hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qarabağda “PKK tələsi”: “Türkiyəni münaqişəyə cəlb etmək istəyirlər”

Qarabağda “PKK tələsi”: “Türkiyəni münaqişəyə cəlb etmək istəyirlər”

Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirməsi xəbəri Türkiyə mediasında ciddi müzakirəyə səbəb olub.

Qeyd olunur ki, PKK terrorçuları Azərbaycan hərbçilərinin formasını geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək. Bildirilir ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.

Bundan başqa, Ermənistan ordusunun tərkibində yezidilərdən ibarət alay yaradılıb. Rəsmi İrəvan həmin yaraqlıların guya Ermənistan vətəndaşı olan yezidi kürdləri kimi qələmə verməyə çalışır. Lakin Ermənistanın sosial şəbəkələrində yayılan videogörüntülərdə onların özgə bayraq altında döyüşdüklərini görmək olar. Döyüşlərdə əsir düşən erməni əsgərləri isə kürdlərin tamam başqa dildə danışdığını deyir.

Qeyd edək ki, bu yaxınlarda Dağlıq Qarabağa PKK ilə yanaşı Şimali İraqdan “peşmərgə” yaraqlılarının gətirildiyinə dair xəbərlər də yayılmışdı. Analitiklərin fikrincə, PKK terrorçularının ermənilərlə bərabər Dağlıq Qarabağa, o cümlədən Şuşaya gətirilməsi Türkiyəyə qarşı təxribat məqsədi daşıyır.

Eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mübarizəsinə mane ola bilməyən dövlətlər PKK-nın vasitəsilə təziyq mexanizmlərini işə salmağa çalışır.

Politoloq Fərrux Məmmədov hesab edir ki, əslində bu barədə məlumatlar bir müddətdir meydana çıxıb. Azərbaycan sentyabrın 27-də “Əks-həmlə” əməliyyatına başladıqdan sonra Rusiya, Fransa və ABŞ beynəlxalq hüquqla tanınmış ərazilərə daxil ola bilmədiyinə görə PKK terrorçularından, yezidi kürdlərdən və Rusiyada təlim keçmiş ermənilərdən istifadə üsuluna əl atdı. Hətta PKK silahlılarının yalnız Şuşada deyil, Dağlıq Qarabağın digər ərazilərində də yerləşdirilməsinə dair faktlar var:

“Şuşa ilə yanaşı, Laçın dəhlizində və Xankəndidə PKK terrorçularından istifadə ediləcəyinə dair məlumatlar əldə edilib. Onlara seçilməmək üçün Azərbaycan əsgərlərinin, xüsusilə də Dövlət Sərhəd Xidmətinin uniforması geyindirilir. Bu da təxribatçı qrupları zərərsizləşdirməyə çətinlik yaradır. Ermənistanın belə üsula əl atması beynəlxalq konvensiyalara ziddir. Azərbaycan ərazisində başqa terrorçulardan və separatçılardan istifadə edilməsi həmin dövlətin terroru dəstəkləməsi anlamına gəlir.

Çünki PKK ABŞ və Avropa Birliyi tərəfindən terrorçu təşkilat kimi tanınıb. Ona görə də Ermənistanın PKK-dan istifadə etməsi həmin konvensiyaları tapdalaması və özünü terrorçu dövlət kimi qələmə verməsidir. Lakin təəssüflər olsun ki, dünya ölkələri bunu dilə gətirmək istəmir. Hazırda müsəlman dövləti olduğuna görə Azəbaycana və Türkiyəyə qarşı bir cəbhə açılıb. Bu cəbhənin arxasında Fransa və Rusiya dayanır. Onların məqsədi Azərbaycanı passivləşdirmək, hərbi əməliyyatları dayandırmaqdır. Çünki Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ alarsa, Dağlıq Qarabağın digər ərazilərində müqaviməti tükənən düşmən təslim olmaq məcburiyyətində qalacaq. Halbuki, Azərbaycan heç bir dövlətlə müharibə aparmır. Azərbaycan özünün işğal olunmuş ərazilərini azad etmək üçün anti-terror əməliyyatı aparır. Bu səbəbdən də Laçın dəhlizinə gedən yol Ermənistan ərazisindən də vurulur. Həmin təxribatın arxasında isə Kreml dayanır. Onu da qeyd edim ki, Gəncəyə raketlərin atılması yalnız Paşinyanın göstərişi ilə həyata keçirilmir. Bu əmrin məsuliyyəti həm də Rusiya və Fransanın üzərinə düşür. Putinin Naxçıvan-Ermənistan sərhədinə öz əsgərlərini toplaması Rusiyanın yaxın gələcəkdəki çöküşünün başlanğıcıdır. Artıq heç bir siyasi həmlə edə bilməyən Putin guya KTMT-nin nizamnaməsinə uyğun addım atdığını göstərməyə çalışması Rusiyanın küncə sıxılmasından xəbər verir. Əgər bir siyasi lider hissləri ilə davranırsa və hər tərəfə vurnuxursa, bu həmin dövlətin sonunun başlanğıcı deməkdir. Çünki Azərbaycan işğal olunmuş ərazilərini azad edərsə, son yüz ildə Rusiyanın üzərində qələbə çalan yeganə dövlət Azərbaycan olacaq. Hətta ABŞ belə indiyə qədər belə qələbəni Rusiyanın üzərində əldə edə bilməyib. Bu isə karyerası bitmək üzrə olan Putinin fiaskosu deməkdir. Ona görə də Rusiya PKK terrorçularından istifadə edir. Məndə olan məlumata görə, Kadırovun yetişdirdiyi və “islamçılar” adlandırılan yaraqlı qruplardan da Azərbaycana qarşı istifadə etmək planlaşdırılır. Bu isə iki müsəlman xalqı qarşı-qarşıya gətirmək deməkdir. Nəticədə, gələcəkdə Cənubi Qafazda hərbi-siyasi proseslər daha ağır şəkil ala bilər. Lakin Azərbaycan prezidentinin xalqa müraciəti zamanı verdiyi açıqlama da göstərdi ki, əgər başqa dövlət prosesə müdaxilə edərsə, o zaman qarşısında Türkiyənin “F-16” qırıcılarını görə bilər. Türkiyə ilə Ermənistan arasındakı hərbi toqquşma isə Üçüncü Dünya Müharibəsinin baş verməsinə gətirib çıxara bilər. Mövcud situasiya Azərbaycanın xeyrinədir. Əlbəttə, Azərbaycana çox böyük siyasi təzyiqlər var. Buna baxmayaraq, Azərbaycan prosesi hazırkı qaydada və sürətlə davam etdirərsə, dekabr ayına qədər öz ərazilərini işğaldan tam azad edəcək. Onu da qeyd edim ki, PKK-nı Dağlıq Qarabağa gətirməklə Türkiyəni münaqişəyə cəlb etmək istəyirlər. Amma nə Azərbaycanın, nə də Türkiyənin bu siyasi oyuna gedəcəyini düşünmürəm. Əks təqdirdə, Fransa və Rusiya münaqişə bölgəsinə hərbi müdaxilə edə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çox düşünülmüş addımlar atır və təxribatlara uymur. Azərbaycan hərbçilərinin uniformasını geyinmiş PKK terrorçuları yerindəcə məhv ediləcək”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5963

Bizim Telegram səhifəmizi izləyin