hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Qeyri-neft sektorunun gəlirləri: Rəqəmlər ziddiyyətlidir

Qeyri-neft sektorunun gəlirləri: Rəqəmlər ziddiyyətlidir

Rəşad Həsənov: “Qeyri-neft sektorunun büdcə payı 3 faiz bəndi artacaq”

2019-cu ildə Azərbaycanda qeyri-neft sektorunun dövlət büdcəsində payı müəyyən qədər artmışdı. 

2020-ci il üzrə də analoji artımın olacağı fərqli rəqəmlərlə deyilir. Belə ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı, qeyri-neft sektorunda da əhəmiyyətli artımın gözlənildiyini demişdi. Nazir qeyd etmişdi ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır.

Mediada yayılan Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində isə kifayət qədər fərq yaranıb. Bildirilir ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində qeyri-neft sektorunun payı 2018-ci ilin icra və 2019-cu ilin gözlənilən icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 16,4 faiz (1 496,1 milyon manat) və 12 faiz (1 136,8 milyon manat) artacağı gözlənilir. Neft sektoruna gəldikdə, növbəti ildə 2018-ci il və 2019-cu ilin proqnozlaşdırılan icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 1 faiz (129,5 milyon manat) artım və 1,2 faiz (170,3 milyon manat) azalma gözlənilir. Ümumilikdə, 2020-ci il üçün proqnozlaşdırılmış dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payı 13 530,0 milyon manat və ya 56,1 faiz, qeyri-neft sektorunun payı isə 10 604,5 milyon manat və ya 43,9 faiz təşkil edib. Qeyd edək ki, ölkə başçısının 22 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, 2020, 2021, və 2022-ci illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisi üzrə hədəf göstəriciləri müvafiq olaraq 30,1 faiz, 29,1 faiz və 28,1 faiz müəyyən edilib. Maliyyə Nazirliyi bildirir ki, müəyyən edilmiş fiskal çərçivə və dövlət büdcəsinin 2020-ci ilə olan xərcləri nəzərə alınarsa, 2020-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 29,1 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da hədəf göstərici olan 30,1 faizdən daha aşağıdır. İqtisadiyyat Nazirliyinin ortamüddətli dövrdə qeyri-neft ÜDM-in artımına dair proqnozları əsas götürülərsə, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti orta müddətli dövrdə də hədəflənən azalma dinamikasından daha sürətlə azala bilər.

“Cümhuriyət” qəzeti məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Ekspert qeyd edib ki, son günlər kütləvi informasiya vasitələrində 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payının 12 faiz artacağı barədə yayılan məlumatlar əsassızdır:

“Belə ki, 2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı (xüsusi çəkisi) cəmi 3 faiz bəndi artaraq 43.9 faiz olacaq. Ümumilikdə isə yenə də büdcə gəlirlərinin 56.1 faizi neft sektorundan birbaşa daxilolmalar hesabına formalaşacaq. 12 faiz artım dövlət büdcəsinin qeyri-neft sahəsi üzrə gəlirlərində proqnozlaşdırılır. Amma bunun sektorun büdcədəki payına təsiri 3 faiz bəndi olacaq”. 

Ekspert onu da qeyd edib ki, neft sektorundan büdcə daxilolmaları cari illə müqayisədə 1.2 faiz daha az proqnozlaşdırlır: 

“Bunun da əsas səbəbi neftin qiymətinin növbəti il üçün 5 dollar az (bir barel üçün 55 ABŞ dolları) proqnozlaşdırılması səbəbindən sektordan vergi daxilolmalarının 2019-cu illə müqayisədə daha az azalmasıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1475