hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qarabağda “siyasi kartlar” açılır: Maraqlar toqquşması Azərbaycan sərhədini də əhatə edə bilər

Qarabağda “siyasi kartlar” açılır: Maraqlar toqquşması Azərbaycan sərhədini də əhatə edə bilər

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzalamasından sonra regionda səngiyən gərginlik yenidən aktivləşib.

Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri, Azərbaycanla sərhədlərin demarkasyasi prosesi ətrafındakı mübahisə, həmçinin bölgədə ABŞ, Rusiya və Türkiyə arasında geosiyasi rəqabətin artması ilə əlaqədar yeni situasiya formalaşıb.

İyunun 14-də ABŞ və Türkiyə prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağdakı vəziyyətin müzakirə edilməsi, bir gün sonra Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və iyunun 16-da Co Baydenlə Vladimir Putin aparılacaq danışıqlar və nəhayət, iyunun 20-də Ermənistanda keçiriləcək seçkilər Cənubi Qafqazdakı yeni siyasi konyukturun yaranmasına gətirib çıxara bilər.

Ona görə də qarşıdan gələn həftələrin ötən ilin sonlarından etibarən bölgədə müşahidə olunan sabitliyin maraqlar toqquşması ilə əvəz olunacağı gözlənilir. Son günlər əsasən Kəlbəcər istiqamətində Ermənistanın diversiya-təxribat əməlləri törətməsi, həmçinin atəşkəsi pozması, eyni zamanda ABŞ, Rusiya və Türkiyənin bölgədə diplomatik fəallığını artırması bu geosiyasi qarşıdurmanın elementləridir. Mövcud situasiyanın təhlili bölgədə açar rolunun Türkiyəyə keçdiyini göstərir.

Çünki 10 noyabr bəyanatından sonra Cənubi Qafqazda Rusiyanın hərbi iştirakının genişlənməsi Kremlin geosiyasi təsir dairəsini gücləndirib. Bu isə ABŞ-ın son illər Cənubi Qafqazda qazanmış olduğu üstünlüyü itirməsi ilə nəticələnib.

Müqayisə üçün əvvəlki geosiyasi konfiqurasiyanı qeyd edək. Gürcüstan ABŞ-ın hərbi-strateji tərəfdaşıdır, 2018-ci ildə “məxməri inqilab” yolu ilə “sorosçular” Rusiyanın maraqlarını təmsil edən Qarabağ klanını devirib hakimiyyətə gəlməsi faktiki olaraq, Ermənistanı Kremlin nəzarətindən çıxartdı. Azərbaycanda isə Rusiyanın hərbi iştirakı mövcud deyildi.

Balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verən Azərbaycan enerji təhlükəsizliyi sahəsində Qərbin əsas müttəfiqlərindən sayılır. Bu mənzərə Cənubi Qafqaza qüvvələr nisbətinin ABŞ başda olmaqla Qərbin xeyrinə dəyişdiyini əks etdirirdi. 2020-ci ilin iyul ayında Türkiyə silahlı qüvvələrinin təlim məqsədilə Azərbaycana gəldi və ardınca baş verən İkinci Qarabağ müharibəsində rəsmi Ankara Azərbaycana siyasi dəstək verdi. Bununla da Türkiyə bölgədə yeni güc mərkəzi kimi meydana çıxdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi ilə hərbi-siyasi balans Kremlin xeyrinə dəyişib.

Son vaxtlar ABŞ-ın Azərbaycan və Ermənistanla diplomatik təmasları artırması, sərhəd mübahisəsinin həllində vasitəçilik təklif etməsi, Dövlət katibinin müavini Filip Rikerin Bakıya və İrəvana səfərləri, məhz Vaşinqtonun itirilmiş mövqelərinin bərpasına hesablanmış gedişlərdir. Nəhayət, F.Rikerin səfərindən dərhal sonra 15 nəfər erməni diversantın Ağdam rayonunun minalanmış ərazlərinin xəritəsi müqabilində ABŞ-ın Dövlət katibi Entoni Blinkenin vasitəçilik etməsi barədə məlumat rəsmi Vaşinqtonun bölgədə sülhyaratma missiyasını öz üzərinə götürmək səylərindən xəbər verir.

Dağlıq Qarabağda sülhün və sabitliyin təminatı finksiyasını əsasən Rusiya hərbi kontingenti və Türkiyə ilə birlikdə fəaliyyət göstərən Atəşkəsə Nəzarət üzrə Birgə Monotorinq Mərkəzi həyata keçirir. Lakin Kreml özünü vasitəçi kimi təqdim etməsinə baxmayaraq, Azərbaycanın minalanmış ərazilərin xəritələrinin, Ermənistanın isə “hərbi əsir” adlandırdığı diversantların təhvil verilməsi ilə bağlı gözləntilərini doğrultmur. Yaranmış vəziyyətdən istifadə edən Bayden administrasiyası bir qrup diversantı Ağdam rayonunun minalanmış xəritəsinə dəyişməklə tərəflərin etimadını qazanmağa çalışır. ABŞ bununla həm də sərhəd mübahisəsinin həllində Azərbaycana və Ermənistana Rusiyadan daha uğurlu vasitəçi olacağına dair mesaj verir.

Ancaq Vaşinqtonun bölgədə öz məqsədinə çatmaq üçün Türkiyənin dəstəyinə ciddi ehtiyacı yaranıb. Postkonflikt dövründə öz maraqlarını təmin etməyə çalışan Amerikaya ilk növbədə, Türkiyəni bu bölgədə Rusiya ilə əməkdaşlıqdan ayırmaq lazımdır. Bu, prezident Bayden və Ərdoğan arasındakı danışıqların nəticəsindən asılı olacaq. Əgər ABŞ Türkiyəni öz tərəfinə çəkməyə nail olmasa, o zaman Rusiya ilə əməkdaşlığa üstünlük verən Fransa və Almaniya kimi ölkələri inandırmaq Co Bayden üçün daha çətin olacaq. ABŞ xüsusilə də Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiyaya çıxışı təmin edən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşağından ibarət Zəngəzur dəhlizinə nəzarət edən qüvvələr sırasında paya sahib olmaq istəyir.

Lakin Türkiyənin bununla razılaşacağı inandırıcı görünmür. Çünki Prezident Ərdoğanın Şuşaya səfəri və Azərbaycanla strateji əhəmiyyətli müqavilələr imzalaması fonunda Cənubi Qafqaz üzərindən Mərkəzi Asiya bazarına çıxış imkanı verən dəhlziə nəzarəti əldə etməsi Türkiyəni Avrasiya məkanında geosiyasi güc mərkəzinə çevirə bilər. Hətta erməni sosial şəbəkələri Rəcəb Tayyib Ərdoğanın Rəsmi Ankara isə bu nüfuzu ABŞ-la bölüşmək və ya bölgədə Vaşinqtonun təmsilçisi kimi çıxış etmək istəmir. Eyni zamanda ABŞ-la anlaşmanın əldə olunması Rusiyanın hegemonluğunun qarşısını almaq baxımından Türkiyənin maraqlarına cavab verir. Ona görə də Rusiyanın ABŞ-ın fəallığına qarşı adekvat reaksiyalar verəcəyini gözləmək olar.

Bu, yaxın günlərdə Moskvadan, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı diplomatik bəyanatların verilməsi, Ermənistandakı seçki prosesində Rusiyapərəst qüvvələrin radikal addımlar atmasında özünü göstərə bilər. Türkiyə-ABŞ münasibətlərində Cənubi Qafqazda əməkdaşlığa dair yaxınlaşma müşahidə olunarsa, bu halda Dağlıq Qarabağda və Ermənistanda antitürk ritorikası güclənəcək. Artıq eks-prezident Serj Sarkisyanın “Ermənistan” blokunun namizədi Robert Köçəryanı Kremldən gələn sifariş əsasında dəstəklədiyi şübhə doğurmur.

Bu isə Rusiyanın həm ABŞ-a, həm də Türkiyəyə cavab mesajıdır. Yəni Putin iqtidarı anti-türk və anti-ABŞ qüvvələri bir araya gətirməklə bölgədə əsas söz sahibi olduğunu nümayiş etdirir. Artıq “siyasi kartlar”ın tam açılması Rusiya və ABŞ arasında qarşıdurmanın daha açıq müstəviyə keçdiyini göstərir. Maraqlar toqquşması Ermənistandakı seçki prosesindən kənara çıxaraq Dağlıq Qarabağı və Azərbaycanla sərhəd əraziləri də əhatə edə bilər.
Bu halda Zəngəzur dəhlizi üçün ciddi risk yaranır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 6128