hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Qələbəyə aparan siyasi həmrəylik: “Post-müharibə dövründə də davam edəcək” - Rufiz Qonaqov

Qələbəyə aparan siyasi həmrəylik: “Post-müharibə dövründə də davam edəcək” - Rufiz Qonaqov

“19 fevralda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə ölkədə fəaliyyət göstərən ictimai-siyasi fəalların, politoloqların, araşdırmaçıların, təhlilçilərin, eləcə də ictimai qurum rəhbərlərinin, millət vəkillərinin birgə iştirakı ilə görüş keçirildi. Görüşün əsas mövzusu ölkədə siyasi dialoq idi. Görüşdə bir il ərzində, ötən ilin 17 fevralından indiyə qədər aparılan siyasi dialoq nəticəsində ölkəmizdə yaranmış həmrəylik, Vətən müharibəsinə aparan yol və qazanılan zəfər, post-müharibə dövrü və qələbənin daha da möhkəmləndirilməsi istiqamətində çox vacib məqamlar səsləndirildi”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, keçirilən görüşdə həm şöbə müdiri Ədalət Vəliyevin məruzəsində, həm də çıxışlarda maraqlı məqamlar və təkliflər səsləndirilib:

“Xüsusilə də Ədalət Vəliyev bildirdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən ilin 17 fevralından etibarən ölkədə bütün siyasi partiyalarla dialoq təşkil edilib. Yalnız bir partiya istisna olmaqla, digər siyasi təşkilatlarla bir neçə dəfə görüşlər keçirilib. Ədalət Vəliyev onu da bildirdi ki, ölkədə bütün sahələrdə olduğu kimi, ictimai-siyasi həyatda da islahatların aparılmasına, yenilənməyə, demokratik münasibət və dəyərlərin möhkəmlənməsinə, həmrəyliyin güclənməsinə zərurət var. Məhz bu zərurəti şərtləndirən əsas addım Prezident İlham Əliyevin tapşırığı ilə atıldı ki, hazırda həmin siyasi dialoqun nəticələrini müzakirə edirik. Qeyd olunduğu kimi, 52 siyasi partiyanın 51-i ilə Vətən müharibəsinə qədər bir neçə dəfə görüş keçirilməsi, zaman məhdudiyyəti qoyulmadan keçirilən görüşlərdə dövlətin təməl prinsipləri, suverənlik, ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi, milli həmrəylik, müstəqilliyin qorunması və digər məsələlərin müzakirəsi 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən ən mühüm məsələ olub”.

Rufiz Qonaqov qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə siyasi partiyalarla aparılan dialoq nəticəsində əksər siyasi təşkilatlar, aparıcı vətəndaş cəmiyyəti institutları, ziyalılar, geniş xalq kütlələri dövlətin bu təməl prinsipləri ətrafında birləşdi, milli həmrəylik göstərdi. Vətən müharibəsi zamanı ölkəmizin demək olar ki, bütün siyasi fəalları və vətəndaş cəmiyyəti siyasi mövqe ortaya qoydu:

“15 iyul 2020-ci ildə Tovuz hadisələri zamanı ümumilikdə 47 siyasi partiyanın, 27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı 51 siyasi partiyanın, 3 oktyabr 2020-ci ildə 50 siyasi partiyanın bəyanat və müraciət qəbul edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi, Vətən müharibəsi dövründə 100-dən artıq nüfuzlu beynəlxalq təşkilatların ünvanına siyasi təşkilatlar adından 5 birgə bəyanatın göndərilməsi mühüm tarixi hadisə kimi ilk dəfə baş verdi. Bu, həm də dünyanın nüfuzlu beynəlxalq təşkilatları qarşısında ölkəmizdə milli və siyasi həmrəyliyin təcəssümü idi. Məhz bu milli birlik, həmrəylik, xalq-iqtidar birliyi, xalqın öz qəhrəman oğlu, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, Azərbaycanın 30 ildir əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Beləliklə, biz zəfər çaldıq, Azərbaycan təcəvüzkar Ermənistan üzərində qələbə qazandı. Ərazi bütövlüyümüz təmin olundu. Düşmən ordusu darmadağın edildi. Bu qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyev əsl qəhrəmanlıq simvoludur. Bir il əvvəl 17 fevralda siyasi dialoqla başlanmış böyük zəfərə gedən yol 44 gün içərisində, yəni 265 gün sonra Vətən müharibəsində zəfərimizlə başa çatdı. Bütün bunlar görüşün əsas müzakirə mövzusu idi. Eyni zamanda, biz post-müharibə dövrünü ətraflı şəkildə müzakirə etdik”.

R.Qonaqov görüşdə çıxış edənlərdən biri olduğunu qeyd edərək bildirib ki, post-müharibə dövrü, ölkəmizdə aparılan islahatların dərinləşməsi belə həssas dövrdə xüsusi önəm daşıyır:

“Bu məqsədlə biz öz təkliflərimizi müvafiq şöbəyə təqdim etməliyik. Hər bir politoloq, araşdırmaçı, təhlilçi, ictimai qurum, siyasi partiya rəhbəri, millət vəkili bu məsələlərdə aktiv olmalıdır. Beynəlxalq münasibətlər sistemində öz qələbəmizi və ölkəmizin yerini daha da gücləndirməli, qalibiyyəti daha da möhkəmləndirməliyik.

Düşünürəm ki, geniş, silsilə görüşlərin həm siyasi partiyalar, həm ictimai-siyasi fəallar, həm də ziyalılar üçün çox böyük əhəmiyyəti var. Bu görüşlərdə çox mühüm məsələlər səsləndirilir. Bu görüşlər davam etdikcə, daha da həmrəy olacaq, Vətən müharibəsində olduğu kimi, post-müharibə dövründə də bunu davam etdirəcəyik”.

Cebhe.info


Oxunma sayı: 2608