hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Qərb işğalçıya arxa çevirir: Ermənistan təklənir

Qərb işğalçıya arxa çevirir: Ermənistan təklənir

Qabil Hüseynli: “Ərdoğan Rusiyaya vaxt verib, erməni qoşunları Qarabağdan çıxarılmasa, antiterror əməliyyatı başlanılacaq”

Ermənistanın əli hər gün bir ümid qapısından boş dönür. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra İrəvan Amerikanın və Fransanın yardımına böyük ümidlər bəsləyirdi. İlk günlərdə Fransa böyük canfəşanlıqla Ermənistanı dəstəkləməyə çalışdı və əsassız olaraq işğalçının müdafiəsinə qalxdı.

Lakin sonradan məsələnin mahiyyətini anlayınca Azərbaycanla-qalib ölkə ilə əməkdaşlığın daha doğru yol olduğunu anladı. Fransa cəmiyyəti də anlayır ki, Ermənistan Rusiyaya əlavə yük olduğu kimi, onlara da yükdür. Amerikada isə vəziyyət daxili proseslərə qarışıb.

ABŞ daxilində baş verən qarşıdurmalar, Trampa qarşı impiçment elanı və digər məsələlər ölkə rəhbərliyini kifayət qədər məşğul edib. Belə çıxır ki, ABŞ və Fransanın yeni vəziyyətdə hələ hər hansı bir fəaliyyət xəritəsi yoxdur. Onların Ermənistanla bağlı birgə də siyasi layihələri müşahidə olunmur. Belə çıxır ki, İrəvanın Paris və Vaşinqtondan da siyasi dəstək ümidi puça çıxıb. Yəni Ermənistan siyasi cəhətdən də təklənir.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Ermənistanın Amerikadan və ya Fransadan nəsə gözləməsi əbəsdir:

“Bu gün İrəvan Amerikadan nəsə gözləyə bilməz. İrəvan Amerikadan gözləməlidir ki, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırsın? Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, oradakı əraziləri talan edib, dağıdıb. İndi Amerika buna dəstək verməli idi? O Fransa idi ki, ilk vaxtlar bir qədər əsib-coşdu, sonra həqiqəti bildikdən sonra yerində oturdu. Fransa prezidenti Emmanuel Makron normal düşüncəsi olmayan bir adamdır. Proseslərin fərqinə vardıqdan sonra bildi ki, işğalçını müdafiə etməklə rüsvay olurlar. Fransanın xarici işlər naziri də bir zamanlar yanlış yolda idi. Lakin bu gün o da Azərbaycanla ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsini tələb edir. Fransa Parlamentinin Aşağı Palatasına bir neçə deputat Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə dair layihə təqdim ediblər. Vətən müharibəsindən sonra bu ərazilərə gələn xarici jurnalistlər və siyasilər gördülər ki, özünü mədəni sivilizasiyaya malik olan dövlət kimi təqdim edən Ermənistan işğal altında olan torpaqlarımızda nələr edib, yetmişdən çox məscid dağıdılıb, bir neçə məscidimizdə donuz, mal-qara saxlanılıb. Bütövlükdə Azərbaycan xalqına 350 milyard dollardan artıq ziyan vurulub. Bunu Qərb ölkələrindən gəlmiş ekspertlər də təsdiq edir. Ermənistanın nəyini müdafiə etsinlər”.

Ekspert qeyd edib ki, yaxın günlərdə erməni silahlıları Qarabağda çıxarılmasa, onlara qarşı anti-terror əməliyyatları başlanacaq:

“Hazırda Ermənistanı müdafiə edən Rusiyadır. Məlum olub ki, Rusiyadan İran vasitəsi ilə Ermənistana 1 milyard dollardan çox silah göndərilib. İndi də Qarabağda erməni silahlıları hələ də qalmaqdadır və sülməramlılar onların çıxarılmasında maraqlı görünmürlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyaya vaxt verib. Yaxın günlərdə Ermənistan qoşunları Qarabağdan çıxarılmasa, anti-terror əməliyyatı başlanılacaq. Anti-terror əməliyyatı təkcə erməni silahlılarını yox, bilmək olmaz daha hansı qüvvələri də onlarla birgə silib regiondan aparacaq. Ona görə də Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək lazımdır. Bunu Fransa da, Amerika da və digərləri də başa düşməlidir və hörmət etməlidir. Çünki kimsənin bir qarış torpağında Azərbaycanın gözü yoxdur”.

Q.Hüseynli hesab edir ki, Ermənistanın bundan sonrakı tək çıxış yolu Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımaq və ona hörmət etməkdir:

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yoxdur. Əslində dinc əhali sakit şəraitdə yaşaya bilər. Lakin Ermənistandan Qarabağa getmiş Köçəryan, Sarkisyan kimi bir neçə propaqandaçı radikallar aranı qızışdırmaq və sülh prosesinə mane olmağa çalışırlar. Bir də Zori Balayan kimi aranı qızışdıran bir neçə “ziyalı” var ki, xalqa qırğın, qan təbliğatı edib bir-birinə vururlar. 1915-ci il hadisələrini də belə törətmişdilər. O zaman da Osmanlının təbəəsi olan ermənilər Rusiyaya kəşfiyyat məlumatları ötürməyə, rus qoşunlarının tərkibində türk dövlətinə qarşı vuruşmağa başlamışdılar. Bir türk gülləsi ilə ölən erməni olmayıb. Zərərsizləşdirilənlər isə meşələrdə, yollarda insanların qarşısını kəsib soyğunçuluq edənlər idi. Özü də bu soyğunçuluğun digərlərindən fərqi vəhşət dolu olmasında idi. Təsəvvür edin ki, türk qadınının qulağından sırğasını, biləngindən bilərziyini almaq üçün onu qulağı və biləngi ilə birgə kəsib götürürdülər. Həmin insan da qanaxmadan ölürdü. Osmanlı 1915-ci ildə bu yolkəsən eşgiyalara(quldurlar) qarşı mübarizə aparırdı. Bu quldur dəstələri ən çox Osmanlının cənub-şərqində fəaliyyət göstərirdilər. Türkiyə diplomatlarına qarşı ermənilərin terrorları da bura daxildir”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 4863