hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

QHT-lərin rolu artır: “İctimai nəzarətin təşkili çox vacibdir” - Mübariz Göyüşlü

QHT-lərin rolu artır: “İctimai nəzarətin təşkili çox vacibdir” - Mübariz Göyüşlü

“Demokratik cəmiyyətin əsas məqamlarından biri də dövlət qurumları və məmurlar üzərində ictimai nəzarətin təşkil olunmasıdır. Bu istiqamətdə medianın və QHT-lərin çox böyük rolu var. Prezident İlham Əliyev müntəzəm olaraq öz çıxışlarında bu məsələlərə toxunur, hər dəfə vətəndaşları ictimai nəzarəti təşkil etməyə, ona dəstək olmağa çağırır. Dövlət başçısının media nümayəndələrini özünün köməkçisi adlandırması, jurnalistlərin yaydığı məlumatlar vasitəsilə bəzən problemli məsələlərlə tanış olması da çox təqdirəlayiqdir. Son çıxışlarından birində Prezidentin QHT-lərə çağırış etməsi, onları ictimai nəzarətin təşkilinin vacibliyinə çağırması çox mühüm amildir”.

Bunu Cebhe.info-ya açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Onun sözlərinə görə, bəzən QHT-lər haqqında yanlış təsəvvür yaradılmağa cəhd edilsə də, real durum fərqlidir: “Azərbaycandakı QHT-lərin fəaliyyəti ilə yaxından tanış olmayan, onları çox vaxt qərəzli şəkildə "qrant yeyən"lər adlandıraraq gözdən salanlara da cavab olaraq demək istəyirəm ki, bizim ictimai təşkilatlarımız çox iş görürlər. Üçüncü sektor adlandırılan QHT sahəsində çox fəal, dövlət və dövlətçilik üçün çalışmalar həyata keçirən təşkilatlarımız, ictimai xadimlərimiz var. Onlar ən müxtəlif istiqamətlər üzrə çox faydalı işlərlə məşğuldurlar. Bu sahələrdən biri də ictimai nəzarətin təşkilidir. Əlbəttə ideal formada olmasa da hazırda QHT rəhbərləri və təmsilçiləri müxtəlif nazirliklərdə, icra hakimiyyətlərində təşkil olunan ictimai şuralarda təmsilçiliklə bu funksiyanı yerinə yetirməyə çalışırlar.

Dövlət başçısının QHT-lərə səslənməsi isə bu sektorun təmsilçiləri qarşısında ictimai nəzarət funksiyasını daha da gücləndirməyin vacibliyini qoyur. İndiyə qədər görülən işlərə baxış keçirilməli, müasir dövrün tələblərinə uyğun yeni vəzifələr müəyyən edilməlidir. Prezidentin büdcə təyinatından düzgün istifadə etməyən dövlət qurumlarını tənqid etməsi, bəzi məmurları cəzalandırması və s. QHT-lərin öz fəaliyyətlərini daha da gücləndirməyini zəruri edir. Hesab edirəm ki, bununla əlaqədar olaraq ictimai müzakirələr keçirilə, yeni təkliflər hazırlana, həm dövlətə. həm ictimaiyyətə təqdim oluna bilər. Bundan sonra həmin təkliflərdə əks olunan məqamlara uyğun olaraq daha da güclü bir şəkildə ictimai nəzarət işini təşkil etmək olar. Bu dövlət başçısının bizlərdən - QHT sektorunun təmsilçilərindən, ictimai xadimlərdən olan gözləntiləridir ki, bizlər də bunu doğrultmalıyıq”.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 6502