin sanksiyalarından əziyyət çəkir. Xüsusilə Amerikanın yeni Adminstrasiyasının mövqeyi Rusiyaya qarşı əvvəlkindən daha sərtdir. Ona görə də Türkiyə ilə Rusiya arasında münasibətlər daha da dərinləşməyə başlayacaq. Çünki Türkiyə artıq bölgədə möhkəmlənib, Rusiya da bunu gözəl anlayır. Son günlərdə Rusiya, Türkiyə və İranın rəhbərlərinin iştirakı ilə baş tutan üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunub, ortaq açıqlama yayıldı. Açıqlamada hər üç dövlətin fikirlərinin çox yaxın olduğu müşahidə olundu.

Bu da onu göstərir ki, Rusiya artıq bölgədə önəmli bildiyi dövlətlərlə xüsusi məsələləri müzakirə edir və onlarla münasibətlərin korlanmasında maraqlı deyil. Hesab edirəm ki, əgər Türkiyənin bölgədə yenidən aktiv roluna ehtiyac olarsa, qardaş ölkə bunu öz üzərinə götürəcək. Hazırda Rusiya ilə Türkiyənin ikili format əsasında bölgədə apardığı işlərə Ermənistan tərəfindən mane olmaq istəyən qüvvələr var. Onlar bu proseslərin gecikməsində maraqlıdırlar. Onlar çalışırlar ki, prosesləri başqa məcraya yönəltsinlər. Bu da Minsk qrupu formatında olan məsələlərdir. Prosesləri başqa məcraya yönəltməklə Minsk qrupunun da aktiv iştirakına çalışanlar var. Erməni diasporu da Qarabağ məsələsinin həlllində ikili formatın- Türkiyə və Rusiya formatının tərəfdarı deyillər”.

“Minsk qrupunun planına mane olmalıyıq”

O.Qasımovun fikrincə, Azərbaycan bu gün Minsk qrupu tərəfindən müşahidə olunan təzyiqləri neytrallaşdırmağa çalışmalıdır:

“Təbii ki, bu gün Rusiya hərbi kontingentinin sülhməramlı adı altında bölgədə möhkəmlənməsi bizi də qane etmir. Lakin biz hazırda elə siyasət yürütməliyik ki, proseslərə yenidən qoşulmağa çalışan Minsk qrupunun bu planı həyata keçməsin və sülhməramlılar da vaxtında işlərini bitirib getsinlər. Bir də kənardan olunan təzyiqlərin neytrallaşdırılması vacibdir.

Çünki Minsk qrupu yenidən dövriyyəyə girmək üçün təkliflərlə çıxış edir. Çox güman ki, onlar status məsələsini qabartmağa çalışacaqlar. Bu dönəmdə Azərbaycanla Türkiyənin birgə hərəkət etməsi vacibdir. Çünki bu təzyiqlər qarşısında Azərbaycanın tək dayanması çətin olar. Qarabağ yeganə məsələdir ki, bir- birinin əleyhinə olan qüvvələr burada eyni fikirdədirlər. Söhbət Qərb və Rusiyadan gedir.

Qarabağ məsələsindən başqa Qərbə Rusiya bütün separatçılıqla bağlı problemlərdə əks qütblərin və fikirlərin təmsilçiləri olublar. Krım və Donbas, Abxaziya və Cənubi Osetiya, Dnestryanı ərazilər, bütün bunlarda Qərblə Rusiya üz-üzədir. Amma Qarabağ məsələsində bunlar faktiki olaraq eyni mövqedən çıxış edirlər. Ona görə də bu proseslərdə Azərbaycanla Türkiyə birgə hərəkət etməlidir. Baxmayaraq ki, bizi narahat edən tərəfləri var, amma bugünki Türkiyə Rusiya formatı bir çox dövlətin prosesə qatılmasından daha yaxşıdır. Hətta həmsdərlik institutunun fəaliyyəti dayanıb, yalnız Minsk qrupuna daxil olan 11 ölkə də prosesə qatılsa, bizə sərf etmir. Çünki onların içində yalnız Türkiyə bizi dəstəkləyir, qalan bir çox ölkə Ermənistanın mövqeyini dəstəkləyir. Orada neytral mövqe tutacaq ölkələrin sayı çox da deyil”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 7052