hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Qatar tuneldə niyə qaldı? - Sərnişinləri qorxudan hadisənin səbəbi açıqlandı: “Yeni qatarlar...”- RƏSMİ

Qatar tuneldə niyə qaldı? - Sərnişinləri qorxudan hadisənin səbəbi açıqlandı: “Yeni qatarlar...”- RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində fasilələr yaranıb.  

Qatarın 15 dəqiqədən artıq tuneldə qaldığı deyilir. 

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Cebhe.info-ya fasilələrin yaranma səbəblərin açıqlayıb. O bildirib ki, yeni gələn qatarlar avtomatlaşdırılmış sistemlə işləyir:

“Bu sistem həm də onların qapısına şamil olunur. Yeni qatarların qapısına hər hansı müdaxilə və ya maneə olarsa, qapı avtomatik şəkildə yenidən açılıb bağlanır. Bu müdaxilələr bir neçə dəfə təkrarlananda kompüterləşdirilmiş sistemdə donma baş verir. Bu zaman onu yenidən yükləmək məcburiyyəti yaranır ki, bu da bəzən 2 dəqiqə və ya 2 dəqiqə yarım vaxt aparır. Bu proses də xətlərdə interval məsələsinə öz təsirini göstərir. Qatar növbəti stansiyadan çıxmamış arxadakı qatara stansiyaya girə bilməz. Hazırda intervalın tənzimlənəsi ilə məşğuldurlar”. 

Metropoliten sözçüsü iki gündür metroda yaranmış sıxlıqdan da danışıb: 

“Yeni tədris mövsümünün başlaması ilə əlaqədar sıxlıq müşahidə olunur. Sərnişini də anlayarıq ki, qatara minib mənzil başına vaxtında çatmaq istəyirlər. Bu səbəbdən də qatarların qapılarını tutub saxlayırlar. Bu da avtomatlaşdırılmış sistemə öz təsirini göstərir”. 

Bəxtiyar Məmmədov onu da qeyd edib ki, Bakı Metropolitenində texniki səbəblərdən 2 dəqiqədən az interval etmək mümkün deyil: 

“Xətlər “28 May” metrostansiyasında birləşir. Gələcəkdə bu məsələ həll olunmalıdır ki, 2 dəqiqə və daha az interval etmək mümkün olsun. Yaxud da xətlərin inkişaf etdiyi bir vaxtda sərnişinlərin bərabər paylanması üçün müvafiq tədbirlərin görülməsi mümkün olsun. Hazırda “28 May” stansiyasında xətlər birləşdiyi üçün “İçərişəhər” və “Elmlər Akademiyası” istiqamətində hərəkət edən qatarların hamısı bir xətt üzrə gedir. Bu da sıxlığa və intervala öz təsirini göstərir. Sentyabrın 16-da Bakı Metropolitenində 800 mindən artıq sərnişin daşınıb ki, bu da kifayət qədər böyük rəqəmdir”.

Sərnişinlərin təhlükəsizlik məsələsinə gəlincə, Bəxtiyar Məmmədova qeyd edib ki, bu məsələ daim xüsusi diqqətdədir:

“Metropolitenin müvafiq təlimatlar və normativlərinə uyğun sərnişinlərin və qatarların hərəkəti tənzimlənir. Yeni tədris mövsümü başlayıb, əvvəlki qış qrafiki dövründə “28 May” stansiyasında pik saatlarda 2 əvəzinə 1 eskalator işləyir. Bu sərnişinlərin hərəkətinin tənzimlənməsinin, onların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə edilir. Çünki platforma səviyyəsində sərnişin sıxlığı müəyyən norma həddinə çatanda artıq eskalatorun biri dayandırılır ki, sərnişinlərin platformaya düşməsində seyrəlmə müşahidə olunsun. Seyrəlmə baş verən kimi avtomatik ikinci eskalator qoşulur. Bu kimi məsələlər Metropolitendə bir nömrəli vəzifədir və xüsusi diqqət olunur”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 3796