hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Qələm əhli seçki yarışında: Təşviqat necə gedir? - SORĞU

Qələm əhli seçki yarışında: Təşviqat necə gedir? - SORĞU

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. 

Seçkilər 118 seçki dairəsində 1606 bələdiyyə şurasında 15156 yerə keçiriləcək. Bələdiyyə seçkilərində 41800 namizəd iştirak edir. Namizədliyini irəli sürmüş şəxslər arasında media mənsubları da var. 

Maraqlıdır, jurnalistlərin təbliğat və təşviqat kampaniyası necə gedir? Prosesdən razıdırlarmı? Təbliğat strategiyalarını necə müəyyənləşdiriblər? 

Cebhe.info bəzi namizədlər-jurnalistlər arasında sorğu keçirib. 

Namizdəliyi 34 saylı Xətai İkinci Seçki Dairəsindən qeydə alınmış Elman Cəfərli də seçkiqabağı təşviqat kampaniyasını davam etdirir. E.Cəfərli bildirib ki, seçkiqabağı təşviqat kampaniyası noyabrın 30-dan etibarən başlanıb və uğurla davam edir:

“Bələdiyyə üzvlüyünə namizədlər seçicilərlə 1 dəfə qapalı məkanda, 1 dəfə açıq havada görüş keçirə bilər. Bizim ərazidə açıq havada seçicilərlə görüş yeri Zığ yolu üstündə, “Nargilə” kafesinə yaxın ərazidə yerləşən Əhmədli qəsəbə İcra nümayəndəliyinin qarşısı nəzərdə tutulub. Seçicilərlə qapalı məkanda görüş üçün isə “Bakı” kinoteatrı ayrılıb. Hər iki məkanda seçicilərlə görüş planlaşdırılır. Seçicilərlə görüşün keçirilməsi ilə bağlı 34 saylı Dairə Seçki Komissiyasına müraciət etdəcəyik. Təşviqat plakatları hazırlayırıq, yaxın günlərdə çap olunacaq. Ev-ev, qapı-qapı gəzib seçicilərimizlə görüşəcək, onların problemlərini dinləyəcəyik. İnsanlarla söhbət edəcək, ərazinin, binanın problemlərini qeyd edəcəyik. Sosial şəbəkələrin verdiyi imkanlardan maksimum yaralanacağıq. Əsas məqsədimiz insanlarda seçkiyə inam yaratmaqdır. Ümumilikdə, Xətai rayonunun problemlərini ətraflı öyrənmişik. Seçicilərimizi inandıracağıq ki, bu problemlərin həllinə nail olmağa çalışacaq, 5 il müddətində onların yanında olacağıq”. 

Media nümayəndəsi Famil Fərhadoğlu bütün təbliğatı özünün həyata keçirdiyini deyib:

“Əslində sakinlərin bələdiyyədən nə gözlədiyini, illərdir hansı problemlərinin həll edilmədiyini yaxşı bilirəm. Jurnalist olduğum üçün gündəlik rastlaşdığım insanlar, tanıdığım şəxslər qəsəbədə yerli özünüidarəetmə orqanı ilə bağlı çatışmazlıqları dilə gətirirdilər. İmzatoplama kampaniyasında da müraciət etdiyim sakinlər mənə bələdiyyənin işi ilə bağlı haqlı narazılıqlarını dilə gətirirdilər. İndi vaxtım olduğu üçün qəsəbənin əksər məhəllələrində sakinlərlə görüşlər keçirirəm. Qəsəbə sakinlərindən bələdiyyənin hansı işi görmələrini soruşuram. Seçicilərin bələdiyyələrin işinə marağı az olduğu üçün onları inandırmağa çalışıram ki, doğrudan da bu gün hakimiyyətin apardığı islahatlar yerli özünüidarəetmə orqanlarının da işinə ciddi təsir edəcək. Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident tərəfindən islahatlar aparılır, regionlarda sosial-iqtisadi layihələr həyata keçirilir. Sakinlərlə görüşümdə bildirirəm ki, bələdiyyəyə üzv seçiləcəyim təqdirdə hökumətin vətəndaşların maraqlarına xidmət edən işlərinə dəstək olacağam. Üzv seçiləcəyim halda Əmircan sakinlərinin bələdiyyədən gözlədiyi bütün layihələri həyata keçirmək üçün addımlar atmaqda maraqlıyam. “İşimiz xidmət, gücümüz millət!” şüarı ilə posterlər hazırlamışıq. Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulan lövhələrə bu posterlər asılacaq. Həmçinin, qəsəbədə insanların sıx olduğu yerlərdə də bu posterləri asmağı düşünürəm. Həmin ərazilərdə olan obyekt sahiblərinin də prosesə kömək edəcəyinə inanıram”.

Təbliğat kampaniyasının gedişatından hələlik razı qaldığını vurğulayan jurnalist Mərkəzi Seçki Komissiyası tərəfindən heç bir ənqəllə rastlaşmadığını bildirib:

“Uşaqlığım və gəncliyim bu qəsəbədə keçib. 11 il Əmircanda yerləşən Abil Səfərov adına məktəbdə təhsil almışam. Sakinlərin əksəriyyəti məni tanıyır. Onlar mənim jurnalistika fəaliyyətimdən xəbərdardırlar. Bilirlər ki, bu zamana kimi insanları narahat edən sosial problemləri həm televiziyada, həm yazılı mətbuatda işlədiyim dönəmdə ictimailəşdirmişəm. Hətta həllini tapan problemlər də olub. Ona görə sakinlərin mənə səs verəcəyinə inanıram. İnsanların bələdiyyənin işinə olan inamını yenidən qaytarmaq istəyirəm. Sakinləri əmin etməyə çalışıram ki, bələdiyyənin varlığını sizə öz fəaliyyətimlə xatırladacağam. Bundan başqa bir sıra layihələr həyata keçirmək istəyirəm ki, aidiyyatı qurumlar xəbədar olsun ki, qəsəbədə hansı yollar bərbaddır, hansı küçələrdə vətəndaşların istirahət etməsi üçün normal şərait yoxdur. Hansı ərazilərdə gənclər və uşaqların idman, istirahət etməsi üçün hansı işlər görülməyib. Bir sözlə, görüləcək işlər çoxdur. Sadəcə, əməli iş görmək lazımdır. Namizəd olduğum dairədə seçkilər şəffaf keçirilsə, əminəm ki, apardığım təbliğat-təşviqat prosesi məntiqi nəticəsini verəcək. Öncədən Əmircan qəsəbəsinin sakinlərinə və seçicilərə öz minnətdarlığımı bildirirəm”. 

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizədliyini irəli sürən Rufik İsmayılovun sözlərinə görə, prosesdə bütün mərhələləri qanunauyğun şəkildə keçib:

“Gələcək seçicilərimlə bir-bir görüşüb onların dəstəyini, imzasını almışam. İmza vərəqələrini vaxtında təhvil verib namizədliyimi təsdiqlətmişəm. Bu prosesin yerinə yetirilməsi zamanı hər hansı narazılığım, sənədləşmə ilə bağlı hansısa çatışmazlığım olmayıb. Təbliğat və təşviqat mərhələsi başlayandan isə qeyri-adi, xüsusi bir addım atmamışam. Həmkarların müraciəti əsasında onlayn mediada, mətbuatda açıqlamalarım, fikirlərim yer alıb. Bələdiyyə seçkilərində iştirak etməyimin səbəbi, məqsədim, məramım barədə fikirlərimi çatdırmışam. Buklet və plakatlarım bir neçə günə hazır olacaq. Plakatları Nəsimi rayonundakı məntəqə seçki komissiyalarının ərazisindəki müvafiq lövhələrə yapışdırmağı, bukletləri isə seçicilərə paylamağı planlaşdırıram. Ayrıca olaraq namizədliyimi irəli sürdüyüm rayon ərazisində vətəndaşlarla görüşməkdən, onlarla söhbətləşməkdən də çəkinmirəm. Ümumilikdə proses normal keçir. Hər hansı narazılığım yoxdur”. 

22 saylı Nəsimi İkinci Seçki Dairəsindən bələdiyyə üzvlüyünə namizəd, gənc fəal Fərid Şahbazlı isə namizədi olduğu dairədə seçki təbliğatının uğurla davam etdiyini və prosesi bir neçə mərhələyə böldüklərini bildirib:

“Birinci mərhələdə media və əsasən də sosial şəbəkələrdə təbliğatı qurmağa çalışdıq. Sağ olsunlar, ictimaiyyət nümayəndələri, bizim dairənin seçiciləri prosesə dəstək verdilər. Onlar namizdəliyimlə bağlı xəbərləri, posterləri paylaşdılar. Bu, çox böyük diqqət qazandırdı. Növbəti mərhələdə seçicilərlə görüşlər nəzər tutulur ki, bu gündən etibarən buna start verəcəyik. Təkbətək görüşlər təşkil edib, müxtəlif ailələri ziyarət edəcəyik. Daha sonra, yəni seçki kampaniyasının sonuncu mərhələsində ümumi seçicilərlə böyük görüş keçirməyi və növbəti dəfə media üzərindən təbliğat işinin gücləndirilməsini nəzərdə tutmuşuq. Həmçinin videoçıxışlar planlaşdırmışıq. Nəsimi rayonu üçün spesifik problemlərin səsləndirilməsi, onlardan çıxış üçün həll yollarını müəyyən edərək seçicilərin diqqətinə çatdıracağıq. Bu istiqamətdə addımlarımız gedir. Hesab edirəm ki, apardığımız təbliğat kampaniyası sonda uğurlu nəticələrə gətirib çıxaracaq”. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1354