hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Qazaxıstanı xilas edəcək layihə: Xəttin bir tərəfində Azərbaycan… - TƏHLİL

Qazaxıstanı xilas edəcək layihə: Xəttin bir tərəfində Azərbaycan… - TƏHLİL

Qazaxıstan Azərbaycan ərazisi ilə neft ixracının mümkünlüyünü nəzərdən keçirə bilər. Bunu “Trend”-ə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. K.Bozumbayevin sözlərinə görə hazırda bu məsələ gündəlikdə deyil. Lakin gələcəkdə bu cür tədarük imkanı istisna olunmur:

“Hazırda Qazaxıstanın kifayət qədər ixrac gücü olduğu üçün Azərbaycan vasitəsilə tranzit məsələsi gündəlikdə deyil. Amma gələcəkdə Qazaxıstanda karbohidrogen xammalının hasilatının artması ilə, eləcə də Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracının iqtisadi məqsədəuyğunluğu müəyyən olunarsa, bu məsələ maraqlı tərəflərlə nəzərdən keçirilə bilər”.

Ancaq qeyd edilən təklifin reallaşması “Transxəzər” qaz boru kəmərinin çəkilməsindən sonra sonra baş tuta bilər. Türkmənistanda hasil olunan təbii qazın Xəzər dənizinin dibi ilə Azərbaycana və Avropa bazarlarına nəqli isə hələ ideya olaraq qalır. Buna baxmayaraq, layihənin baş tutmasında maraqlı olan dövlətlərin son vaxtlar təşəbbüslərinin artması müşahidə olunur. Səbəb isə avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsinə dair konvensiyanın imzalanmasıdır. Sonuncu saziş Türkmənistana və Azərbaycana digər sahilyanı dövlətlərin icazəsi olmadan Xəzər dənizinin altından, ekoloji cəhətdən ziyan vurmadan qaz kəməri çəkməyə icazə verir. Əgər həmin boru xətti reallaşarsa, Qazaxıstan da öz “mavi yanacağı”nı Türkmənistan ərazisindən keçməklə “Transxəzər”ə qoşa bilər.

Qeyd edək ki, Qazaxıstanın təbii qaz ehtiyatları 1,82 trilyon kubmetr həcmində dəyərləndirilir. Bu, dünya qaz ehtiyatının 1,7 faizinə bərabərdir. Hazırda qazax yanacağının əsas potensial alıcısı qismində Çin və Avropa Birliyini görmək olar. Çünki Rusiyanın valyuta ehtiyatlarının kəskin azalması və üzləşdiyi sanksiyalar Qərbə təbii qaz nəqlini məhdudlaşdırır. Lakin Qazaxıstan böyük enerji resurslarına malik olduğu üçün Türkmənistanın qərarını gözləmədən də öz təbii qazını Azərbaycan üzərindən Avropa bazarlarına çıxartmaq üçün Xəzər dənizinin dibi ilə ötürücü boru xəttinin çəkilməsi təklifi ilə çıxış edə bilər. Yəni “Transxəzər” layihəsinin öz istiqamətini Türkmənistandan Qazaxıstana dəyişməsi mümkündür. Xəzər dənizinin bölünməsinə dair Azərbaycanla Qazaxıstan arasında bütün məsələlər öz həllini tapdığından Qazaxıstan qazının nəqli üçün daha əlverişli şərait var. Türkmənistanla Azərbaycan arasındakı “Kəpəz” yatağının statusuna dair məsələ isə mübahisəli qalır.  Artıq Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP-ın infrastrukturu hazır olduğundan Qazaxıstan və Türkmənistan yanacağını Avropaya daşımaq üçün işlərin böyük hissəsi başa çatdırılıb. Əgər Qazaxıstan belə bir təkliflə çıxış edərsə, o zaman Türkmənistan regional meqalayihələrdən kənarda qalmamaq üçün “TransXəzər”ə qoşulmaq üçün rəsmi Astanaya müraciət edə bilər.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də avqustun 28-də “KazMunaykaz” milli şirkətinin İdarə Heyətinin sədri Sauat Mınbayevi qəbul edib. Görüşdə dünya enerji qiymətlərinin adıçəkilən şirkətin mənfəətinə təsiri barədə danışılıb.   

Prezident Nazarbayev Qazaxıstanın energetika sektorunun inkişafı üçün şirkətin transformasiya mərhələsində potensialından istifadə etmək zəruriliyini qeyd edib. 

Ölkənin ixracatının əsas komponentləri olan enerji resursları və metalların qiymətlərində baş verən azalma Qazaxıstan iqtisadiyyatına ciddi şəkildə təsir göstərib. Sanksiyalarla əlaqədar Rusiya rublunun məzənnəsinin aşağı düşməsi dolayısı ilə Qazaxıstan tengesinə də təsir edir, əhalinin alıcılıq qabiliyyətinə zərbə vurur. Qazaxıstan Milli Bankı son dövrlərdə xarici amillərin təsiri ilə əlaqəli milli valyutanı zəiflətməli olub. Milli iqtisadiyyat naziri Timur Süleymanov 2019-cu ilin büdcə hesablanması zamanı 1 ABŞ dollarının 350 tenge nisbətində götürüldüyünü deyib. Neftin bir barrelinin dəyərinin isə yaxın illərdə 60 dollar civarında hesablanacaq. 

Müşfiq Abdulla


Oxunma sayı: 7634