hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qarabağda iqtisadi layihələr: “Avropa İttifaqı xüsusi rola malik ola bilər” - DEPUTAT

Qarabağda iqtisadi layihələr: “Avropa İttifaqı xüsusi rola malik ola bilər” - DEPUTAT

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellin Azərbaycana səfərindən sonra tərəflər arasında starteji əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilən məsələlərdəndir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas ticarət tərəfdaşıdır:

“İttifaqın bu regionla ticarətinin 78 faizi Azərbaycanın payına düşür. Azərbaycanın xarici ticarətində bu qurumun payı isə 40 faizdən çoxdur. Ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamasından sonra bu qurum ilə Azərbaycanın əməkdaşlığı daha da dərinləşməkdədir.

Azərbaycan iradəsi nəticəsində reallaşan “Cənub Qaz Dəhlizi” çərçivəsində 2021-ci ildə Avropaya 5 milyard kubmetr mavi qaz nəql ediləcək. Bu dəhliz çərçivəsində birinci mərhələdə Avropaya 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur.

“Cənub Qaz Dəhlizi”nin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. Bu isə ondan xəbər verir ki, Azərbaycan növbəti uzunmüddətli dövrdə Avropanın enerji təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verə biləcək. 44 günlük Vətən savaşında əldə edilən zəfərdən sonra Avropa İttifaqının regionda komunikasiyaların açılmasında rolunun gücləndirilməsi vacibdir. Azərbaycan Prezidentinin “indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı da ölkəmizin regionda dayanıqlı sülhdə maraqlı olduğunu təsdiq edir.

Kommunikasiyaların bərpası Ermənistan üçün yeganə xilas yolu olmaq yanaşı kifayət qədər həssas olan Cənubi Qafqaz üçün sülh kontekstindən yeganə alternativlərdəndir. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq və eləcə də, məcbur etmək üçün Avropa İttifaqı kifayət qədər böyük imkanlara və potensiala malikdir və bundan da istifadə olunması olduqca vacibdir”.

Deputat əlavə edib ki, eyni zamanda, torpaqlarımız işğaldan azad olunduqdan sonra Avropanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi imkanları kifayət qədər böyükdür:

“Azərbaycanın “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında regional ölkə olaraq mühüm rola malikdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Kommunikasiyaların paralel bərpası istiqamətində də Avropa İttifaqı xüsusi rola malik ola bilər.

Füzulidə, Zəngilanda, Laçındakı beynəlxalq hava limanların açılması ilə cəmi 2 ilə Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatmasından, eləcə də yükaşırma qabiliyyəti 10 milyon ton olan və bu imkanın 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının istifadə verilməsindən sonra tərəflər arasında beynəlxalq yükdaşımalar sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq.

Beləliklə, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər Vətən savaşındakı qələbəmizdən sonra yeni strateji mərhələyə daxil olur. Avropa İttifaqının yeni təşəbbüsləri regiondan dayanıqlı sülhün formalaşdırılması baxımdan çox vacibdir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 540