hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Qərbə inteqrasiya nağıllarına inananlar...

Qərbə inteqrasiya nağıllarına inananlar...

Avropanın genetik dəyərlərini, təhsil mexanizmini, psixoloji rahatlığını, münasibətlər sistemini, siyasət məktəbini, mədəni quruluşunu, ədəbi mühitini, tənqid dözümlülüyünü mənimsəmədən oraya inteqrasiya mümkünsüzdür. Bəlkə də bunun sadə səbəbi Qərbin intibah dövründə törənən faciə və müharibələrdən, inkvizisiya məhkəmələrindən, dinin həqiqətən dövlətdən ayrılma mürəkkəbliyindən doğan qorxudur. Axı Şərq üçün həmişə insan dəyəri daha üstün olub. Amma…

Şərqin bütün mənəvi gücünü yox ediblər, fəlsəfi təfəkkürünü, yaşam eşqini əridiblər. Şərq heçnəsiz qalıb. Bu səbəbdən xilası başqa sivilizasiyaların modelini götürməkdə görürlər. Avropa cəmiyyətinin azad fikir, milli düşüncə platformasını yaratmaq uzağı yarım əsr vaxt aparar, təbii ki, idarəetmə sisteminin başında duranlar istəsə. Şərq insanı istibdada dözümsüz olduğu üçün daima qaynayıb, etirazlar edib, üsyan və çevrilişlər törədib, qanlar axıdıb. Sadəcə despotik rejimlər Qərbi inandıra biliblər ki, Şərq insanı demokratiyaya hazır deyil, şərqlilər azadlığı həzm etmir, azad olsa xaos yaradar və s. Halbuki Şərq insanı qədər azadlıqsevər sivilizasiya yoxdur.

Şərqlilər sufidir, filosofdur, ruhanidir, müdrikliklə doludur, Yerin-Göyün sirrini biləndir, təbiətin nəbzini tutandır, təmkin doludur, məzlumun yanında, zalımın qarşısındadır. Ən başlıcası, dünyanın ədalət carçısıdır. Lakin bu gün öz gücünü münaqişə və hərbi-siyasi təzyiqlə göstərən Qərb ideologiyası humanizmdən çox uzaqdır. Bu ideologiya Şərqin siyasi mənzərəsinin ssenari müəllifidir. İnsanları zillətə salan da onlardır, demokratik çağırışlar edən də, insan haqlarının müdafiəçisi rolunu oynayanlar da. Dahi Çaplinin “Körpə” filmində olduğu kimi, mənfəət əldə etmək üçün əvvəlcə gizli şəkildə evlərin pəncərələrini sındırır, sonra şüşə ustası kimi gəlib pəncərələri təmir edir. Bu gün şərqliləri Şərqdən iyrəndirmə prosesi gedir, özünü bəyənməmə, mərkəzdənqaçma gedişi davam edir. 

Əgər 1 əsrə yaxındır Qərb Şərqi dəyişə, özünə oxşada  bilmirsə, deməli, başqa yola əl atmalıdır. Ötən əsrin 60-cı illərində Müəmmar Qəddafi, Hüsnü Mübarək, Hafiz Əsəd, Səddam Hüseyn, Yasir Ərəfat kimi liderlər yetişdirib bütün varlı Şərqi ələ keçirdilər, insanlar onilliklər boyu zillətə düçar edildi, lakin nəticəsi olmadı. Olsa-olsa, Qərbin siyasi dəllalları və yerli hakim zümrələr milyonlar səltənətinə sahibləndilər. İngilislərin Hindistandan daşıdığı milyon tonlarla qızıllar, fransızların Afrikadan oğurladığı tonlarla almaz, Çindən, İraq və Suriyadan aparılanlar dünyanın əsl faciəsi oldu. Planetimizin mülkünü qamarlamaq üçün iki dünya savaşı çıxarıldı, milyonların canına qıyıldı. Lakin Qərb bununla kifayətlənmədi, enerji resursları uğrunda daha sərt müharibəyə girişdi – soyuq müharibəyə. Razılaşmayan hökumətlər devrildi və xalqlar zillət çəkdi.

Qərbə inteqrasiya nağıllarına inananlar qısa zamanda xəyal qırıqlığına uğrayırlar. Bizim məmləkətdə yaşayan bəzi kəsimlər də təəssüf ki, avropalaşma xəyalındadır. Onlar bircə şeyi anlamırlar ki, avropalaşma yalnız Avropada, Qərbdə yaşamaqla mümkündür. Bura isə Şərq sivilizasiyasıdır. Biz ancaq Şərqə inteqrasiya edə bilərik...

Səbuhi Rəhimli
Cebhe.info


Oxunma sayı: 3786