hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Qarabağın baş planı necə hazırlansın? - Memarların öz təklifi var - BİZİM SORĞU

Qarabağın baş planı necə hazırlansın? - Memarların öz təklifi var - BİZİM SORĞU

İşğaldan azad olunmuş torpaqlara həyatın yenidən qaytarılması, abadlıq-bərpa ilə bağlı tədbirlər günü-gündən artmaqdadır.

Artıq müxtəlif istiqamətlərdə yol çəkilişləri, hava limanlarının inşasına başlanılması bu yolda görülən işlərdən ancaq bir neçəsidir.

Sosial şəbəkələrdə artıq həmin ərazilərdə inşa olunacaq hotellərin layihələri də paylaşılır.

Bu isə Qarabağın hər bir rayonunun baş planı ilə bağlı müzakirələri gündəmə gətirib.

Azərbaycanlı memarlar necə düşünür, bölgədə hansı işlər və necə görülməlidir?

Memar Zemfira Budaqova Qarabağda görülməli işlərlə bağlı fikirlərini Cebhe.info ilə bölüşüb:

“Öncəliklə onlar şəhər şəklində göstərilməlidir. Bundan sonra müvafiq olaraq, hotel, aeroport, avtovağzal, şəhər mərkəzləri olmalıdır. Kiçik ərazilərdə mikrorayonlar göstərilməldir. Şəhər mərkəzlərində bank, iş yerləri, ticarət mərkəzləri, istirahət zonaları qeyd olunmalıdır. Hər bir şəhərin tələbinə uyğun olaraq layihə hazırlanmalıdır. Həmin ərazilərə köçürüləcək insan sayına görə böyük şəhərlərin yanında xırda şəhərlər salınmalıdır. Kommunal sistemlər təmin olunmalıdır. Müəyyən sayda insanlar orda yaşamağa başlayanda sonra özləridə müəyyən şəraitl yaratmağa başlayacaqlar. Diqqətdə saxlamaq lazımdır ki, bütün bu işləri görərkən orda yaşayacaq insanların sayı yüksək tutulsun. Xaricdə yaşayan və yaxud maddi durumu yaxşı olan insanlar da həmin ərazilərə köçə bilərlər. Elə etmək lazımdır ki, həmin insanlar bir müddət sonra şəraitsizlikdən oranı tərk eləmək məcburiyyətində qalmasın. Ən əsas amillərdən biri də həmin ərazilərdə müharibənin, tariximizin izlərini özündə həkk etdirən binaların, muzeylərin yaradılması və mövcud olanların qorunub saxlanılmasıdır”.

Memarın fikrincə, Azərbaycan memarlıq ənənələrini Qarabağda yaşatmaq lazımdır:

“Hazırda dünyanın gündəmində olduğu üçün gələcəkdə oranı ziyarət etmək istəyən çox insanın olduğunu nəzərdə saxlamalıyıq”.

Memar Aytəkin İmranova isə bu işdə mütəxəssislərin biliyindən, təcrübəsindən istifadənin vacibliyini vurğulayıb:

“Bakı şəhərinin baş planı 20 ildir verilib, ancaq hələ də görülməmiş, tamamlanmamış işlər var. Baş plan çox əlavə məlumatlar, araşdırmalar tələb edən işdir. Hazırda həmin ərazilərdə monitorinq olunmayıb, minalardan təmizlənmə prosesi gedir. Bunlar mərhələ-mərhələ olacaq. Hər hansı layihə hazır olana qədər müəyyən etirazlar, müzakirələr olur. Qarabağın əvvəlki vəziyyəti necə olub, gələcəkdə nələr olmalıdır- bütün bunlar üçün həmin ərazilər əlçatan olmalıdır ki, rahat gedib araşdırma aparılsın. Eyni zamanda, savadlı, məlumatlı şəxsləri cəlb eləmək lazımdır ki, bir iş bitməmiş digərində problem çıxmasın. Amma başlanğıc üçün orda çalışacaq, ilk gedəcəklər insanlar üçün müəyyən obyektlər, xəstəxana və s. tipli müəssisələr salınmalıdır. Aydındır ki, bunlar çox xoşniyyət və səbirsizliklə gözlənilən hadisələr olduğu üçün nələrisə tez bir zamanda görmək istəyirik. Amma “Tələsən təndirə düşər” misalına uyğun olaraq, səbrlə başlamaq lazımdır”.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 837

Bizim Telegram səhifəmizi izləyin