hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Qərargah üzvü anons etdi: Azərbaycanda yeni yumşaldılmalar təxirə düşdü

Qərargah üzvü anons etdi: Azərbaycanda yeni yumşaldılmalar təxirə düşdü

Pandemiya başlayandan bəri Azərbaycanın quru sərhədləri bağlıdır.

Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-a ilk yoluxma təsdiqlənib.

İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağlayıb. Martın 4-də İrandan gələn yük maşınlarının və idxal məhsullarının ölkəyə daxil olmasına qadağa qoyulub.

Martın 12-də Azərbaycanda koronavirusdan ilk ölüm halının qeydə alınması ölkəmizdə COVID-19-la mübarizə tədbirlərinin bir qədər də sərtləşdirilməsinə zərurət yaradıb.

Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə, martın 14-dən Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini müvəqqəti olaraq bağlayıb.

Pandemiya zamanı xarici ölkələrə quru yolu ilə səfər mümkün olmasa da hava yolu xüsui səfərlər üçün açıq idi. Pandemiyadan öncə də hər kəs “AZAL”-ın bilet qiymətlərindən şikayətlənirdi. Karantindən sonra ölkədən çıxmağın tək yolu hava yolu olduğu üçün qiymətlər bir anda yenidən yüksəldi. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfər etmək arzularını ürəyində qoyan səbəblərdən biri də aviabiletlərin baha olmasıdır.

Ölkədə aviabiznes sahəsində yeganə inhisarçı şirkət olan AZAL-ın rəqabsiz olması xarici səfərləri aztəminatlı insanlar üçün əlçatmaz edir. Baxmayaraq ki, artıq bəzi ölkələrlə müntəzəm hava əlaqəsi bərpa olunub, ancaq biletlərin bahalığı səfərlərə imkan vermir.

Qonşu Gürcüstan iyunun 1-dən qonşu ölkələrlə təktərəfli olaraq quru sərhədlərini açıb. Azərbaycan rəsmilərinin sözlərinə görə, bu yöndə işlər görülür və tezliklə sərhədlər açıla bilər. Ancaq Azərbaycan quru sərhədlərini açmamış qonşu dövlətlərdə yenidən virusa yoluxma statistikası yüksəlməyə başlayıb. Rusiya və Türkiyədə virusun “Delta” ştamına yoluxanlar var. Gürcüstanda isə iyunun 23-də 773 yeni yoluxma qeydə alınıb. Bu isə quru sərhədlərin açılmasını yenidən təxirə sala bilər.

Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Opeerativ Qərargahın üzvü Rəşad Mahmudovun sözlərinə görə, “Delta” ştammının qonşu ölkələrdə yayılmasına görə yeni yumşalmalar və açılmalar gözlənilmir:

“Ətrafımızdakı ölkələrdə yoluxma sayıının getdikcə yenidən artmağa meyil göstərməsi və eləcə də Rusiya, Türkiyə daxil olmaqla gediş-gəlişin çox olduğu ölkələrdə “Delta” ştammının mövcudluğu bizim üçün də təhlükə yaradır. Bu riskləri nəzərə alaraq aidiyyəti qurumlar lazımı tədbirlər görməyə davam edir. Unutmamaq lazımdır ki, dövlətlərin vermiş olduğu qərarlarla yanaşı, cəmiyyət də epidemioloji vəziyyətə uyğun həyat tərzinə riayət etmələdir. Hər nə qədər dövlət tərəfindən bir çox yumuşalma qərarları verilmiş olsa belə, vətəndaşlar dünyada pandemiyanın ləğv olunmadığı müddətə qədər məsuliyyətli davranaraq ən başda 3 qoruyucu tədbirdən həyatının günlük parçası kimi istifadə etməlidir. “Delta” ştammının ortaya çıxması və yeni problemlər yaratmasını nəzərə alaraq bundan sonrakı mərhələdə üfiqdə yeni yumşalmalar və açılmalar görünmür”.

Quru sərhədləri virusa yoluxmanın arta biləcəyinə görə bağlı saxlanılırsa, hava yolu niyə açıqdır və reyslər artırılır? Hava yolu ilə xaricə gedib gələn şəxs virusa yoluxa bilməz?

Məsələn, təcili olaraq sağlamlığı ilə bağlı ölkəni tərk edənlər gərək ən bahalı yolla səhayət edələr. Yaxud şəxs xaricdə bəzən pulsuz, bəzən isə cüzi qiymətə olan testi Azərbaycanda azı 40 manata verməli olur ki, Qafqazda ən bahalı bilet satan şirkətlə səhayət etsin. Niyəsə ölkəmizdəki pandemiya qərarları sadəcə sadə vətəndaşlara təsir edir.

İqtisadçı Razi Abbasbəylinin sözlərinə görə, quru sərhədlərinin bağlı qalması sərhədyanı rayonlarda yaşayan əhalinin sosial vəiyyətinin ağırlaşmasına gətirib çıxarıb:

“Azərbaycanın quru sərhədlərinin bağlı olması ilk növbədə sadə vətəndaşaların həyat tərzinə ciddi təsir göstərib. Quru sərhədlərinin bağlanması ticarət dövriyyəsinə o qədər də təsiri yoxdur. Böyük sahibkarlar və investorlar quru yolla ölkəyə yüklərini daşıya bilir. Kiçik və orta sahibkarlar bu prosesdə iştirak edə bilmirlər. Nəticə etibarı ilə də əhalinin böyük bir hissəsinin sosial vəziyyətinə təsir göstərir. Eyni zamanda, ölkədən kənara səhiyyə xidmətləri almaq üçün gedən vətəndaşlarımızın vəziyyəti ağırlaşıb. Ölkəmizdə pandemiyanın ağırlığı və səhiyyəmizin imkanlarının az olması aztəminatlı vətəndaşların xarici ölkəyə müalicə üçün səhayət etməsini məhdudlaşdırıb. Birincisi bu məhdudiyyətlər vətəndaşların sağlamlığı baxımdan öz təsirini göstərib. İkincisi, gömrük ticarət dövriyyəsində şəxsi istehlak üçün gətirilmiş göstərilən, lakin bazarda öz dolanışıqlarını təmin etmək üçün satıcı rolunu oynayan vətəndaşlarımıza təsirini görmək olar. Xüsusi ilə də sərhədyani bölgələrimizdə yaşayan vətəndaşlarımız pandemiyadan öncə bu imkanlardan istifadə edirdilər. Pandemiyadan sonra böyük bir kütlə bu imkanlardan istifadə edə bilmədi və bu, həmin vətəndaşların sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxardı”.

İqtisadçının sözlərinə görə, həm pandemiyadan öncə, həm də pandemiya zamanı digər şirkətlərdən fərqli olaraq AZAL xalqa düşmən kəsildi:

“AZAL sanki Azərbaycan xalqına düşmən kəsilib. Bilirsiniz ki, hava yollarında istifadə etmək məcburiyyətində qalan vətəndaşlar əsasən təhsil və həyati önəm daşıyan səfərlər üçün seçirlər. Burada istirahət məqsədi ilə xaricə gedənlər çox azdır. Vətəndaşlarımızı Gürcüstan üzərindən xarici ölkələrə səfər etməsi həqiqətən də var. Pandemiya zaman dünya ölkələrində bir çox şirkətlər təhsil və müalicə üçün xaricə getmək məcburiyyətində qalan vətəndaşlara qiymətlərdə endirimlər təklif edir. Gürcüstanda “Wizz air” şirkəti açıqlama yaymışdı ki, təhsil və səhiyyə məqsədi ilə xaricə səfər zamanı fərdi qaydada müraciət edənlərə biletlərin qiymətlərində 30 faiz endirim edəcək. Azərbaycanda isə nəyinki endirim oldu, hətta baqaj qiymətləri bir az da bahalaşdı. AZAL Azərbaycan üçün pandiyadan öncə və indi də ciddi problem yaradır. Bu qurum xalqa düşmən kimi davranır. Həm gəlirləri yüksəkdir, həm də dövlət tərəfdən kifayət qədər dəstək alır”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 8768