hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Qarabağda partizan hərəkatı: Hərbçilər siyasətçilərlə razılaşmır: “Kinolara çox baxıblar...”

Qarabağda partizan hərəkatı: Hərbçilər siyasətçilərlə razılaşmır: “Kinolara çox baxıblar...”

Sabiq dövlət müşaviri Qabil Hüseynli Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təklif irəli sürüb. 

Politoloq deyib ki, hazırkı vəziyyətdə Qarabağda partizan müharibəsi aparmaq olar. Onun fikrincə, partizan müharibəsinə dövlət heç bir məsuliyyət daşımır. Bu səbəbdən heç kəs dövləti qınaya bilməz. Q. Hüseynli diqqətə çatdırıb ki, Murovda ən azı 1000-dən çox cığır var: “Erməni o cığırın heç 10 dənəsini tanımır. Amma Kəlbəcərdən olan əhali Murovun yuxarısından aşağısına kimi bütün çığırların yerini bilir. İnsanlar öz ata-baba qəbirlərini ziyarət etmək üçün 2-3 nəfərlə yox, 7-8 nəfərlə həmin əraziyə gedə bilər. Necə ki, bu saat da ora gedənlər var. Ora at belində gedib, erməni tərəfə keçməklə müəyyən arzularını həyata keçirən insanlar var. Niyə biz bunu, sistemli və idarə olunan prosesə çevirməyək? Dövlət buna açıq dəstək verə bilməyəcək, gizli dəstək versin”. 

Politoloq vurğulayıb ki, partizan müharibəsi ilə işğal olunmuş ərazilərdə qanunsuz yolla yerləşdirilmiş ermənilər arasında vahimə yaratmaq mümkündür. Yəni onlar anlayar ki, Azərbaycan xalqı öz torpaqlarının işğalda olması ilə barışmayacaq və orada ermənilərin yerləşməsinə razı olmayacaq. 

Bildirək ki, bundan əvvəl də dəfələrlə partizan müharibəsi müzakirə olunub. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Laçın alayının keçmiş komandiri, polkovnik  Arif Paşa partizan müharibəsinin Qarabağda mümkünsüz olduğunu, bunun yerinə diversiya qruplarının fəaliyyətinə diqqət edilməsinin daha faydalı olacağını bildirib:

“Partizan müharibəsi müzakirə mövzusudur, ancaq bu müharibənin aparılmasının konkret şərtləri var. Məsələn, düşmən arxasında əhali qaldıqda, ərazi çox böyük olanda, həmin ərazinin relyefi partizan müharibəsi üçün əlverişli olanda bu müharibəni etmək mümkündür. Amma bizim ərazimizin kiçikliyi, düşmən arxasında dinc əhalinin qalmaması partizan müharibəsini mümkünsüz edir. Amma xaraktercə ona oxşar olan başqa mübarizə forması mümkündür. Bu, diversiya qruplarının düşmən arxasında fəaliyyətidir. Mahiyyətcə hər iki qüvvənin apardığı mübarizənin nəticəsi eynidir, sadəcə olaraq taktika baxımından diversiya qrupları ilə düşmən arxasında mübarizə aparmaq daha xeyirlidir. Çünki bizim ərazimiz kiçik olmaqla yanaşı meşə örtüyü sıx deyil. Buna görə də partizan qruplarının düşmən tərəfindən aşkar edilməsi çox asandır. Onlar müəyyən manevrlər etdikdə, düşmən tərəfindən aşkarlanmamalıdırlar. Həmçinin təchizat və təminatda da problem var. Ona görə də Azərbaycan bu gün diversiya qrupları ilə mübarizə aparmalı, bu qrupların sayını artırmalıdır. Partizan müharibəsi mümkünsüzdür. Amma mahiyyətcə diversiya qruplarının fəaliyyətindən istifadə etmək zəruridir”. 

A.Paşa bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə cəmiyyətdə sosial ədalət prinsipləri formalaşmalıdır, çünki müharibəni dövlətlə yanaşı həm də xalq aparır:

“Xalqın mənəvi -psixoloji vəziyyəti silahlanmadan da önəmlidir. Azərbaycanın ordusunun gücü Ermənistan üzərində qələbə qazanmaq üçün yetərlidir. Diversiya qruplarının yaradılmasında isə hələ gecikmişik. Bu gün ermənilər bizim işğal olunmuş ərazilərimizdə məskunlaşma aparır ki, zaman gəldikdə bizi fakt qarşısında qoya bilsinlər. Ona görə də diversiya qrupları dinc əhalinin məskunlaşmasının da qarşısını almalıdır”. 

Hərbi ekspert Şair Ramaldanov da partizan müharibəsi aparmaq üçün lazımlı olan şərtlərin heç birinin  hazırkı vəziyyətdə Qarabağda mövcud olmadığını deyib:

“Partizan müharibəsi tez-tez hallanır. İş ondadır ki, bu insanlar partizan hərəkatı haqqında dolğun məlumatlı deyillər. Onlar hansı vəziyyətdə partizan hərəkatını etməyin mümkün olduğunu bilməlidirlər. Görünür ki, bu insanlar partizanlarla bağlı kinolarına baxıblar, elə bilirlər ki, hər şey kinolardakı kimidir. Partizan hərəkatının əsas bir şərti və şəraiti olmalıdır. Bu şərt ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə ərazisi işğal olunmuş ölkənin dinc əhalisi qalsın. Bu gün Dağlıq Qarabağda azərbaycanlı yoxdur, ona görə də parizan hərəkatı orada mümkünsüzdür. Bəzən partizan hərəkatı ilə xüsusi təyinatlı diversiya hərəkatlarını səhv salırlar. Diversiya xarakterli işin aparılması üçün bizdə yetərli qədər profesional xüsusi təyinatlılar var. Partizan hərəkatı xaotik xarakter daşımır. Burada çox dərin məsələlər var, bunu mütəxəssislər və hərbçilər bilir. Digər tərəfdən, təmas xəttində bir tərəfdə bizim qoşunlar, digər tərəfdə düşmən qoşunlarıdır. O insanlar ki, məsələni bu şəkildə qoyurlar, onların nəzəri anlayışları yoxdur. Politoloq ola bilər ki, siyasi məsələlərdən olduqca bilikli olsun, amma partizan hərəkatı siyasi yox, hərbi məsələdir. Siyasətçi bilməlidir ki, atəşkəs rejimidir, bu rejimə uyğun hər iki tərəf müəyyən öhdəliklər götürüb”. 

Şair Ramaldanov Dağlıq Qarabağ probleminin yeganə həll yolunun düşmən qüvvələrini darmadağın etmək olduğunu vurğulayıb:

“Mən düşünmürəm ki, Dağlıq Qarabağ problemini həll etmək üçün partizan hərəkatı etmək mümkün olsun. Münaqişəni həll etməyin tək yolu var, hiss olunur ki, danışıqlar heç bir nəticə vermir. Qarşı tərəf get-gedə özünü daha çox aqressiv aparırlar. Ona görə də Azərbaycanın bir yolu var. Əgər Dağlıq Qarabağı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa etmək istəyiriksə, düşmən darmadağın olunmalı və qələbə bayrağı Prezidentimizin də dediyi kimi azad olunmuş torpaqlarımızda sancılmalıdır. Bu gün geosiyasi vəziyyət də müəyyən mənada Azərbaycanın xeyrinədir. Böyük dövlətlərin başı nəyəsə qarışıqdır. Azərbaycana öz torpaqlarını azad etmək üçün çox qısa bir zaman ayrılır, ondan sonra təzyiqlər başlayır. Dağlıq Qarabağın indiki durumuna və Azərbaycanın siyasi inkişafına baxsaq, bizə 10-15 gün vaxt kifayətdir. O müddətə Azərbaycan öz torpaqlarını azad edə bilər. 1994-cü ildə “Horadiz” əməliyyatında biz 2 gün ərzində 30 km irəlilədik və 22 yaşayış məntəqəsini azad etdik. Əməliyyatın  rəhbəri mən idim. Əgər biz 30 km-i hələ 1994-cü ildə silah-sursatın olmadığı dövrdə 2 günə irəlilədiksə, hazırkı vəziyyətdə biz Dağlıq Qarabağ məsələsini 10-15 günə həll edə bilərik”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 5611