hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Qaz bazarında yeni oyunçu: Tiflis Moskva ilə barışır?

Qaz bazarında yeni oyunçu: Tiflis Moskva ilə barışır?

Natiq Cəfərli: “Rusiyadan asılılıq Gürcüstanın iqtisadi müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər”

Gürcüstan Rusiyadan az miqdarda da olsa, təbii qaz alacaq. Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kobuliya deyib. Nazir Rusiyadan Ermənistana satılan təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə, Rusiyadan az miqdarda da olsa, “mavi yanacaq” alınacağını bildirib. O, deyib ki, Rusiya tərəfi ilə aparılan danışıqların nəticəsi olaraq “Gazprom” şirkəti ilə imzalanmış müqavilədə Gürcüstana az miqdarda da olsa, təbii qazın verilməsi barədə maddə əksini tapıb.

Qeyd edək ki, 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında müharibə baş vermişdi. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdı. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdu. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır. 

Keçmiş prezident Eduard Şevardnadzenin yerinə hakimiyyətə gələn Mixeil Saakaşvilinin rəhbərliyi dönəmində iki ölkə arasında baş verən hərbi müdaxilədən sonra ölkələr arasında bütün sahələrdə, o cümlədən diplomatik əlaqələr kəsildi. Gürcüstan MDB-dən çıxdı. Lakin 2012-ci ildə rus-gürcü milyarderi Bidzina İvanişvili siyasi partiya yaradaraq hakimiyyətə gələndən sonra, Gürcüstanın xarici siyasətində qərbyönlü kursla yanaşı, Rusiya ilə barışıq meylləri də üstünlük təşkil etdi. Bir qədər balanslı siyasətə meyl olub. Gürcüstan avrointeqrasiya siyasəti yolu tutub və NATO-ya üzvlük siyasəti yürüdür. Ancaq Bidzina İvanişvili daim çalışıb ki, Gürcüstanı Rusiya ilə yaxınlaşdırsın və əlaqələri bərpa etsin. Nəhayət 2018-ci ilin may ayında Bidzina İvanişvilinin Gürcüstana qayıdaraq hakim “Gürcü Arzusu-Demokratik” partiyasının sədr seçilməsindən və ölkənin siyasi fəaliyyətinin birbaşa yönləndirməsindən sonra Rusiya ilə yaxınlaşma meylləri daha da artdı. Hətta iki ölkə arasında gizli danışıqların getməsinə dair məlumatlar ortaya çıxdı. Sonra bu məlumatları Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin təsdiq etdi. O, bildirdi ki, dəfələrlə Gürcüstan Baş nazirinin müavini Zurab Abaşidze ilə görüşüb və iki ölkə arasında nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin bərpasına dair razılıq əldə olunmaq üzrədir.

Bu məsələdə Rusiya çalışırdı ki, Gürcüstan üzərindən nəqliyyat dəhlizi açılsın. Nəticədə Gürcüstan Cənubi Osetiya və Abxaziya ilə əlaqələri bərpa etməklə işğal faktını tanımış olsun. Digər tərəfdən, Gürcüstan üzərindən Ermənistana quru dəhliz açılsın. Bu, Ermənistandakı hərbi bazalarla Rusiyanın birbaşa quru əlaqəsini təmin etmək üçündür. Eyni zamanda Ermənistan bu faktdan istifadə edərək blokada vəziyyətindən çıxmaq istəyirdi. Bidzina İvanişvilinin Rusiyada böyük biznesi olduğuna görə, daimi rəsmi Moskva ilə əlaqələrin bərpasının tərəfdarı olub. Bu proses 2018-ci ilin dekabr ayında Gürcüstanda keçirilən prezident seçkilərinə mühüm təsir göstərdi. Rusiya hər seçkidə özünə yaxın şəxsin qələbə qazanmasında maraqlı idi. Beləliklə, Rusiyanın təsirilə həmin vaxt Bidzina İvanişvilinin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili seçkiləri saxtalaşdırmaqla hakimiyyətə gətirildi. Doğrudur, Salome Zurabişvili NATO-ya inteqrasiya tərəfdarı olduğunu bəyan etsə də, əslində onun hakimiyyətdə olması Rusiyanı qane edirdi.

Məlumatlara görə, Qriqori Karasinlə Zurab Abaşidzenin İsveçrədə görüşü gözlənilirdi və bu barədə razılaşma əldə olunub. Doğrudur, bu danışıqlar hələ uzanır. Ekspertlər hesab edir ki, Gürcüstanın indiki rəhbərliyinin hakimiyyətdə olması Rusiya üçün daha əlverişlidir, nəinki sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat Partiyası. Bu partiyanın hakimiyyətə gəlməsi Rusiya üçün yenidən problem yarada bilərdi.

Əvvəllər “Gazprom” şirkəti Ermənistana nəql etdiyi qazın müqabilində Gürcüstana 10 faiz tranzit haqqı verirdi. Sonralar Georgi Kvirikaşvili baş nazir olanda onun müavini və Energetika naziri Kaxa Kaldze ilə Rusiya arasında belə bir razılaşma oldu ki, Rusiya Gürcüstana 10 faizi qaz şəklində yox, tranzit haqqını nağd pulla ödəsin. Həmin 10 faiz qazı isə Azərbaycandan almaq barədə razılaşma əldə olunmuşdu.

Qeyd edək ki, əvvəllər Gürcüstanda müxalifət və bir sıra təhlilçilər hökuməti Rusiya tərəfindən təklif edilmiş təbii qaz qiyməti razılaşmasını qəbul etdiyinə görə, kəskin tənqid etmişdi. Müxalif Vahid Milli Hərəkat yeni qaz razılaşmasının Gürcüstan üçün "zərərli" olduğunu bildirdi. Bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri isə deyir ki, bu razılaşma Gürcüstanın enerji təhlükəsizliyinə hədə yaradır. Gürcüstan hökuməti isə tənqidləri rədd edərək deyir ki, yeni razılaşma Gürcüstanın enerji asılılığını artırmır və hələ ki təklif olunan şərtlər "optimal" hesab olunur.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, bu yeni bir proses deyil: 

“Mixeil Saakaşvilidən sonra Bidzina İvanişvili komandasının hakimiyyətə gəlməsilə Rusiyayla münasibətlərin müəyyən dərəcədə normallaşması ilə bağlı bir istiqamət götürüldü. Bunun əsasən iqtisadi səbəbləri önə çəkilirdi. Çünki Gürcüstanın bu gün də ticarət tərəfdaşı, ən çox mal və xidmət ixrac etdiyi ölkə Rusiyadır. 

Gürcüstan hər il Rusiya bazarının maliyyə imkanlarını nəzərə alaraq əsasən kənd təsərrüfatı, mineral sular və şərabçılıq məhsullarının ixracını artırır. Son 1 il ərzində Rusiyadan Tiflisə gələn turist sayı 1 milyonu ötüb. Bu onu göstərir ki, Gürcüstan hökumətinin Rusiya ilə münasibətlərin yaxşılaşmasında iqtisadi maraqları var. İqtisadi maraqların uzlaşması özlüyündə siyasi ortamı da yumşaldır. Çünki Rusiya uzun müddət Gürcüstanla əlaqələrinin çox gərgin olduğu bir dönəm yaşadı. Rusiya Cənubi Osetiya ilə Abxaziyanın “müstəqil”liyini tanıyandan sonra diplomatik əlaqələrin qopma nöqtəsinə qədər gedib çıxdığını gördük”.

“Azərbaycan Gürcüstanın qaz bazarında kifayət qədər güclü mövqedədir”

Ekspert qeyd edib ki, hazırda Gürcüstan tərəfi qaz məsələsində Rusiyanın istəklərinə cavab verərək müəyyən güzəştlər qazanmağa çalışır: 

“Paytaxt Tiflis Rusiyaya daha çox mal və xidmət ixrac etməsi üçün imkanların genişlənməsinə çalışır. Rusiyanın Ermənistana satdığı qazın yeganə keçid məntəqəsi Gürcüstandır. Əvvəllər Gürcüstan Ermənistana verilən qazın 10 faizini tranzit haqqı kimi götürürdü. Sonradan Rusiya tərəfi buna etiraz etdi və Gürcüstan da qazın alınmasını azaltdı. Çünki Azərbaycan Gürcüstanın qaz bazarında kifayət qədər güclü mövqedədir. Gürcüstan anlayır ki, enerji məsələsində Rusiyadan asılılıq onun iqtisadi müstəqilliyinin itirilməsinə gətirib çıxara bilər. Ona görə də Gürcüstan Rusiyadan asılı olmağa nə çalışır, nə də istəyir və bununla bağlı ciddi müqavimət var. Amma az miqdarda da olsa, qaz alaraq digər sahələrdə Rusiyanın qoyduğu qadağaları və maneələri aşmağa çalışır”.

Natiq Cəfərli hesab edir ki, Gürcüstan Rusiyadan böyük həcmdə qaz almayacaq: 

“Verilən açıqlamalara görə, təqribən 300 milyonla 500 milyon kubmetr arasında qazın alınması ilə bağlı danışıqlar gedir. Amma ilkin mərhələdə 150 milyon kubmetr qaz olacaq, sonradan bu həcmin artması perspektivi var. Aşağı-yuxarı Ermənistana verilən qazın 10 faizi civarındadır. Yəni, Gürcüstanın köhnə formula qayıtdığını demək mümkündür. Amma Gürcüstan anlayır ki, Rusiyadan nə qədər çox qaz alsa, o qədər də asılı vəziyyətə düşə bilər. Ona görə hesab etmirəm ki, Rusiyadan alınan qazın həcmi gələcəkdə kifayət qədər artar və bu da Azərbaycanın qaz tədarükünə təhlükə yarada bilər. Qənaətimcə, bu təhlükənin olması mümkün deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1574