hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Qəlbləri sözün qüdrəti ilə fəth edən şairin doğum günüdür: “Cəlladına aşiq olmuşsa bir millət...”

Qəlbləri sözün qüdrəti ilə fəth edən şairin doğum günüdür: “Cəlladına aşiq olmuşsa bir millət...”

Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri və ya sadəcə Ömər Xəyyamın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Ömər Xəyyam 18 may 1048-ci ildə İranın şərqindəki Xorasan vilayətinin Nişapur şəhərində sənətkar ailəsində doğulmuşdur. Onun sənətkar ailəsində dünyaya gəlməsini soyadı da sübuta yetirir. Xəyyam “çadır ustası” mənasını verir.

Xəyyam əvvəlcə dövlət qulluğunda çalışmaq üçün məmurlar hazırlayan Nişapur mədrəsəsində oxumuş, sonralar təhsilini Bəlx və Səmərqənddə davam etdirmişdir. O, riyaziyyat, həndəsə, fizika, astronomiya kimi dəqiq elmlərə yiyələnmiş, fəlsəfəni, sufiliyi, quranşünaslıığı, tarixi, hüquqşünaslığı dərindən öyrənmişdir. Ərəb dilinə və ədəbiyyatına mükəmməl yiyələnmişdir... Ömər Xəyyam astrologiyanın, musiqi nəzəriyyəsinin mahir bilicisi olmuşdur. O, Qurani-Kərimi əzbər bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdir.Ona görə də hətta Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət almağı özlərinə əksiklik saymamışlar.

Ömər Xəyyamın elmi məşğuliyyətinin başlıca istiqaməti riyaziyyat olmuşdur. İyirmi beş yaşında ilk elmi kəşflərini etmişdir. “Cəbr problemlərinin isbatları haqqında traktatı” Xəyyamı böyük alim kimi tanıtmışdır. Buxarada Qaraxani şahzadəsi Xaqan Şəms əl-Mülkün sarayında elmi fəaliyyətə başlayan Xəyyam Buxara hakiminin böyük hörmətini qazanmışdı. Buxara hakimi Xəyyamı taxtında özü ilə yanaşı oturdurdu. 1074-cü ildə qüdrətli sultan Malik şahın sarayına dəvət olunan Xəyyam İsfahana gedərək düz iyirmi il elmi fəaliyyətində böyük uğurlar qazanmışdı.

Xəyyam Nizam əl-Mülkün təkidi ilə saray rəsədxanasının rəisi təyin olunmuşdu. Xəyyama yeni təqvim hazırlamaq tapşırılmışdı. Təqvim hazırlanandan sonra onun praktik tətbiqi mümkün olmamışdı. Ömər Xəyyam rəsədxanada astronomik müşahidələr də aparırdı. O, səma cisimlərinin hərəkətini uzun illər boyu müşahidə etməsi nəticəsində “Məlik şahın astronomik cədvəlləri” ni tərtib etmişdi. Həmin cədvəllər orta əsr Şərqində geniş yayılmışdı.

İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini — “Varlıq və zərurilik haqqında traktat”ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.

Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. “Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: ”Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.

Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”. Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.

Cəlladına aşiq olmuşsa bir millət
istər azan istər zəng dinlət.
Etiraz etmirsə sürü kimi illət.
Müstəhaqdır ona hər cür zillət.

Əhməd
Cebhe.info


Oxunma sayı: 639