hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Qarabağ və cəmiyyət üçün könüllülük: Uğur düsturu

Qarabağ və cəmiyyət üçün könüllülük: Uğur düsturu

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Könüllülər İli” çərçivəsində elan etdiyi müsabiqə üzrə qalib olmuş “Könüllü inkişaf" - maarifləndirmə, mediada və sosial şəbəkələrdə geniş təşviqat kampaniyasının təşkili” adlı layihə icra edir.

Cebhe.info xəbər verir ki, layihə çərçivəsində təşkilat ekspertlərin tövsiyələri əsasında gənclərin könüllülüyə cəlb olunması, bunun cəmiyyətə, dövlətə faydaları, gənclərin özünə qazandırdığı imkanlar barədə motivasiya xarakterli çağırış, maarifləndirici mətn hazırlayıb.

Beləliklə, gənclərin könüllü olmaqla hansı faydaları verdiyi və özü üçün nələr qazandığına dair məlumatlara geniş yer verilib.

Gənclərin diqqətinə çatdırılıb ki, könüllülük vətəndaş cəmiyyətinin formalaşması, sosial problemlərin həllində olduqca mühüm bir hərəkatdır.

Azərbaycanda da könüllülük inkişaf edir və ölkə rəhbərliyi tərəfindən ciddi dəstək alır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci il məhz “Könüllülər ili” elan edib.

Könüllülüyün tarixi 17-ci əsrə gedib çıxsa da, bu proses XX əsrin ikinci yarısından etibarən həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşərək, dünya hərəkata çevrilib.

Azərbaycanda könüllülük hərəkatının yüksəlişi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Gənclər Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi 1995-1996-cı illərin ictimai-siyasi gərginliyində gənclər üçün bir stimul olub.

1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb. Bu, Prezident İlham Əliyev siyasətinin də prioritet istiqamətidir.

Azərbaycan brendi olan “ASAN xidmət”in yaranmasından sonra isə həyatı könüllülərsiz təsəvvür etmək mümkün deyil.

Könüllü kimi “ASAN xidmət” mərkəzlərində təcrübə keçmiş, püxtələşmiş 10 mindən artıq gənc bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə bacarıqlı kadrlar kimi özünü doğruldur.

"Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1", digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü töhfə verib.

Xüsusi ilə pandemiya dövründə könüllülük hərəkatının nə qədər vacib olduğu bir daha üzə çıxıb. Onlar aztəminatlı ailələrə yardımların çatdırılması, yaşlı və fiziki məhdudiyyətli şəxslərin məişət qayğılarının qarşılanmasında mühüm rol oynayıblar.

Həmçinin, neçə illərdir ölkə boyunca həyata keçirilən ağac əkmə kampaniyalarında, dəniz sahillərinin, müxtəlif parkların, ərazilərin təmizlənməsində könüllülər aktivdir.

Ümumiyyətlə, könüllülük fəaliyyəti dünyada çox geniş yayılıb. Müxtəlif qurumlar, ictimai təşkilatlar kommunikasiyanın təmin olunması, ölkələrin PR-nın qurulması, yaxud digər səbəblərdən könüllülük şəbəkələri yaradır, təmənnasız fəaliyyəti təmin edir. Burada ən mühüm amillərdən biri də gənclərin kadr kimi yetişməsi, önə çıxması üçün şərait və motivasiyadır. Gənclər könüllülük hərəkatında davranış, qayğı və insanlarla işləmək vərdişlərini qazanır və müxtəlif işlərə keçdikdə, sağlam bir kadr özləriin təsdiqləyirlər. Habelə, müxtəlif layihələr çərçivəsində xarici ölkələrə səyahət etmək, dil öyrənmək, yeni tanışlıq imkanları qazanırlar.

Ən əsası, gənclər həyatda yerlərini dəqiq müəyyən edir, bacardığı, ən uğurlu görə biləcəyi iş, sahə nədirsə, ona yön alırlar. Bu, həm gənclərin uğuruna çevrilir, həm cəmiyyət və dövlət qazanır.

Qarşıdakı illərdə də könüllülərə daha çox ehtiyac olacaq. İşğaldan azad edilmiş torpaqlarımızda iqtisadi-sosial inkişaf prosesində, məcburi köçkünlərin doğma yurdlarına qayıtması zamanı könüllülərə daha çox ehtiyac duyulacaq. Xüsusi ilə bölgələrdə könüllülər bu fəaliyyətə cəlb olunmalıdır.

Təşkilat bunun reallaşması üçün yollar da təklif edib.

Bildirilib ki, ilk iş maariflənmə və könüllülüyün əhəmiyyəti, onun gənclərə qazandıracağı imkanları izah etməkdir.

Gənclər, tələbələrə, yeni məzunlar könüllü olaraq bölgələrdə daha çox uğurlar qazana, daha çox fayda verə bilərlər. Rayonlardakı ekoloji tarazlığın qorunması, sosial problemlərin həlli istiqamətində daha çox fəaliyyətə ehtiyac var.

Gənclər bu fəaliyyətə baş vuracağı təqdirdə fərdi inkişaf üçün aşağıdakıları əldə edəcəklər:

-Bacarıqlı gənc kadr kimi yetişəcək;
-Vakansiyalar üçün hazır kadra çevriləcək;
-Cəmiyyətdə şəxsi nüfuzunu qazanacaq;
-Ölkənin inkişafında rolunu müəyyən edəcək;
-Müxtəlif strukturlarla birbaşa və bilavasitə əlaqələri formalaşacaq;
-Rəsmi davranış, idarəetmə mexanizmlərini mənimsəyəcək;
-Öz bilik və bacarıqları ilə irəli çəkilmək şansı qazanacaq.

Təcrübə göstərir ki, cəmiyyətə, dövlətə töhfə və fərdi uğurun ən sadə düsturu könüllülükdür.

QHT könüllülüyün təbliğinə dair ASAN Xidmət rəsmisi Sahil Məmmədli, ekspert Sənan Nəcəfov və Səlis Könüllüləri İB-nin sədri Xudaverdi Quliyevin də iştirak etdiyi 4 debat və müzakirə təşkil edib. Müzakirələrlə asagıdakı linklərdən tanış ola bilərsiniz.

Cebhe.info


Oxunma sayı: 3697

Bizim Telegram səhifəmizi izləyin