hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağda əvvəl müharibə, sonra danışıq... - Tofiq Zülfüqarovdan durum dəyərləndirməsi - MÜSAHİBƏ

Qarabağda əvvəl müharibə, sonra danışıq... - Tofiq Zülfüqarovdan durum dəyərləndirməsi - MÜSAHİBƏ

Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət artır. Hazırda bu proses daha çox Rusiya və Türkiyə arasında gedir. Ancaq bölgəyə yeni oyunçuların da daxil olacağı gözlənilir. 2021-ci ildə Gürcüstanın NATO-ya üzvlüyü baş tutarsa, bu halda ABŞ başda olmaqla sıralarında 30 dövləti birləşdirən Qərb hərbi alyansı da Cənubi Qafqaza daxil olacaq. Bu isə yaxın perspektivdə bölgədə geosiyasi və hərbi gərginliyin artan xətt üzrə gedəcəyini xəbər verir.

Son günlər Türkiyənin Cənubi Qafqazda fəallaşması, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar müstəvisindən müharibə mərhələsinə qayıtması yeni siyasi konfiqurasiya yaradıb. Yəni regionda yeni oyunçuların artması Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətini arxa plana keçirib. Ona görə də yeni situasiya münaqişənin yeni fortmatda həll olunması üçün imkanlar açıb.

Qeyd edilən proseslərlə bağlı Cebhe.info-nun suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:

-Həqiqətən, münaqişə ətrafında baş verən dəyişikliklər göz qabağındadır. Biz Cənubi Qafqazda Rusiyanın nüfuzunun azalmaqda olduğunu görürük. Türkiyə isə nüfuzunu daha da artırmaq niyyətindədir. O ki, qaldı Qərbin digər oyunçularına, doğrusu onların fəallaşması hələlik müşahidə edilmir. Amma Qərbin bölgədəki rolunun və ya təsirinin Türkiyənin vasitəsilə artırılacağı istisna olunmur. Yaddan çıxartmaq olmaz ki, Türkiyə NATO-nun üzvüdür. Bu baxımdan, Qərbin mövqeyinin güclənməsi göz qabağındadır.

-Sizcə, Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı proseslərin Türkiyə-Rusiya münasibətləri müstəvisinə keçdiyini nəzərə alsaq, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyası davam etdirə biləcəkmi?

-Əslində, bu o qədər də vacib deyil. Bu daha çox texniki məsələdir. Nizamlanma prosesinin hansı formatda baş tutacağını gələcək hadisələr göstərəcək. Hazırda danışıqlar o qədər də aktual deyil. Ermənistanın qeyri-konstruktiv mövqeyi ona gətirib çıxarıb ki, danışıqlar və ya “sülh” prosesi ortada yoxdur. İmitasiya prosesini də bərpa etmək mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti artıq imitasiya prosesini qəbul etməz.

Kimsə bəlkə bunu icra edə bilər. Amma real məsələlərin imitasiya yolu ilə təşkili mümkün deyil. Hesab edirəm ki, Rusiyanın da görüntü xatirinə danışıqları bərpa etmək istəyi görünmür və Kreml sanki müşahidəçi mövqeyində dayanıb. Rusiyada Sergey Lavrovun timsalında ermənipərəst qüvvələrin fəallığı artıb. Onun mövqeyi də son bəyanatında ifadə etdiyi fikirlərlə yekunlaşacaq. Qərbi bu məsələyə müdaxiləsi hazırkı mərhələdə gözlənilmir. Çünki ABŞ prezident seçkiləri ərəfəsindədir. Fransa digər məsələlərlə məşğuldur. Ona görə də inanmıram ki, münaqişə ətrafında yaranmış vəziyyətə Qərb müdaxilə edəcək. İndiki mərhələdə əsas fəallıq nümayiş etdirən tərəf Türkiyədir.

-Ermənistan-Azərbaycan münaqişəsinin perspektivi ilə bağlı hazırda daha çox iki istiqamətdə proqnozlara rast gəlmək olar. Birinci ehtimal Türkiyənin Azərbaycana, Rusiyanın isə Ermənistana dəstəyi ilə yeni hərbi əməliyyatlar başlanır. Bu müharibə Azərbaycanın öz ərazilərini azad etməsi ilə nəticələnir. İkinci variant Türkiyə və Rusiya arasında regiondakı vəziyyətlə bağlı danışıqlar yolu ilə kompromis əldə edilir. Bu halda Rusiya Qarabağ məsələsində güzəştə gedən tərəf kimi çıxış edir. Sizcə, bu proqnozların hansı reallığa daha yaxındır?

-Mənə elə gəlir ki, razılaşma versiyası daha məqsədəuyğundur. Lakin kompromisə gəlinməsi hərbi əməliyyatların baş verməsini istina etmir. Biz görürük ki, digər bölgələrdə olduğu kimi Suriyada və Liviyada döyüşlərdən sonra hansısa razılaşma mərhələsi gəlir. Bizdə də bu cür ssenarinin baş verməsi mümkündür və mən bunu istisna etmirəm. Əsas məsələ ondan ondan ibarətdir ki, tərəflərin formalaşmış hazırkı mövqeyi danışıqlar üçün əsas vermir. Bu baxımdan, hərbi əməliyyatların bərpası, yaxud mövqelərin dəyişməsi mənzərəsi baş versə, ondan sonra danışıqlar bərpa oluna bilər. Bəri başdan danışıqların bu və ya digər formatda baş verəcəyini söyləmək çətindir. Çünki Türkiyə Rusiya gələcək danışıqlarda Rusiyaya bərabər hansısa rol oynamaq istəyəcək. Türkiyənin regionda və münaqişə ətrafında fəaliyyətinin yüksəldiyini görsək, Minsk Qrupunun hazırkı formatda rolunu real görmürəm. Ona görə ki, Türkiyə daha iddialı tərəfdir və danışıqlarda daha fəal olacaq. Bu baxımdan, gələcək müzakirələrdə Türkiyənin rolu dəyişəcək.

-Əvvəllər, o cümlədən sizin xarici işlər naziri olduğunuz illərdə də Ermənistan Türkiyənin münaqişənin həlli prosesində iştirakına razılıq verməyib. Məhz bu səbəbdən Türkiyə ATƏT-in Minsk Qrupundan və danışıqlardan kənarlaşdırılıb. Yəni Ermənistanın mövqeyi nəzərə alınırdı. Bəs indi Ermənistan yenidən etiraz etsə, Türkiyə yenə oyundan kənarda qalacaq yoxsa rəsmi İrəvan vəziyyətlə başrışmalı olacaq?

-Mən dediyim ssenari baş versə, yəni hərbi əməliyyatlar olarsa, ondan sonra formalaşan mənzərə fərqli olacaq. Ermənistan reallıqlara əsaslanmaq məcburiyyətində qalacaq. Bu baxımdan, Ermənistanın hansısa istəkləri qəbul olunmayacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 13190

Bizim Telegram səhifəmizi izləyin