hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Qızlar kişi ixtisası seçir: Pozulmuş stereotip, yoxsa diplom həvəsi?-MÜSAHİBƏ

Qızlar kişi ixtisası seçir: Pozulmuş stereotip, yoxsa diplom həvəsi?-MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hər il imtahanlardan sonra gender aspektləri ilə bağlı təhlillər aparılır.

DİM sədri əlavə edib ki, son 15 ildə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı kifayət qədər artıb:

"Bu da o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. Hətta builki qəbul imtahanlarında Dəniz Akademiyasına 4 qız qəbul olunub".

Bu gün ali məktəblərə qəbul zamanı ixtisas seçimində qızların texniki sahələrə üstünlük verməsinin hansı amillərlə bağlı olduğu maraq doğurur.

Mövzu ilə bağlı Cebhe.info-nun müsahibi təhsil üzrə ekpert Elşən Qafarovdur:

-Bir vaxtlar "qadınlar yalnız müəllim, ya da həkim ola bilər" fikri üstünlük təşkil edirdi. Hazırda qadınların texniki ixtisasları seçməsi, bu istiqamətdə fikirlərinin dəyişməsindən, yoxsa "əsas odur ki, diplom olsun" kimi seçimdən irəli gəlir?

-Mən yenə də həmin fikrimcə qalıram ki, Azərbaycan gəncinin öz arzuladığı ixtisas üzrə təhsil almaq şansı cəmi 5 faizdən yuxarı deyil. Qızların texniki sahələrə getməsi, orada balın aşağı olması, necə olursa-olsun, ali məktəbə qəbul olmaq iddiası ilə bağlıdır. Çünki bu abituriyentlər ailənin büdcəsi hesabına repetitor yanına gedirlər. Burada iki amil var, ilk olaraq nə olursa- olsun ali məktəbə qəbul olunmaq düşüncəsidir. Abituriyentin arzuladığı ixtisasa düşməsi üçün valideynin bir uşağı ikinci dəfə yenidən minimum 2000-2500 manat xərcləyib repetitor yanına göndərmək imkanı yoxdur. Bu, ailənin sosial vəziyyəti ilə bağlıdır. İkinci amil isə odur ki, əvvəllər oğlanlar hərbi xidmətə getdikləri üçün istənilən ixtisası seçirdilərsə, qızlar bir çox hallarda gözləyə bilirdilər. Artıq ailənin sosial vəziyyəti elə deyil ki, ikinci dəfə uşağa müəllim tutsunlar. Digər tərəfdən ictimai qınaq var ki, filankəsin uşağı ali məktəbə daxil ola bilmədi. İlk növbədə fikirləşək ki, bu gün həmin sənəd verən, texniki sahəni seçən qızların neçəsi uşaqlıqdan arzu edib ki, bu ixtisası seçsin. Nə qədər ki, tələbə qəbulunu həyata keçirən DİM-in qrup imtahanları var, hansısa bir gəncimiz, tək-tək hallarda ola bilsə də, ümumilikdə arzuladığı ixtisası seçə bilməyəcək. Abituriyentlərin istədiyi ixtisas üzrə ali məktəbə qəbul olmaq şansı çox azdır. Biz o vaxt gənclərimizin texniki, yaxud humanitar sahəni seçdiyini deyə bilərik ki, imtahanlar ixtisaslar üzrə keçirilsin. Hazırkı vəziyyətdə hesab edirəm ki, bir çox hallarda texniki sahələrə üstünlük verilməsi orada balın aşağı olması ilə bağldır. Ona görə də DİM-in imtahanlarında struktur dəyişikliyi vacibdir və biz gecikirik. Qrup imtahanları ləğv edilib, ixtisas imtahanları olduqda, kimin hansı ixtisası seçdiyini biləcəyik.

-Kişilərin ixtisas seçimində əmək bazarının rolunu necə dəyərləndirirsiniz?

-Bugünkü cəmiyyətdə çox ağrılı məsələdir. Əslində dövlət əmək bazarının tələblərinə uyğun kadr hazırlanır. Bu, Konstitusiyanın 35-ci maddəsinin 8 -ci hissəsində də öz əksini tapıb. Ancaq əmək bazarını öyrənə bilirikmi və realda əmək bazarında olan iş yerlərinin sayı nə qədər realdır? İstənilən bir yerdə yüksək əmək haqqı verir, sistemdə 250-300 manat göstərilir, qalan hissə paket şəklində ödənilir. Əmək bazarını öyrənən real sistem yoxdur. Bunun üçün ilk növbədə işlər leqallaşmalıdır. Bunun üçün də çox geniş, 3-5 illik vergi güzəştləri olan, dəstək mühiti yaradılmalıdır ki, insanlar öz real gəlirlərini gizlətməsinlər. Ölkədə böyük bir vergi amnistiyası keçirilməlidir. Vergidən yayınan və iş yerlərini gizlədən şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Düşünürəm ki, bu gün ölkədə əmək bazarının öyrənilməsi 10-15 faizdən yuxarı keçmir. Reallıqda işlər həddindən artıq çoxdur. Ona görə də Məşğulluq Mərkəzləri əhalini çox cüzi şəkildə işlə təmin edə bilir. Halbuki iş yerləri olsa da, bu öyrənilmir. Nə qədər ki, biz əmək bazarını üzə çıxarmamışıq, hansı sahədə nə qədər kadrın lazım olduğu problem olaraq qalacaq. Bunun üçün əmək bazarı şəffaf mühitə keçməlidir. Ona görə də əmək bazarını öyrənmək çətin olacaq. Zaman-zaman dəb olan ixtisaslar olub. Məsələn, 90-cı illəri götürsək, bu, daha çox humanitar və xidmət sahələri idi. 2000-ci illərdə isə bu, dövlət və bələdiyyə idarəetməsi idi. Sonralar bank işi, gömrük işi kimi ixtisalar oldu. İndi daha çox xarici dillərə və texniki sahələrə üstünlük verilir. Məqsəd odur ki, bu sahə üzrə gələcəkdə iş tapa bilsin. Ancaq reallıq budur ki, bu gün İKT sahəsi daha çox dəbdir. İş tapmaq ümidi təhsil sahəsində də var. Bilirlər ki, dərsi, əmək haqqı az olsa da, stabil işdir. Bu baxımdan ümumilikdə ölkədə əmək bazarının öyrənilməsi üçün çox böyük işlər görülməlidir. Burada həm Nazirlər Kabineti, yaxud ƏƏSMN yanında xüsusi qurum olmalıdır ki, əmək bazarını mütəmadi öyrənə bilsin. Yaxud da bu sahədə ictimai institutlar da gücləndirilməldir.

-Qadınlar müxtəlif sahələrdə çalışır. Mövcud həyat şəraiti qadınlarda yalnız müəllimliyi deyil, digər ixtisasları, o cümlədən texniki sahəni seçməyə maraq oyada bilərmi? Məsələn, bu gün Dənizçilik Akademiyasını seçən abituriyentlər var.

-Qadınlar bu gün istər ictimai, istər iqtisadi iş həyatında geniş mövqelərə malikdirlər. Dövlət, özəl sektorlarda çalışan qadınların sayı getdikcə artmaqdadır. Bu, yalnız bizim ölkədə deyil, bütün dünyada gedən prosesdir. Ölkənin Birinci vitse-prezidenti xanımdır. Bir çox idarə və təşkilatların rəhbəri xanımlardır. Qadımların ictimai-sosial-iqtisadi həyatda rolu, mövqeləri getdikcə genişlənir. Ancaq bunu ixtisaslarla bağlamaq bir qədər doğru olmazdı. Azərbaycan gənci dünyada yeganə şanssız gəncdir ki, öz arzuladığı ixtisasa düşmək ehtimalı 5 faizdir. Bu sahədə illərdir ki, həyəcan təbili çalırıq. Ölkədə ali təhsil müəssisələrinin sayı artıb, 40-dan yuxarıdır. Kim hansı ixtisası istəyirsə, həmin ixtisası seçsin. Ancaq qrupla seçimin əziyyətini illər sonra çəkəcəyik. O ki qaldı Dənizçilik Akademiyasını seçənlərə, indi kodlaşdırma da bir biznesə çevrilib. Bununla da xüsusi məşğul olan adamlar var. Həmin ixtisası seçən qızlar deyə bilərlər ki, özləri arzulayıb bu ixtisası seçiblər, yoxsa ali məktəbdən geri qalmamaq üçün seçiblər, ya da kodlaşdırmada səhv olub ora düşüblər. Ancaq reallıq budur ki, Azərbaycan mühitində müxtəlif sahələrdə ildən-ilə qadınların əhatəliliyi artır. Məsələn, son 6 ildə Azərbaycan ümumtəhsil məktəbində çalışan qadınların sayına görə dünyada 6-cı yerdən 1-ci yerə gəlmişik. Bu sahədə çalışan müəllimlərin, işçilərin 83 faizi qadınlardır.

-Sizcə qadınların ümumtəhsil məktəblərində üstünlük təşkil etməsi kişilərin müəllimlik ixtisasını seçməməsindən irəli gəlir?

-Mən hər zaman bu fikrimdə qalıram ki, biz Şərq cəmiyyətində yaşayırıq. Bu cəmiyyətdə ailənin başında hər zaman kişi dayanıb, bizim ətrafımızda çoxlu qadın qohum-əqrəbalarımız olub ki, uşaqlarını atasız böyüdüblər. Hətta atalı uşaqlardan da yaxşı böyüdüblər. Ancaq yenə də onlara atasız uşaqlar deyiblər. Məktəb, təhsil, tərbiyə də bir ailədir, mühitdir. Düşünürəm ki, kişilərin məktəblərdə sayının getdikcə azalması genefondumuza böyük zərbə vurur və vuracaq. Bu baxımdan müəyyən məsələlər var ki, məsələn, müəllimlərin əmək haqqı indiki mühitdə iki dəfə artırılmaldır. Məktəblərdə rəhbər vəzifələrdə balans gözlənilməlidir. Ümumilikdə məhz təhsildə qadınların bu qədər sayının artması çox mənfi nəticələrlə üzləşir. Bunun ağır nəticələrini yaxın 10 ildə görəcəyik. Artıq bunu görürük, 5-6 il bundan öncə məzun olanlar hazırda valideyndirlər və onların məktəbə, müəllimə, cəmiyyətə olan baxışları tam fərqlidir, çox aqressivdirlər. Ona görə də mən bunun bir səbəbini də məhz elə məktəblərdə gender bərabərliyinin pozulması, kişi müəllimlərin məktəblərdən uzaqlaşması, bütün ümumtəhsilin yalnız qadınların ümidinə qalması kimi problemlərlə əlaqələndirirəm.

-Tədrisin yaxşı təşkil olunmaması, şagirdlərin repetitor ümidinə qalmasının bir səbəbi də məktəblərdə kişi müəllimlərin sayının azlığından irəli gəlirmi?

-Məsələ odur ki, vəziyyət idarəolunan səviyyədə deyil. Bu gün Təhsil Nazirliyi təhsil prosesini idarəetmək iqtidarında deyil. Səbəb son 10 ildə təhsillə bağlı olmayan insanların rəhbər vəzifələrə gətirilməsidir. İstər təhsil, istərsə də digər sahələrdə çox eybəcər tendensiya var ki, kim xaricdə təhsil alıbsa, gəlib işləyə bilər. O zaman bizdəki ali təhsil müəssisələrini bağlayın, kim xaricdən gəlibsə, o işləsin. İstənilən bir müsabiqədə kim xaricdə təhsil alıbsa, işi bilir-bilmir, o sahəyə aidiyyəti oldu-olmadı, birinci onu qabağa verirlər. Bütün kadrları sıradan çıxarıblar. Nəticədə nəzarət sistemi itib. Ümumilikdə isə kişilərin təhsildən getməsi də normaldır. Yəni heç bir ailə başçısı 300-500 manata ailə saxlaya bilmir. İndiki halda kişilər gedib bazarda araba sürməyi daha üstün tuturlar ki, daha artıq qazana bilsin. Ümumilikdə isə kişilərin təhsildən getməsi yalnız bu günün problemi deyil, yaxın onilliklərdə genefondumuza çox böyük zərbədir.

-Problemdən çıxış yolunu nədə görürsüz?

-Müəllimlərin əmək haqqı ən azı iki dəfə artırılmalıdır. Təhsil Nazirliyi ikinci ildir ki, sertifikasiya keçirməyə sanki tərəddüd edir. Məktəblərdə hər kəsin bacarığı, qabiliyyətinə, əldə etdiyi uğurlara görə diferansiallaşdırılmış əmək haqqı sistemi tətbiq olunmalıdır. İşlər çoxdur, əsas odur ki, bu işləri görmək istəyən olsun. Mən 2017-ci ildən bəri bir neçə dəfə təkliflərimi nazirliyə təqdim etmişəm. Əgər hökumət istəyərsə, cəmi 3 il ərzində heç bir əlavə maliyyə vəsaiti olmadan bu gün ümumtəhsildə olan bütün problemləri aradan qaldırar. Ancaq təəssüf ki, TN sanki dövlət qurumu statusundan çıxıb, layihələrin tender mərkəzinə çevrilib. Layihələrlə nə qədər pullar göyə sovrulur, heç bir nəticə də yoxdur. Hamının başı qarışıb ki, öz yaxınına, qohumuna bir layihə ötürsün. Təhsili idarə etmək, dövlətçiliyə xidmət yaddan çıxıb. Çox böyük faciədir. Mən bu yaxınlarda da müraciət etmişdim. Ölkə başçısı təhsillə bağlı məsələni nəzarətə götürməsə, bunun nəticəsi Qarabağla bağlı çəkdiyimiz 30 illik acılar kimi ağır olacaq və artıq biz bu acıları hiss etməkdəyik.

Nigar Abdullayeva
Cebhe.info


Oxunma sayı: 3653