hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qələbə paradı nə vaxt keçirilsin? - Hərbi ekspertlərin öz təklifi var

Qələbə paradı nə vaxt keçirilsin? - Hərbi ekspertlərin öz təklifi var

Azərbaycanla Ermənistan arasında 44 günlük Vətən müharibəsi müzəffər ordumuzun zəfəri ilə sona yetdi.

Zəfər tarixinin yazıldığı 10 noyabrda Ermənistan kapitulyasiyaya imza ataraq məğlubiyyətini elan etdi.

Beləliklə şanlı ordumuzun torpaqlarımızdan qovduğu erməni vandallarının konkret tarixlərdə işğalda saxladıqları digər ərazilərdən çıxması üçün cədvəl təyin olundu. Hazırda həmin cədvəl üzrə proseslər həyata keçirilir. Artıq bu cədvələ uyğun olaraq, bu gün Ağdama Azərbaycan ordusu daxil olub. 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın boşaldılmalıdır.

Bununla da Azərbaycanın zəfərinin yekunu olaraq qələbə paradının keçirilməsi gündəmə gəlir.

Azərbaycanın Vətən müharibəsindəki zəfərinin yekunu olaraq Qələbə paradı hansı günə (aya) təyin olunması məqsədəuyğundur?

Cebhe.info bu barədə sorğusunu hərbi ekspertlər arasında keçirib.

İbrahim Rüstəmli deyib ki, qələbə paradı barədə müzakirə belə xoşbəxtlikdir:

“Azərbaycan həqiqi mənada böyük bir qələbəyə imza atıb. İstər daxildə, istərsə Cənubi Qafqazda, istərsə də beynəlxalq aləmdə bu gün Azərbazycnın döyüş taktikası öyrənilir. Yeni bir taktika ilə yeni bir uğur və nailiyyət qazandıq. Əsas məsələ qələbə qazanmaq idi. Bunu da ordumuz 44 gün ərzində yüksək səviyyədə təmin etdi. Ordu nə qədər güclü olursa olsun, peşəkar komandirlər, yaxşı komandanı olmasa, vahid mərkəzdən idarə olunmasa, heç bir uğur qazana bilməz. Burada əlbəttə ki, strateji planlar rol oynayıb. Mən təklif edərdim ki, qələbə paradının keçirilməsi Ali Baş Komandanın doğum günündə - 24 dekabrda keçirilsə yaxşıdır. Təbii ki, bu qərarı Prezident verəcək”.

Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşanın sözlərinə görə, qələbə paradının təyin olunacağı ən məqsədəuyğun tarix Şuşanın işğaldan azad olunduğu gün olar:

“Şuşadakı döyüş taktikası hələ uzun müddət öyrəniləcək. İkinci tərəfdən bu, müharibənin taleyində dönüş nöqtəsi oldu”.

Hərbi ekspert Ramil Məmmədli də qələbə paradının Şuşanın işğaldan azad olunduğu günə təyin olunmasını təklif edib:

“Elə günə təyin olunmalıdır ki, həmin tarix məhz qələbə paradına aid gün olsun. İndiyə qədər olan hansısa bir əlamətdar günə aid olmasını o qədər də məqsədəuyğun hesab etmirəm. Məsələn, Şuşanın işğaldan azad edildiyi günə qələbə paradını təyin etmək daha məntiqli olar”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, qələbə paradının hansı gün və tarixdə keçiriləcəyi qərarını yalnız ölkə başçısı İlham Əliyev verə bilər:

“Hazırda diqqətimiz Dağlıq Qarabağda işğaldan azad olunmuş rayonlarımızın boşaldılmasındadır ki, artıq bu proses həyata keçir. Bizim ərazilərin düşmən tapdağından tamamilə qurtulacağı və dövlət sərhədlərimizin bərpa olunacağı gün reallaşır. Qələbə paradının nə zaman keçiriləcəyinə isə Ali Baş Komandamız qərar verəcək. Biz heç nə deyə bilmərik”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3345

Bizim Telegram səhifəmizi izləyin