hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Qarabağda "üçlüyün ittifaqı" - Bölgəyə nə vəd edir?

Qarabağda "üçlüyün ittifaqı" - Bölgəyə nə vəd edir?

Azərbaycanın işğal altındakı əraziləri azad etməsi Cənubi Qafqazda geosiyasi rəqabətin artması ilə müşahidə olunur. Rusiya, Türkiyə, ABŞ, Fransanın diplomatik fəallığı fonunda İran həmsərhəd olduğu regionda baş verən proseslərdən kənarda qalmaq istəmir. Lakin İran rəsmilərinin bu istiqamətdəki mövqeyi hələlik bir neçə ümumi bəyanat verməkdən ibarət olub. Münaqişənin həllində isə vasitəçi kimi daha Rusiya və Türkiyə iştirak edir.

Buna baxmayaraq, bölgədə yeni geosiyasi reallığın yaranması İranı yaxın perspektivdə Ermənistanla bağlı siyasətinə dəyişiklik etməyə vadar edə bilər. Tehrandan gələn açıqlamalar isə İranın daha çox Türkiyənin Cənubi Qafqazda artan rolundan narahat olduğunu göstərir.

Hər iki ölkənin Azərbaycandakı səfirlərinin görüşünü də bu nöqteyi-nəzərdən dəyərləndirmək olar. Qeyd edək ki, Bakıda Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş olub. Bunu Seyid Abbas Musəvi “Tvitter” səhifəsində yazıb.

“Bu gün dost və qardaş Türkiyənin Bakıdakı səfiri Erkan Özoral ilə məhsuldar görüşümüz oldu. Görüşdə ikitərəfli və Azərbaycanla əlaqələrimizi, Dağlıq Qarabağ bölgəsindəki son vəziyyət haqqında fikir mübadiləsi etdik”, - iranlı səfir bildirib.

Vəziyyəti Cebhe.info-ya şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, İran yaxın coğrafiyası olan Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Bu prosesdə İranın Rusiya və Türkiyə ilə əməkdaşlıq formatı tapması mümkündür. Eyni zamanda, bölgədə yaranmış yeni geosiyasi konfiqurasiya rəqabətə də səbəb olub. Bu rəqabət İranın Türkiyəyə münasibətində özünü daha çox göstərir:

“İran istər Cənubi Qafqazda, istər Yaxın Şərqdə öz dövlət maraqlarından çıxış edib. Bu baxımdan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində baş verən son proseslər ciddi əhəmiyyət daşıyır. Məsələni geosiyasi baxımdan təhlil edərkən demək olar ki, Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarması həm regiondakı, həm də kənarda yerləşən dövlətlərin xarici siyasət kursuna öz təsirini göstərir. Bu yanaşma İrana da aiddir. İran proseslərə yalnız öz maraqlarından çıxış edərək qiymət verməyə çalışır. Lakin İranın bölgədə cərəyan edən proseslərdən kənarda qalmasını istəmir və qərarların qəbulunda özünün də iştirakını təmin etməyə səy göstərir. Bu kontekstdə Rusiya-Türkiyə əməkdaşlığı diqqəti cəlb edir. Dövlətlərin istəyindən asılı olmayaraq, Türkiyənin Cənubi Qafqazda mövcudluğu öz təsdiqini tapıb. Bu mənada, Türkiyənin baxışları digər dövlətləri özlərinin xarici siyasət kursuna korrektələr etməyə vadar edəcək. Həmin proses İran-Ermənistan münasibətləri baxımından da maraqlıdır. İranın Ermənistanla ciddi strateji maraqlara malik bir ölkə olması sirr deyil. Amma yaxın gələcəkdə rəsmi Tehran Ermənistanla münasibətlərinə düzəlişlər edə bilər. Çünki İranda böyük azərbaycanlı auditoriyası var. Qarşıdan da İranda prezident seçkiləri gəlir. Ona görə də İranda daxili ictimai rəyə hesablanmış qərarların verilməsi mümkündür”.

Qeyd edək ki, İranla Rusiyanın Cənubi Qafqazdakı maraqlarında ortaq təmas nöqtələri çoxdur. Hər iki ölkə son 30 ilə yaxın müddətdə blokada şəraitində olan Ermənistana hərbi, siyasi və iqtisadi dəstək verib. İran Cənubi Qafqazda Qərbin geosiyasi təsirinin artmasına qarşı mübarizə aparan Rusiyanın yanında yer alır. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi isə bölgədə qüvvələr nisbətini dəyişir. Rəsmi Ankaranın Azərbaycana hərbçilər göndərməsi NATO-nun regiona daxil olması deməkdir. Digər amil Türkiyənin Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çıxış imkanının güclənməsidir. Bu isə türkdilli xalqların yaşadığı regionda Türkiyənin geosiyasi və geoiqtisadi təsir imkanlarının artmasına gətirib çıxara bilər. İranda 35 milyona yaxın Azərbaycan türkünün yaşadığını nəzərə alsaq, Tehran hakimiyyətinin narahatlığıın səbəbi məlum olur.

Eyni zamanda, Türkiyənin İran və Rusiya arasında yeganə ikitərəfli quru sərhədi olan Azərbaycan ərazisində möhkəmlənməsi də Tehran üçün arzuolunan deyil. Ona görə də İran rejimi son zamanlar Türkiyənin Dağlıq Qarabağda sülhün təmin olunmasında iştirakına qarşı çıxan bəyanatlar səsləndirir.

Vüqar Zifəroğlunun sözlərinə görə, hər üç Suriyada olduğu kimi Azərbaycanda da əməkdaşlıq format tapa bilər:

“Suriyada Rusiya, Türkiyə və İrandan ibarət “Astana formatı” çərçivəsində əməkdaşlıq faktiki olaraq öz bəhrəsini verdi. Orada da fikir ayrılılqları var. Amma Suriyadakı qarışıq mənzərənin daha loyal məcraya yönəldilməsində bu üçlüyün birgə əməkdaşlığı mühüm rol oynadı. Bu mənada söhbət yalnız Qarabağdan getmir. Ümumiyyətlə, Cənubi Qafqazdakı proseslərlə bağlı Rusiya, Türkiyə və İran əməkdaşlıq formulu öz töhfəsini verə bilər. Əslində, burada Türkiyə və Rusiyanın əməkdaşlığı daha vacib məqamdır. Çünki Türkiyə bölgə ölkəsidir. Cənubi Qafqazın üç dövləti ilə həmsərhəddir. Hətta Cənubi Qafqazın bəzi əraziləri Türkiyəyə məxsusdur. Türkiyəyə münaqişəyə cəlb olunmuş qonşu dövlətdir. Türkiyə bölgəni və buradakı xalqları yaxşı tanıyır. Ona görə də Türkiyənin mövqeyi nəzərə alınmalıdır və başqa ölkələr də bununla barışmaq məcburiyyətindədir. Əgər İran da reallıqları qəbul etmək şərtilə son proseslərə öz müsbət töhfəsini vermək istəyirsə, istər Rusiya ilə, istər Türkiyə ilə müştərək geoiqtisadi iqtisadi layihələr təklif və iştirak edə bilər. Məsələn, İranın Xudafərin elektrik stansiyasından mütərək iştirak etmək imkanı buna sübutdur”.

Ekspert regionda Türkiyə və İran arasında müşahidə olunan rəqabətin dini amillə bağlı olması barədə iddiaların əsassız olduğunu bildirib. Qeyd edək ki, Türkiyənin Şimali Qafqazdakı sünni müsəlman xalqlar arasında yüksək nüfuza mailk olmasından həm Rusiyanın, həm də İranın narahat olduğuna dair məlumatlar yayılır. Azərbaycan əhalisinin böyük əksəriyyətinin şiə məzhəbinə aid olması faktiki olraq, İranın bölgədə siyasi və ideoloji baxımdan üstünlüyünü təmin edən əsas amillərdən biri olub. İndi isə Türkiyənin regionda güclənməsi İranın bu imkanlarının qarşısını alan vasitə kimi dəyərləndirilir:

“Din və məzhəb faktoru əsasən Qərb ölkələrinin informasiya müharibəsi sahəsində manipulyasiyasi vasitəsi kimi ortaya atılır. Ancaq biz tariximizdə bir sıra münaqişələrdə din amilinin heç də önəm daşımadığının şahidi olduq. Mən hesab edirəm ki, burada din və ya məzhəb məsələsindən söhbət getmir. Türkiyə demokratik dövlətdir. Türkiyənin gəlişi ilə dini amilin rolunun artacağı barədə fikirlərin əsassızlığını biz Türkiyənin ərəb ölkələrindəki münasibətlərində görə bilərik. Hazırda Fransa bu alətdən Türkiyəyə qarşı istifadə etməyə çalışır. Sadəcə olaraq, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi bir sırta ölkələri narahat edir”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 8977

Bizim Telegram səhifəmizi izləyin