hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Qələbəni şərtləndirən amil: Ali Baş Komandanın qətiyyəti - RAKURS

Qələbəni şərtləndirən amil: Ali Baş Komandanın qətiyyəti - RAKURS

20 noyabr 2020-ci il! Azərbaycanın şanlı tarixinə daha bir gün qızıl hərflərlə yazıldı! 27 illik həsrətə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti və Ermənistanın Baş naziri ilə noyabrın 10-da imzaladığı birgə bəyanatın 2-ci bəndinə uyğun olaraq, məhz noyabrın 20-də Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldıldı və Azərbaycan Ordu hissələri əraziyə daxil oldu. 20 noyabr saat 12:00-da müzəffər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı xalqa müraciət edərək bu zəfər müjdəsini böyük qürur hissi ilə bəyan etdi. Bu xəbəri hər birimiz sevinc göz yaşları ilə, böyük fəxrlə qarşıladıq. Siyasi əqidəsindən, milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı həmin an sanki ağdamlı idi.

Hər birimizin ürəyi Ağdamda döyünürdü. Artıq gecə saatlarından etibarən mətbuatı izləyərək böyük fəxarətlə hiss edirdik ki, ordumuz Ağdamda nəzarəti öz üzərinə götürür. Ən sevindirici hal da o idi ki, bir güllə atılmadan, bir şəhid vermədən bu proses icra olunurdu. 44 gün davam edən əks-hücum əməliyyatlarının nəticəsi olaraq biz bu zəfərə nail olduq. Bu qələbə, bu zəfər döyüş meydanında əldə edildi. 30 il ərzində 20 mindən çox şəhid vermiş Azərbaycan xalqı bir gün də olsun belə, bu qələbəyə inamını itirmədi.

Savaşın bu cür uğurlu sonluqla yekunlaşacağına əmin olan xalqımız bilirdi ki, haqq işi uğrunda mübarizə aparır və haqqın zəfər çalacaq. Belə də oldu. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük bir qismi azad olundu. Ədalət zəfər çaldı. İgidlərimizin qanı yerdə qalmadı, torpağa qarışıb Vətən oldu. Əks-hücum əməliyyatlarının başlandığı ilk gündən Azərbaycan tərəfi BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini bütün dünyaya bəyan etdi. Ermənistan isə beynəlxalq ictimaiyyətin qarşısında işğalçı dövlət olduğunu öz əməlləri ilə bir daha sübut etdi.

İllərlə bütün dünyada “məzlum erməni xalqı” obrazını yaratmış erməni diasporu məqsədinə nail ola bilmədi. Bu müharibə bütün dünyada ermənilərlə bağlı yaranmış stereotipləri kökündən dəyişdi. Ehtiyatda olan bir zabit kimi tam əminliklə deyə bilərəm ki, ordu nə qədər güclü olsa da, qalibiyyətə aparan yol onun başında duran sərkərdədən keçir. Dünya hərb tarixinə də nəzər salsaq görərik ki, əsrlər boyu belə olub və belə də olacaq. Nizami ordu məhz müdrik, uzaqgörən sərkərdənin iradəsi ilə formalaşır.

Əvvəlki yazılarımda da vurğuladığım kimi, döyüş meydanında düşmənlə üz-üzə savaşmaq siyasi arenada savaşmaqdan qat-qat asandır. Bu çətin missiyanı öz üzərinə götürərək cəbhədə əsgər, informasiya savaşında əsl diplomat olan Ali Baş Komandan İlham Əliyevin cəsarətli, qətiyyətli, inamlı mübarizəsi zəfərə gətirib çıxardı. Ali Baş Komandanın özünün də vurğuladığı kimi, bütün dünya gördü ki, biz necə bir düşmənlə üz-üzəyik. Dədə-babadan da eşitmişik ki, düşmənin də olsa, gərək “kişi” kimi vuruşa. Hansı ki, bunu ermənilər haqqında demək mümkün deyil...

Dövlət başçımız müharibənin ilk günlərindən sonuna qədər tanınmış xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə sanki döyüş meydanındakı kimi savaşaraq Dağlıq Qarabağ problemi ilə bağlı hüquqi məsələləri ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Bu informasiya savaşında ermənilərin nə qədər namərd bir düşmən olduğunu bütün dünyaya sübut etdi. Hətta erməni lobbisinin tapşırığı ilə qərəzli sualları ünvanlayan bəzi xarici KİV təmsilçiləri Prezidentin tutarlı cavabları qarşısında mövzunu dəyişməyə məcbur olurdular. Bu idi qələbəyə gətirib çıxaran mühüm amil: döyüş meydanında və siyasi arenada öz sözünü çəkinmədən deməyi bacaran Ali Baş Komandan!

Bununla Azərbaycan Ermənistana həm də sağalmaz mənəvi zərbə vurdu. Atalarımız yaxşı deyi ki, qılınc yarası sağalar, söz yarası sağalmaz. Ermənistan özünün seçdiyi işğal yolunda belə bir taleyi yaşamağa özü- özünü məhkum etdi. Düşmənin öz ordusu ətrafında yaratdığı mif darmadağın edildi. Beynəlxalq müstəvidə erməni “xalqının” tarixi, yenilməzliyi ilə bağlı sərsəm iddialar alt-üst oldu. Beləliklə, həm döyüş meydanında məğlub olmaq, həm dünyada işğalçı dövlət kimi tanınmaq, həm də dünyanın gözü qarşısında kapitulyasiya aktını imzalamağa məcbur qalmaq ən böyük mənəvi zərbədir. Belə bir taleyi yaşamaq isə onların öz seçimi, öz haqları oldu. Bu müzəffər qələbəni bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti, həmçinin Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında ard-arda qazandığı qələbələr, bu qələbələr uğrunda canını fəda edən qəhrəman, ölməz şəhidlərimiz oldu! İndi biz şəhidlərimizin ruhu qarşısında rahat baş əyə bilirik! Çünki onların qisası döyüş meydanında alındı! Gözüyaşlı analarımıza verdiyimiz anda sadiq qaldıq! Və bu gün böyük qürur hissi ilə deyirik: Ağdam bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Çingiz Dadaşov

“Demokratik İnkişafın Təşviqi” İB-nin sədri,
ehtiyatda olan zabit
Cebhe.info


Oxunma sayı: 1629

Bizim Telegram səhifəmizi izləyin