hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qarabağın azadlığı 58 milyonluq kəsiri də bağlayacaq?- “Azərbaycana turist axını gözlənilir”

Qarabağın azadlığı 58 milyonluq kəsiri də bağlayacaq?- “Azərbaycana turist axını gözlənilir”

2021-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110.8 mln.$ təşkil edib. Mərkəzi Bankın məlumatına göə, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84.7 mln.$) ixracı (26.1 mln.$) üstələməsi nəticəsində 58.6 mln.$ həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8.4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4.4 dəfə azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84.7 mln.$ olmuşdur.

Bunun 91.7%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Pandemiya ilə bağlı dünya turizm sektorunda yaranan problem tədricən aradan qalxmaqdadır. Artıq bir sıra ölkələr müəyyən qaydalar əsasında turist qəbuluna başlayıb. Ölkəmizdə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Bəs bu istiqamətdə həyata keçirilən tədbirlər və turizmin yenidən bərpası, sektorda mövcud kəsrin aradan qaldırılmasına imkan verəcəkmi?

Turizm üzrə ekspert Bahadur Bilalov Cebhe.info-ya bununla bağlı bildirib ki, gedən turistlərin sayı gələn turistlərin sayından çoxdur və bu nöqteyi-nəzərdən də həmin kəsir yaranır: “Bu məqsədlə də ölkə başçısının imzaladığı Strateji Yol Xəritəsində turist sayının artırılması üçün görüləsi tədbirlər öz əksini tapıb.

Çox təəssüflər olsun ki, pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sektoruna çox mənfi təsir etdi. Yalnız iyunun 21-dən Operativ Qərargah icazə verib ki, bəzi ölkələrdən vətəndaşlar Azərbaycana gələ bilsinlər. Düşünürəm ki, postpandemiya dövründə həm Dövlət Turizm Agentliyinin, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, həm də Azərbaycanda özəl sektorun, turizm şirkətlərinin fəaliyyəti nəticəsində ölkəyə gələn turist sayında kəskin artım olacaq. Xüsusilə nəzərə alsaq ki, 44 günlük müharibə nəticəsində 30 il işğal altında olan torpaqlarımız azad olub, bu da xarici ölkə vətəndaşlarının Azərbaycana olan marağını artırıb və düşünürəm ki, ölkəmizi turist axını gözləyir”.

Ekspertin fikrincə, prinsip etibarilə turizmin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, beynəlxalq turizmi inkişaf etdirmək üçün mütləq daxili turizm inkişaf etməlidir:

“Bu da ona gətirib çıxarır ki, turizm sektorunda çalışanlar daxili turistlərlə işləyərək standartları öyrənir və xarici turistlərə yüksək səviyyədə xidmət göstərə bilirlər. Onlar da bu xidmətdən məmnun gedirlər və faktiki olaraq Azərbaycanı təbliğ edirlər ki, bu da turist axınına səbəb olur”.

Qiymətlərə gəldikdə isə B. Bilalov bildirdi ki, indiki şəraitdə nəqliyyat xərcləri baha başa gəlir, çünki məsafə gözləmək lazımdır:

“Hazırda 50 nəfərlik avtobuslarda 20 nəfər səfərə çıxır. Otellərdə də standartlara əməl etmək tələb olunur. Həm qidalanma sektorunda, həm otellərdə Operativ Qərargahın təyin etdiyi bəlli standartlar var. O standartlara əməl edilməsi ona gətirib çıxarır ki, yerlərin sayı çoxdur, ancaq turist qəbul etmək üçün icazə azdır. Qiymət məsələsi həm də buna görə yüksəkdir. Ancaq tədricən peyvənd olunanların sayının artması ona gətirib çıxaracaq ki, bütün məhdudyyətlər aradan qalxacaq, onda qiymətlər də aşağı düşəcək”.
Nigar
Cebhe.info


Oxunma sayı: 1343