hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Qarabağın inkişafında vacib amil: “Aeroportlar iqtisadi potensialdan istifadəyə imkan yaradacaq”

Qarabağın inkişafında vacib amil: “Aeroportlar iqtisadi potensialdan istifadəyə imkan yaradacaq”

Məlum olduğu kimi, hazırda Füzuli Beynəlxalq Hava Limanının inşası üzrə tikinti işləri sürətlə aparılır.

Yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcək.

İşğaldan azad edilən bölgələrdə üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bu haqda məlumat verib. Hesab olunur ki, azad edilmiş bölgələrimizdə beynəlxalq hava limanlarının inşası həm siyasi, həm də iqtisadi cəhətdən bölgəyə, o cümlədən də bütövlükdə ölkəyə böyük səmərə gətirəcək. Füzuli aeroportunun işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və tanıdılmasında xüsusi rolu olacaq.

Aeroportlar bölgədə sənaye və kənd təsərrüfatı sektorunun inkişafına müsbət təsir göstərəcək, istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələlərində önəmli rol oynayacaq.

Eyni zamanda, hava limanları beynəlxalq daşımalar üçün əlverişli olacaq. İqtisadçı Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirib ki, hava yolları nəqliyyat sektorunda ən mühüm sahələrdən biridir:

“Azərbaycanda 6 beynəlxalq hava limanı var. Bu, mühüm bir faktordur. Bu sahədə Azərbaycan son illər ərzində infrasturktura qoyduğu vəsaitlər hesabına böyük nəticələr əldə edib. İşğaldan azad olunmuş ərazilərdə belə hava limanlarının tikintisi xüsusi əhəmiyyət kəsb edir. Həmin ərazilər zəngin təbii resurslara malikdir, təbii şəraitinə görə turizmin inkişafına böyük perespktiv vəd edən regiondur. Region Azərbaycanın paytaxtına, o cümlədən də Gəncə şəhərinə o qədər də yaxın məsafədə yerləşmir. Regionda avtomabil yolları salınacaq, dəmir yolu infrasturkturu da yaradılacaq”.

İqtisadçı deyir ki, bununla yanaşı Füzuli, Zəngilan və Laçında həm hava limanlarının inşası regionun iqtisadi potensialından səmərəli istifadə etmək, həm də turizmi inkişaf etdirmək baxımından səmərəlidir:

“Ümumiyyətlə, region Azərbaycanın ümumi iqtisadi sistemi ilə əlaqəli çalışmasına və qarşılıqlı şəkildə fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Füzuli hava limanında iş gedir.

Prezident bildirib ki, ilin sonunda işlər yekunlaşacaq. Şuşada nəzərdə tutulan mədəniyyət tədbirlərinin keçirilməsi, turist axınının təmin edilməsi və regionun iqtisadi potensialından səmərəli faydalanmaq üçün bu hava limanları böyük töhfə verəcək”.

Xatirə Nəsirli
Cebhe.info


Oxunma sayı: 925