hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Qazaxıstan erkən seçkiyə gedir: Nazarbayevin yerini kim tutacaq?

Qazaxıstan erkən seçkiyə gedir: Nazarbayevin yerini kim tutacaq?

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri  keçiriləcək. 

Bu barədə prezidentin səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev açıqlama verib. Xalqa televiziya ilə birbaşa müraciət edən Tokayev ölkə konsitusiyasına uyğun olaraq belə bir addım atdığını deyib. Tokayev  bu qərarı eks-prezident, Konstitusiya Şurasının hazırkı sədri Nursultan Nazarbayevlə məsləhətləşdikdən sonra verdiyini  bildirib. Həmçinin, Kasım-Jomard  Tokayev televiziya ilə müraciət etməzdən öncə, ölkədəki siyasi partiyaların liderləri, Senatın sədri və baş nazirlə ayrılıqda müzakirələr aparıb.

“Mən dövlət başçısı kimi seçkilərin açıq, ədalətli və şəffaf keçiriləcəyinə təminat verirəm”-Tokayev belə deyib. 

Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti N.Nazarbayev martın 19-da istefa verib. Tokayev prezidentin səlahiyyətlərini 2020-ci ilin aprel ayına qədər icra etməli idi. Ölkədə növbəti prezident seçkilərinin isə 2020-ci ilin dekabr ayında keçirilməsi nəzərdə tutulurdu. Doğrudur, Qazaxıstan Konstitusiyasının 48-ci  maddəsinə dörə, prezident istefa verdikdə, vəfat etdikdə və səlahiyyətlərini icra edə bilmədikdə həmin vəzifənin icrası Senatın sədrinə, o da mümkün olmadıqda baş nazirə və parlamentin aşağı palatasının sədrinə keçir.  “Qazaxıstan Respublikasında Seçkilər Haqqında Konstitusiya Qanunu”nun  51.1-ci maddəsi ölkə ərazisində növbədənkənar prezident seçkilərinin təyin edildiyi gündən iki ay müddətində keçirilməsini nəzərdə tutur. Nazarbayev də  istefa verdikdən sonra növbəti prezident seçkilərinin 2020-ci ildə olacağını demişdi. Bu baxımdan, Kasım-Jomart Tokayevin növbədənkənar seçkilər elan etməsi konstitusiyanın tələblərinə nə qədər  uyğun gəlsə də, gözlənilməz olub. Ona görə də növbədənkənar seçkilərin elan edilməsi dərhal Nursultan Nazarbayevin qızı, Senatın sədri Dariqa Nazarbayevanın  prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı sualları yenidən gündəmə gətirdi. Konstitusiya ilə seçkiləri  təyin etmək prezidentin səlahiyyətlərinə daxil olsa da, Qazaxıstan reallığında sözügedən qərarın hələ də hakimiyyət üzərində siyasi inhisarını saxlayan N.Nazarbayevin razılığı olmadan tətbiqi qeyri-mümkündür. Yəni  növbədənkənar seçkilərin vaxtının müəyyən edilməsi  kimi  hakimiyyətin prezidentliyə namizədinin də müəyyənləşməsi N.Nazarbayevin rəyindən asılı olacaq. Bu gün isə Qazaxıstanda “Elbaşı”nın siyasi varisi kimi Kasım-Jomart Tokayevin və Dariqa Nazarbayevanın adı çəkilir.

Lakin qeyd edilən sualın cavabı özünü çox gözlətmədi. Dariqa Nazarbayeva prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını bildirib. Bu barədə jurnalistlərə Senat sədrinin köməkçisi Saule Mustafayeva açıqlama verib. O, bildirib ki, namizədi  partiya müəyyən edəcək. Eyni zamanda, hakim “Nur-Otan” Partiyası onun namizədliyini irəli sürəcəyi təqdirdə,  xanım Nazarbayeva bu təklifi qəbul edib-etməyəcəyinə dair  məsələyə aydınlıq  gətirməyib. 

Qazaxıstanlı politoloq Uruzqali Salteyev isə hesab edir ki, hakim partiyanın prezidentliyə namizədi məhz Kasım-Jomart Tokayev olacaq. Amma Dariqa Nazarbayevaya başqa  rol ayrılıb. Ekspertin fikrincə, Dariqa Nazarbayevanın rolu parlamentin qəbul etdiyi qərarlar vasitəsilə artacaq. Salteyevin sözlərinə görə, D.Nazarbayevanın spiker postuna gətirilməsi dövlət başçısının ambisiyalarını və gözlənilməz hərəkətlərini nəzarət altına almaq, məhdudlaşdırmaq məqsədi daşıyır. 

“Nur-Otan” Partiyası isə Tokayevin namizədliyini irəli sürəcək. Bu təşəbbüsü isə dövlət aparatı dəstəkləyəcək.   Politoloq bildirib ki, yaxın gələcəkdə  Dariqa Nazarbayeva parlamentin divarları içərisində öz təsirini gücləndirəcək və qanunverici orqana seçkilərdən sonra aşağı palatadakı deputatların əksəriyyəti öz adamlarından ibarət olacaq. Bu proses 2017-ci il  konstitusiya dəyişikliyindən sonra dondurulmuş  vəziyyətdə olan Məclisin  səlahiyyətlərinin fəallaşmasına səbəb olacaq.

"Mərkəzi hakimiyyət orqanları arasında ierarxik çəkinin parlamentin lehinə bölünməsi baş verəcək. O, hökumət və Prezident Administrasiyası ilə əməkdaşlıqda bərabər tərəfdaş statusuna yaxınlaşacaq. Dariqa Nazarbayeva özünün şəxsi aparatını və siyasi çəkisini dinamik şəkildə artıracaq. Parlamentin Prezident Adiminstrasiyası tərəfindən idarə olunması faktiki olaraq, dayandırılacaq”-Salteyev belə deyib. 

Selteyevin sözlərinə görə, belə bir siyasi uyğunlaşma ölkənin siyasi sistemində qarşılıqlı balansın daxili mexanizminin qurulması üçün əlverişlidir.

Politoloq Natiq Mirinin sözlərinə görə, Qazaxıstan kimi böyük bir regional ölkədə prezident seçkilərinin keçirilməsi və hakimiyyət dəyişikliyi yalnız ölkənin öz siyasi elitası tərəfindən müəyyən olunmur. Bu prosesi bölgədə marağı olan böyük dövlətlərin məsləhətləşmələri ilə həyata keçirilir: 

“Bu qərar verilmədən öncə Kasım-Jomard Tokayev ilk rəsmi səfərini Rusiyaya etdi. Çox güman ki, Rusiya prezidenti Vladimir Putinlə müzakirə edilib. Çünki prezidentin səlahiyyətlərini icra edən şəxslə xalqın səsi ilə seçilən prezidentin nüfuzu dünya səviyyəsində  fərqli qəbul olunur. Məlumdur ki, Yaxın və Orta Şərqdə, o cümlədən Mərkəzi Asiyada Rusiya, ABŞ və Çin arasında ciddi rəqabət gedir. Bu baxımdan, növbədənkənar prezident seçkilərinin təyin edilməsi Qazaxıstan üçün doğru qərarlardan biridir. Fikrimcə, sabiq prezident  Nazarbayevlə razılaşdırılmadan belə bir qərar qəbul olunması real görünmür. Bu həm də o deməkdir ki, Tokayevin prezidentliyi artıq regionda qəbul olunmuş bir məqamdır”.

Natiq Mirinin sözlərinə görə, Dariqa Nazarbayevanın prezidentlikdən imtina etməsi atasının tövsiyəsi və razılığı ilə baş verib: 

“Bu, strateji bir qərar olduğuna görə, Tokayev müstəqil addım ata bilməzdi. Onun prezidentliyə tələsməsi  və Nazarbayevin rəyini nəzərə almadan növbədənkənar seçki təyin etməsi cəmiyyətdə parçalanma yarada bilərdi. Çünki hazırda Qazaxıstan xalqının birliyinə ehtiyac var. Bu qərar gələcəkdə Qazaxıstan hakimiyyətində boşluqların yaranma ehtimalını aradan qaldıracaq. Ona görə də Dariqa Nazarbayeva prezident olmaq istəmədiyini deyib. Əgər Nursultan Nazarbayev qızını hakimiyyətə gətirmək istəsəydi, özündən sonra Dariqanı siyasi varis edərdi. Prezident seçilmək üçün Dariqa Nazarbayevanın kifayət qədər səlahiyyətləri və nüfuzu var. Amma Qərbin etirazına səbəb olmamaq üçün Nazarbayev çox strateji bir seçim etdi. Bölgədə nüfuzu olan bir şəxsi öz yerinə gətirməklə onun seçilmək imkanlarını asanlaşdırdı. Fikrimcə, bi məsələdə Tokayevin Moskvaya səfəri də mühüm rol oynadı. Artıq bu məsələ yüksək səviyyədə razılaşdırılıb. Tokayevin qarşısında hər hansı maneə qalmadığı üçün 2020-ci ilə qədər gözləməyə ehtiyac yoxdur və növbədənkənar seçkilər keçirmək qərara alınıb”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1225