hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Qarabağda yeni həll modeli?-“Etnik təmizlənmə buna imkan vermir” - Tofiq Zülfüqarov - ŞƏRH

Qarabağda yeni həll modeli?-“Etnik təmizlənmə buna imkan vermir” - Tofiq Zülfüqarov - ŞƏRH

Ukrayna prezidenti Vladimir Zelenski Donbas münaqişəsinin həllinə dair “Ştaynmayer formulu” adlanan təkliflər paketinin tətbiqinə razılıq verib.  

Şərqi Ukraynadakı vəziyyətin tənzimlənməsi üzrə üçtərəfli əlaqə qrupunun nümayəndələri çərşənbə axşamı Minskdə Donbasa xüsusi statusun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb. 

Qeyd edək ki, 2015-ci ildə Almaniya hökuməti tərəfindən Minsk sazişinin mərhələlərindən birinin implementasiyası kimi irəli sürülən “yol xəritəsi” Ukrayna və Rusiya arasında qarşılıqlı güzəştləri nəzərdə tutur. Petro Poroşenkonun prezidentiliyi dövründə Ukrayna bu formulla bağlı  Rusiya ilə ortaq məxrəcə  gələ bilmədi. Ancaq indi prezident Zelenski  “Ştaynmayer tənzimlənməsi”nə razılıq verib. Vladimir Zelenskinin bu addımı hansı məqsədlə atdığı barədə hələlik birmənalı fikir söyləmək çətindir. Yəni Ukraynanın dövlət başçısının bu mövqeyi ilk baxışdan, sülhə nail olmaq üçün qarşı tərəflə kompromisə getmək cəhdi kimi dəyərləndirilə bilər. Ancaq  ABŞ prezidenti Donald Trampla görüşdən qayıdan V.Zelenski  Rusiya ilə münaqişə məsələsində  Ağ Evin dəstəyini əldə edib. Vladimir Zelenski Donald Trampla danışıqlardan qayıdan kimi ABŞ Dövlət Departamenti Ukraynaya 39 milyon dollar dəyərində 150 ədəd tank əleyhinə raket və iki “Javelin” kompleksi vermək barədə qərar çıxarıb. ABŞ Konqresi də  bu qərarı dərhal təsdiq edib. Vaşinqtonun sözügedən hərbi yardımı Ukrayna cəbhəsində ABŞ-Rusiya qarşıdurmasının artacağından xəbər verir.  Belə olan təqdirdə, Ukrayna prezidentinin Rusiyaya güzəştə getməsi mövcud geosiyasi şərtlər xaricindədir. 

Ona görə də V.Zelenskinin  “Ştaynmayer formulu”na razılıq verməsi preventiv siyasi gediş də sayıla bilər. Yəni Ukrayna prezidenti  Rusiyanın Donbas məsələsində  güzəştə getmək niyyətində olmadığını  yaxşı anlayır. Sadəcə olaraq, Zelenskinin bu qərarı  beynəlxalq ictimai rəydə rəsmi Kiyevin sülhə hazır  olmasına baxmayaraq,  Kremlin təcavüzkar mövqeyindən geri çəkilmək  istəmədiyinə dair rəy yaratmağa  xidmət edə bilər. Vladimir Zelenski üçün başlıca məqsəd isə böyük ehtimalla seçkiqabağı verdiyi vədə uyğun olaraq, Donbas əhalisini  Ukrayna dövlətinin düşmən olmadığına inandırmaqdır. Yəni  prezident Zelenski məsələnin təcrübi tərəfindən daha çox təbliğata üstünlük verir.  

Xatırladaq ki, “Ştaynmayer”Kiyev separatçı bölgələrə xüsusi status verməli, bu ərazilərdə yerli hakimiyyət orqanlarının formalaşdırılması üçün ATƏT-in nəzarəti altında seçkilər keçirilməlidir.  Donbasdakı silahlı dəstələrin tərkibində dövlətə qarşı döyüşən Ukrayna vətəndaşlarına amnistiya tətbiq olunmalı, xarici ölkə vətəndaşları olan bütün döyüşçülər və kənardan gətirilmiş hərbi texnika - Rusiyadan göndərilmiş hərbi qüvvələr Donbasdan çıxarılmalı, Ukrayna-Rusiya dövlət sərhədinin Kiyevin nəzarətindən çıxmış 400 kilometrlik hissəsi bu ölkənin Sərhəd Xidmətinə təhvil verilməlidir. Bu formula əsasən separatçı ərazilərə xüsusi statusun verilməsi barədə qanun seçkilərin keçiriləcəyi müddətdə müvəqqəti qüvvədə olur, ATƏT seçkilərin şəffaf və demokratik keçirildiyi barədə rəy verdikdən sonra isə daimi qüvvəyə minir. Sonrakı mərhələdə bu status Ukrayna Konstitusiyasında da əksini tapmalıdır”.

“Ştaynmayer formulu”nun əleyhinə çıxan etiraz iştirakçıları Kiyevin “Azadlıq” meydanında toplaşıb. Xarkov, Lvov, Odessa, Vinnisa, Poltava və Dneprdə də keçirilən aksiyalarda ukraynalılar Donbasın kapitulyasiyasına etiraz ediblər. 

Siyasi müşahiəçilər isə “Ştaynmayer formulu”nun Ermənistan-Azərbaycan münaqişənin həllində presedentə çevrilmək ehtimallarını təhlil edir.

Belə ki, MDB məkanında əsas münaqişələrdən birinin həlli istiqamətində kompromis tapılarsa, bu dağlıq Qarabağ probleminin aradan qaldırılmasına yol aça bilərmi? 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycanın işğal olunmuş əraziləri ilə Donbasdakı fərqli şərait “Ştaynmayer formulu”nu Dağlıq Qarabağa tətbiq etməyə mane olur:

“Dağlıq Qarabağda ermənilər tərəfindən Azərbaycan əhalisinin total etnik təmizlənməsi faktı bu bölgədə “Ştaynmayer formulu”nu tətbiq etməyə  imkan vermir. İkincisi, həmin formulun şərtləri Azərbaycan üçün aktual deyil. Çünki Paşinyan artıq bəyan edib ki, Dağlıq Qarabağ Ermənistandır! Əslində, bu  siyasəti Ermənistan əvvəldən yürüdür. Yəni Ermənistan SSRİ-nin tərkibində olarkən “Miatsum” şüarı ilə Azərbaycan torpaqlarını ilhaq etmək niyyətini həyata keçirməyə başlayıb. İllər boyu bu siyasət tətbiq olunub. Yəni ərazi iddialarının tətbiq olunması, hərbi işğal, total etnik təmizləmələr və ilhaq yolu ilə həmin ərazilərin Ermənistana birləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Ermənistan bu mərhələləri keçib. Ona görə də Paşinyan özündən yeni heç nə icad etməyib. O, sadəcə olaraq, Ermənistanın real siyasətini əks etdirən  vəziyyəti deyib.  “Ştaynmayer formulu” hərbi əməliyyatların dayandırılmasını, beynəlxalq müşahidəçilərin nəzarəti altında yerli özününidarə etmə orqanlarına seçkilərin keçirilməsini  və guya ki, Rusiya ordusunun Donbasdan çəkilməsini və Ukraynanın nəzarətinə verilməsini nəzərdə tutur. Amma sonuncu iki bənd barədə dəqiq  məlumat yoxdur.  Müzakirələr əvvəlki bəndlər ətrafında aparılır”. 

Tofiq Zülfüqarov hesab edir ki, həm Donbasda, həm də Dağlıq Qarabağdakı münaqişələrin arxasında dayanan Rusiyanın  kompromisə gedəcəyi inandırıcı görünmür:

“Vladimir Putini ciddi şəkildə tənqid edirlər. Çünki sonuncu ikinci bəndin həyata keçiriləcəyi dəqiq məlum deyil. Yəni Rusiya qoşunları Ukrayna ərazisini tərk edəcəkmi? Ukrayna-Rusiya sərhəddinin 400 kilometrlik hissəsi rəsmi Kiyevin nəzarətinə veriləcəkmi? Bu baş versə, Rusiyanın müdaxiləsi və onun əsas elementləri aradan götürüləcək. Amma mən buna inanmıram. Ola bilsin ki, ilk dörd bənd həyata keçirilsin. Lakin axırıncı iki bəndin reallaşacağını mümkün hesab etmirəm. Çünki sonuncu bəndin həyata keçirilməsi Rusiya ictimaiyyətindədki radikal qüvvələr tərəfindən qəbul olunmayacaq. Əgər həmin bəndlər həyata keçirilməsə Ukraynada Zelenskiyə qarşı etirazlar güclənəcək. Əks təqdirdə, 5-ci və 6-cı bəndlərin yerinə yetirilməsi seçkilər nəticəsində formalaşan özünüidarəetmə orqanları anti-Ukrayna  siyasətini yürüdəcək. Hazırda orada Rusiya silahlı qüvvələrinin olması və inzibati resursları əlində saxlaması Moskvanın maraqlarına uyğun hakimiyyəti formalaşdırmağa imkan verəcək. Bu hakimiyyət Zelenski tərəfindən demək olar ki, rəsmiləşdirilib gələcəkdə danışıqlar tərəfi kimi qəbul olunacaq”.

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 3994